22 Avqust 2017 14:15
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal Gənc Liderlər Forumu bu gün öz işini panel iclasları ilə davam etdirib.

Teleqraf.com-un məlumatına görə, iclaslarda “Qadın və kişilər fərqli şəkildə liderlik edirmi?”, “Mədəniyyətlər fərqli şəkildə yönləndirir?”, “Nəyi mənimsəyib, nəyi öyrənə bilərik?” sualları ətrafında müzakirələr aparılıb.

Ukraynanın sabiq birinci xanımı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvü Katerina Yuşşenkonun moderatorluğu ilə keçirilən panel iclasda Bolqarıstanın sabiq prezidenti, NGBM-in üzvü Rosen Plevneliev, Avropa İttifaqının Liviyadakı keçmiş səfiri Farida Allaghi çıxış edib.

K.Yuşşenko qadın və kişi təbiətinin onların liderlik bacarıqlarına olan təsirindən danışıb. O bildirib ki, qadınlar daha çox iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi fəaliyyət göstərir: “Qadınlar övladlarının həyatında daha çox rol oynayır, nəinki kişilər. Dünyada xanımlara olan münasibət fərqlidir. Bu da bizim həyat tərzimizə təsir göstərir. Bu həm də ölkələrin milli mədəniyyətindən asılıdır. Rusiya, Asiya ölkələrində qadına münasibət Amerikada olduğundan fərqlənir, bu da tamamilə təbiidir”. O, həmçinin qloballaşma şəraitində insanların bir-birilərinə anlayışla yanaşmalarının vacibliyini qeyd edib.

R.Plevneliev prezidentliyi dövründə qadınların hakimiyyət strukturlarında təmsil olunması haqqında danışıb. O, bir çox ölkələrdə, təşkilatlarda qadınların liderlik təcrübəsi ilə bağlı fikirlərini bölüşüb. Sabiq prezident qadınların hökumət strukturlarında təmsil olunmasının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. İdarəçilikdə kişilərin və qadınların komanda kimi birlikdə çalışmalarının vacibliyinə toxunan sabiq prezident fərqliliklərin, mədəniyyətlərin liderliyə təsirindən də danışıb. Müxtəlif ölkələrdə qadınların cəmiyyətdə rolu və liderlik təcrübəsi barədə fikirlərini bölüşüb.

Farida Allaghi Səudiyyə Ərəbistanında qadınların vəziyyətinə toxunub, müasir qadınların nailiyyətlərinin kişilərə nisbətən daha çox olduğunu bildirib. O, müxtəlif mədəniyyətlərdə uşaqların tərbiyəsinə münasibətin fərqli olduğunu vurğulayıb. F.Allaghi kişilərin hökmran ruhda böyüdülməsinin bəzi hallarda qadınların hüquqlarının pozulması, yaxud məhdudlaşdırılması üçün psixoloji zəmin yaratdığını bildirib. Sabiq səfir vurğulayıb ki, bu gün əksər universitetlərdə alimlərin 70 faizini qadınlar təşkil edir. Səudiyyə Ərəbistanında, Küveytdə sahibkarların əksəriyyəti qadınlardı.

Sonda gənc liderlərin sualları cavablandırılıb və panel iclası müzakirələrlə öz işini davam etdirib.


Müəllif: Səxavət