22 Avqust 2017 11:49
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada...

...Babam Xansuvar bəylə nənəm Arəstə xanım ötən əsrin 30-cu illərinin ortalarında Yevlaxın Kövər kəndində yurd salmaq üçün Kəlbəcərdən gecənin bir qaranlığında yola çıxmışdılar. Qiymətdə ağır, vəzndə yüngül nələri vardısa, atlarını qoşduqları arabaya yükləyib qaçmışdılar. Başqa çarələri yox imiş. Orada Xansuvar bəyi, ailəsini acı bir sonluq gözləyirmiş.

Əslində Kəlbəcər tərəflərə də sovet hökumətinin təqiblərindən yaxa qurtarmaq üçün Zəngəzurdan, Qubadlıdan qaçqın kimi gəlmişdilər. Babam Kəlbəcər ərazisində meşəbəyi vəzifəsinə düzəlib çalışırmış. Kəlbəcərin o zamankı daxili işlər komissarı babamgilin əsil-nəsəbindən məlumatlı imiş. Ara bir də bunu eyhamla xatırladırmış Xansuvar bəyə. Sadəcə, sinfi mənşəyinə görə gedər-gəlməzin bircə addımlığında olan babamla nənəm mənən iztirablı güzəran keçirirmişlər. Xansuvar bəyin ucaboy, yaraşıqlı səmənd atı varmış. Bir gün daxili işlər komissarının həmin ata gözü düşür. Xansuvar bəydən atını istəyir peşkəş kimi alsın. Təsəvvür etmək çətin deyil ki, atın da qeyrət rəmzi sayıldığı bir zamanda bəy hansı sarsıntı keçirərək məcbur qalır buna "razılıq" versin. Qaş qaralanda atını aparıb komissarın həyətinə salır və evə qayıdaraq dərhal qaçış tədarükünü görür. At elə həmin gecə çərləyib ölür. Səbəbini qohumlarımız belə izah edirdilər ki, at yiyəsində ayrı düşdüyünə dözməyib çərləyibmiş. Kim bilir... Daha ağla batan versiya odur ki, Xansuvar bəy sevimli atına yəqin zəhər veribmiş və qısa zamanda çərləyəcəyini bilirmiş. Çox güman, bu üzdən də qaçışa hazırlaşıbmış və bilirmiş ki, daxili işlər komissarı nə yolla olur-olsun hökumət adından onu şərləyərək tutduracaqdı...

Arəstə xanım Kövərdə ötən illərinin, atasının xiffətini-filan çəkə-çəkə ara sıra ağlayırmış. Babam ona deyir “daha bəsdir, şura hökuməti möhkəmlənir, şəraitə uyğunlaşmaq lazımdır, get işlə, başın qarışsın". Və yerli kolxozda bəy qızına təklif olunan iş də olur sağıcılıq. Babamın məsləhətilə sağıcılığa başlayır. Bununla Arəstə xanım ilk əmək fəaliyyətinə qədəm qoyur.

Fərasətli gənc xanım çox qısa zamanda özünü necə göstərirsə, onu ferma müdiri təyin edirlər. Və bir-iki ildən sonra da olur kolxoz sədri, hakim partiya sıralarına daxil olur. Bir gün də Azərbaycan kommunist partiyasının növbəti qurultayına nümayəndə seçilir. Qurultayda öz təşəbbüsü ilə təsərrüfat məsələlərindən nitq edir. Mərkəzi Komitə üzvlüyünə seçilmiş şəxslərin əvvəlcədən hazırlanmış siyahısı oxunanda Mircəfər Bağırov deyir Arəstə xanımı da salsınlar o siyahıya: nitqi xoşuna gəlibmiş. Xanım olur Azərbaycan KP MK-nın üzvü. Ertəsi gün Bağırova onun kimliyi haqqında geniş bir arayış təqdim edən Xalq Daxili İşlər Komissarlığının (məşhur NKVD) sədri bildirir ki, Bağırovun namizədi çar dövründə pristav olmuş, cumhuriyyət illərində isə Zəngəzur qəza rəisinin müavini işləmiş məşhur Şahsuvar bəyin qızıdır. Bağırov da qəzəblə göstəriş verir yoxlasınlar Arəstə xanım bu qurultaya necə gəlib düşüb. Araşdırırlar və öyrənirlər ki, xanımı qurultaya nümayəndə kimi o zaman məsul vəzifədə çalışan yazıçı Əli Vəliyevin tövsiyəsilə göndəriblərmiş. Əli Vəliyevi sorğuya çəkirlər, o da izahatında bildirir Şahsuvar bəy sovet hökumətinə müqavimət göstərməyib, öz əcəli ilə rəhmətə gedib, qızı da sovet hökuməti üçün təsərrüfat işlərində fəallıq göstərir və s. Əli Vəliyevdən əl çəkirlər. Arəstə xanım isə MK-nın rəsmən üzvü qalsa da, qurultayarası dövrlərdə onu bir dəfə də olsun MK-nın plenum yığıncaqlarında iştiraka dəvət etmirlər. Arəstə xanım sinfi mənşəyinə görə bir müddət bu etimadsızlıq mühitində işləməli olur.

...Müharibə vaxtı imiş. Xansuvar bəyin şəraitə uyğunlaşmaq tövsiyəsinə əməl edən Arəstə xanım növbəti manevrini edir: atasından qalan cehizli varidatını pula çevirir, bir tank qiymətində məbləği ölkənin müdafiə fonduna göndərir. Buna görə Stalindən rəsmi təşəkkür teleqramını alır. Belə teleqramlar o zaman qəzetlərdə də tirajlanırmış. Şura hökumətinin gözündə əsl bəraətini məhz həmin teleqramdan sonra qazanan Arəstə xanımın nüfuz və fəaliyyət dairəsi xeyli genişlənir.

Uşaqlıq çağımdan kiçicik bir epizod kimi xatirimdədir. Bir dəfə Arəstə xanım qərara gəlir sovet hökumətinin təqibləri üzündən, “rəiyyət” çuğulçularının əlindən uzun illər ayrı düşdüyü ata yurduna səfər etsin. Artıq təqib xofu-filan da arxada qalmışdı. Atası Şahsuvar bəy 30-cu illərin əvvəllərində rəhmətə getmiş, babam isə müharibədən sonra dünyasını dəyişmişdi. Arzusu vardı ki, özü ilə bərabər bizi də o yerlərə aparsın, əziz tutduğu atasının xatirəsini nə zamansa biz də yaşada bilək. Arəstə xanımla biz – Qasım Qasımzadənin ailəsi getdik Qubadlının Xocamsaxlı kəndinə, Şahsuvar bəyin malikanəsinin uçuqlarını ziyarət etdik. Oradan da yollandıq Xansuvar bəyin Dəstəyurdda qalan qardaş-bacı uşaqlarına baş çəkməyə. Bizim oraları ziyarətimiz yerli camaat üçün hadisəyə dönür, söhbət mövzusuna çevrilir. Söhbətlərin bəzisi, demə, heç də xoşagələn deyilmiş. Arəstə xanımın oradakı yaxınlarından biri danışır ki, yerli partiya fəalları, qocaman inqilabçı kommunistlər deyirmişlər “siz bir işə baxın, bunlar o zaman da hakimiyyətdə idilər, indi də...”

Arəstə xanım uzun illər yerli partiya komitəsinin katibi vəzifəsində çalışdı. Bu iş onu zaman-zaman təkcə Yevlax-Bərdə deyil, Kəlbəcər, Laçın, Qubadlı, hətta Göyçə mahalı camaatı arasında sözün həqiqi mənasında insanların qayğısına qalıb problemlərini həll etməyə çalışan xarizmatik bir ağbirçəyə çevirdi.

Heydər Əliyevin də ona xüsusi rəğbəti vardı. Onun bölgələrə səfərləri zamanı bir neçə dəfə görüşüblər də. Belə görüşlərin birində Azərbaycan rəhbəri Arəstə xanımdan Zəngəzurla, oradakı qohumları ilə əlaqə saxlayıb-saxlamadığını soruşur, ermənilərin Sisian ərazisindəki tarixi azərbaycan qəbirlərinin izini itirməyə çalışdıqlarından narahatlığını onunla bölüşür. Söhbətdə təsərrüfat işlərinin gedişini də ikilikdə müzakirə edirlər. H.Əliyev rayonu tərk etməyə hazırlaşanda Arəstə xanım ərklə ona deyir: “Salamatlıqla gedin. Amma əvvəlcə siz bizim çörəyimizi də yeməlisiniz, çayımızı da içməlisiniz!” H.Əliyev də gülümsəyərək “Doğru deyirsiniz, mən sizin yeməyinizi də yeməliyəm, çayınızı da içməliyəm” deyib səfər cədvəlini pozur, təsərrüfat sahəsində açılan stol arxasındaca Arəstə xanımla, bir neçə başqa təsərrüfat fəalı ilə nahar edir. Ayrılanda Arəstə xanımdan hansısa bir xahişinin olub-olmadığını soruşur. Xanım “Yalnız Sizin sağlığınız” desə də H.Əliyev yenə soruşur və yenə eyni cavabı alandan sonra israr edir. Arəstə xanım da “Madam təkid edirsiniz, deyim, yeganə xahişim budur, Qasımdan muğayat olun” deyir. H.Əliyev gülərək “Qasıma nə olub axı, ölkədə tanınmış şairdir...” deyib Arəstə xanımı bağrına basır.

Qasım Qasımzadə ilə bağlı narahatlığı Arəstə xanımın ürəyində lap əvvəllərdən kök salmışdı. 1951-ci ildə Q.Qasımzadəni sinfi mənşəyinə görə aspiranturadan çıxarmış, sonradan Ali Sovetin Rəyasət Heyətinin sədri Nəzər Heydərovun müdaxiləsi ilə aspiranturaya bərpa etmişdilər. Arəstə xanım bir müddət narahatlıq yaşayıb ki, öz atası Şahsuvar bəyə görə övladı Qasım da əziyyət çəkər. Qohumlarımız danışır ki, fəaliyyətinin gur çağında bəzi insanların yanında Qasım Qasımzadənin onun oğlu olmasını hətta danıbmış da...

Taleyi elə gətirir ki, Arəstə xanım oğlunun 1993-cü ildə vəfatından sonra həmin il dünyasını dəyişir. Hakimiyyətə yeni gəlişində H.Əliyev Yevlaxa icra başçısı təyin edərkən Arəstə xanımı soraqlayır. Rəhmətə getdiyini bilincə, yeni icra başçısına tapşırır xanımın qohumları üstündə gözü olsun.

Arəstə xanımın H.Əliyevlə görüşünün şəxsən məndən ötrü izsiz ötüşməyən bir ayrıntısı da var. 1995-ci ildə Milli Məclisə seçkilərdə iştirak edirdim. Bölgələrin birindən seçkiyə iki namizəd buraxılmışdı: biri məndim, digəri tanınmış yazıçılarımızdan biri. Sonradan seçkinin nəticələrindən narazı qaldığımı ifadə etdiyim bir mətbuat konfransında o hörmətli yazıçının ünvanına iradlarımı bildirmişdim. Bundan sonra “Azərbaycan” qəzetində əleyhimə bir məqalə dərc edildi. Qəzetin həmin sayında H.Əliyevlə Arəstə xanımın görüşündə çəkilmiş bir foto yerləşdirilmişdi. Və mənə çox xoş idi, indi də xoş əhvalda xatırlayıram ki, eyni binada yaşadığımız qonşum, əleyhimə kəskin yazını verməyə məcbur qalmış baş redaktor, yazıçı Əmir Mustafayev könlümü Arəstə xanımın xatirəsindən keçən bir yolla almağa çalışmışdı...


Müəllif: Teleqraf.com