22 Avqust 2017 08:17
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Robotexnika və süni zəka sahəsində fəaliyyət göstərən şirkət sahibkarları, döyüş robotlarının qadağan olunması tələbi ilə BMT-ə açıq məktub göndəriblər.

Teleqraf.com "technote"yə istinadən xəbər verir ki, mütəxəssislərə görə, silahlanmış robotlar, hərbi konfliktləri daha irimiqyaslı və dəhşətli etməklə yanaşı öz təsirlərinə görə nüvə silahı ilə bir səviyyədə ola bilərlər.

Qadağanın qoyulmasını 26 ölkənin İT sahəsinin 116 təmsilçisi tələb edib. Onların sırasında “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi Elon Musk və DeepMind laboratoriyasının rəhbəri Mustafa Suleyman kimi şəxslər var. Açıq məktubun müəllifləri BMT-dən döyüş robotlarının istehsalı və istifadəsinə qadağa qoyulmasını tələb edirlər. Məlumata əsasən BMT, dronların, pilotsuz tankların və digər avtonom silah növlərinin müzakirəsinə hazırlaşır. İT sahənin liderləri isə bu məktubu, müzakirənin başlanmasından öncə göndəriblər. Beləliklə onlar bu mövzu ilə əlaqəli potensial riski, BMT-yə çatdırmaq istəyiblər. Məktubun müəllifləri qorxurlar ki, hərbi robotlar, yeni silah yarışına (üçüncü hərbi inqilab) təkan verə bilərlər. Mütəxəssislərin fikrincə hərbi robotların yayılması, barıtın və nüvə silahının kəşfi ilə eyni səviyyədə olan hadisədir.

“Avtonom ölümcül silahın kəşfi, hərbi konfliktləri daha irimiqyaslı və sürətli edəcək. Robotlar, tiranların və terroçuların, günahsız insanlara qarşı istifadə edəcəkləri terror silahı olacaq. Avtonom silah növü həmçinin hack edilmə ehtimalında idarəetmədən çıxa bilər” – deyə Elon Musk və digər şirkətlər bildiriblər. Robotexnika və süni zəka sahəsində çalışan şirkət nümayəndələri məktubda tələb edirlər ki, hərbi robotlar, 1983–cü ildə qəbul olunmuş xüsusi konvensiyaya daxil edilsinlər. Həmin konvensiya adi silahların konkret növlərinin qadağan olunması və ya məhdudlaşdırılmış istifadəsi üçün nəzərdə tutulub. Hələ keçən ilin Dekabr ayında BMT-nin 123 ölkə nümayəndəsi, avtonom robotların müzakirəsindən öncə bu silah növünün qadağan olunması üzrə səs vermişdi. Qeyd etmək lazımdır ki, bir çox ölkələr, hərbi konfliktlər üçün nəzərdə tutulmuş avtonom silah növlərini istehsal edirlər. Rusiya Federasiyası və ABŞ, pilotsuz tankları, Cənubi Koreya, avtonom pulemyotları, İngiltərə isə döyüş dronlarını yaradır.


Müəllif: Teleqraf.com