29 Avqust 22:05
579

Ötənlərdə İstanbulda auksiondan nadir bir fotoşəkil əldə etdik. Fotoşəkildə Türkiyənin məşhur sənətçisi Esin Afşar və maestro Niyazi bir arada təsvir olunublar. Şəklin arxasında yazılıb: 19.09.1972. Bakı. Filarmoniya orkestrinin şefi Niyazi Tağızadə ilə”.

Esin Afşarın 1972-ci ildə Bakıya gəldiyini bilirdim. Amma 1970-ci illərin mətbuatını izləmək hələ ki imkan xaricində olduğu üçün daha başqa və dəqiq bir mənbəyə müraciət etdik – Esin Afşarın xatirə kitabına.
1995-ci ildə “Arion” nəşriyyatından çap olunan “Anılar yanıltır mı?” kitabının bir bölümü “Sovyetler Birliği turne notları” adlanır. Bu hissədə sənətçi Sovet İttifaqındakı xatirələrini yazıb.

***

“Azərbaycanlılar çox zəngindirlər”

Sənətçi 1972-ci ildə çıxdığı SSRİ qastrolunda Moskva, Frunze (indiki Bişkek), Aşqabad, Daşkənd, Düşənbə şəhərlərindən sonra Bakıya gəlir. Bakı ilə bağlı xatirələrində ilk qeyd 18 sentyabr 1972-ci ilə aiddir: “Bu sabah erkəndən Bakıya hərəkət edirik. Oteldən çıxarkən küçədə konfrans üçün bir kürsünün hazırlandığını gördüm. Soruşdum. 18-24 sentyabr arasında Belorusiya Respublikasının mədəniyyət həftəsi imiş. “Hazırlıq buna görədir” deyirlər. Slavyan irqini üç yerə ayırırlar. Ruslar, beloruslar, ukraynalılar. Bir də diqqətimi çəkən, demək olar ki, hər getdiyimiz yerdə böyük bir lövhə üzərində fotoşəkillər və altlarında yazıların olması idi. Buna “yaxşı vətəndaş lövhəsi” deyirlər. Hər işdə boyaqçıdan mühəndisə qədər ən uğurlu olanların fotoları bu lövhələrə asılır, gördükləri işlər təriflənir... “Kirov” təpəsinə çıxıb buradan işıqlar içində Bakı və Xəzər dənizini seyr edirik... Kirovun heykəli böyükdür. Bakı üçün çox xeyri olmuş bir rus vətəndaşı imiş”.

Əlbəttə, dönəmin şərtlərinə görə Azərbaycan xalqının cəlladlarından biri olan Kirov haqqında sənətçiyə başqa cür məlumat verilməyəcəkdi.

19 sentyabr 1972-ci il tarixli qeydində sənətçi yazır: “Bu sabah ölkəmizə də bir neçə dəfə gəlmiş məşhur orkestr şefi Niyazi bəyin idarə etdiyi bir konsert məşqini dinləmək üçün konsert salonuna gedirik. Çaykovskinin “Romeo və Culiyetta” balet musiqisini idarə edir. Güclü bir dirijordur... Məşqdən sonra Niyazi bəylə görüşdük. Bu yaxınlarda 8 aylıq Türkiyəyə gedəcəkmiş. Adnan Sayqunun “Koroğlu” operasını və bir neçə operanı idarə edəcəkmiş. Bakıda da bir “Koroğlu” operası afişasını gördük. O da Niyazi bəyin əmisi olan Üzeyir Hacıbəyovun bəstələdiyi bir opera imiş. Niyazi bəyin bütün ailəsi musiqiçidir. Oğlu da Lissabonda bir yarışmada birinci olmuş pianinoçudur. O da ertəsi gün İtaliyaya konsert verməyə gedəcəyini söylədi. Bu arada 45 illik keçmiş xalq mahnıları ifaçısı olan Sürəyya Qacar xanımla da tanış oldum. Qaldığımız otelə yaxın bir meydanda hovuzun içində möhtəşəm bir heykəl vardı. Əlində qılınc tutmuş bir adam böyük bir buğa başlı ilanın başından tutub. Bunun mənasını soruşuram. Nazim Hikmətin “Fərhad və Şirin” dastanının simvolu olduğunu söylədilər. “Fərhad və Şirin” operasını da bəstələyiblər... Hava limanından Bakıya daxil olarkən yol boyunca neft quyuları var. Buna görə də azərbaycanlılar çox zəngindirlər”.

“Leninin ən yaxşı dostu imiş”

Sənətçi 21 sentyabr 1972-ci il qeydində yazır: “Şəhəri gəzirik. Məşhur dram və roman yazarı Nəriman Nərimanovun heykəlinin önündəyik. Leninin ən yaxşı dostu imiş. Nərimanovun məzarı Moskvada imiş. Heykəli Yeni Bakıda yerləşir... Bir qadın heykəli var. “Azad qadın” heykəli. 40-45 il öncə çadranı çıxaran ilk qadın imiş. Azərbaycan Dram Teatrının qarşısında Füzulinin heykəli var... Sonda Bakı sirkini gəzdik. Gözəl və böyük binası var. Buradakı işçilər sirk məktəbindən məzun olurlar, orada 4 il oxuyurlar... İlk konsertimizə azərbaycanlıların ən məşhur sənətçisi, bizdə də çox yaxşı tanınan Zeynəb Xanlarova gəldi. Otağıma gəldiyi zaman Türkiyədə konsertdə olarkən mənimlə tanış olmaq istədiyini, lakin həmin vaxt xaricdə olduğum üçün qismət olmadığını dedi”.

“Niyazi bəy çox zarafatcıl adamdır”

22 sentyabr 1972-ci il qeydində sənətçi yazır:
“Bu sabah Bakı Bəstəkarlar İttifaqına getdik. Bakının bütün dəyərli sənətçiləri bir araya gəlmişdi. Bizimlə tanış olmaq, bəstələrini dinlətmək istəyirdilər. Hamısı da rəsmi paltar geyinmişdilər. Maestro Niyazi medallarını da taxmışdı. Çox zarafatcıl və xoş bir adamdır Niyazi bəy. O, danışarkən səsini maqnitofonuma yazdım... Bəstəkarları dinləmək üçün salona keçirik. Öncə Vaqif Mustafazadədən pianino üçün bəstələnmiş modern bir əsər dinləyirik. Yenə eyni bəstəkardan “Qaragilə” adlı bir xalq mahnısını dinləyirik. İkinci olaraq Qaya Vokal Kvartetini dinləyirik. Bu qrup 1966-da “Bolqarıstan Qızıl Orfe” festivalında birincilik qazanıb, Sovet İttifaqında çoxlu mükafatlar alıb. Bir çox ölkələrdə qastrola çıxıblar. Onları dinləyərkən xatırlamış kimi oldum. Sonra mənə İzmirdə görüşdüklərini dedilər. O zaman onları dinlədiyim yadıma düşdü. Həqiqətən, güclü bir qrupdur. Zeynəb Xanlarovanın səsindən “Reyhan”ı dinlədik. “Reyhan”ın bəstəkarı Fikrət Əmirov da aramızda idi. Tofiq Quliyevdən “Gedər bu gözəllik, sənə də qalmaz” mahnısını dinləyirik. Mahnını Rəşid Behbudov oxudu... Səid Rüstəmovun “Gəlmədin” mahnısını azərilərin ən məşhur xalq mahnısı ifaçısı Şövkət xanım söylədi... Cahangir Cahangirovun bir bəstəsini dinləyirik. “Ana”. Çox duyğulu bir mahnıdır. Rəşid Behbudov oxuyur... Polad Bülbüloğlunun mahnılarını öz səsindən dinləyirik. Onu da deyim ki, Azərbaycanda konservatoriya məzunu olmayan səhnəyə çıxıb mahnı söyləyə bilmir. Yəni bizdəki kimi ucuz deyil bu işlər. Hər işdə olduğu kimi təhsil şərtdir... Polad Bülbüloğlu “Dilin can incidəndir” bəstəsini söyləyir. Poladın “Durnalar” adlı mahnısı da çox gözəldir. Niyazi bəyin çıxışı ilə toplantı sona çatır. Dəyərli musiqiçi deyir ki, “bizim mahnılarımızı durnalar kimi Türkiyəyə aparsınlar, orada çalsınlar, sevinsinlər”. Sonda plastinkalar hədiyyə edirlər, bəstəkarlar imzalayırlar”.
23 sentyabr qeydindən bəlli olur ki, sənətçi həmin gün Şirvanşahlar sarayını gəzib, rəssam Tahir Salahovla tanış olub.

“Plovu əllə yeyəcəyəm”

Sənətçinin 24 sentyabr qeydi çox maraqlıdır: “Azərbaycanlılar çox qonaqpərvərdilər. Türk, üstəlik sənətçi olduğumuzu üçün taksiyə minəndə sürücü, salona gedəndə saç ustası heç bir şəkildə pul almır. Flarmoniya üzvlərindən, xalqdan hədiyyələr yağır. Gecə konsertə Rəşid Behbudov gəldi. Konsertdən sonra çox bəyəndiyini söylədi. Axşam yeməyinə Moskva konsulumuz Əmrə bəy və xanımı ilə birlikdə Niyazi bəygilə dəvətli idik. Niyazi bəyin xanımı çox zəngin bir süfrə hazırlamışdı. Bir ara Niyazi bəy Azərbaycan plovuna baxıb “Uşaqlar, üzrlü hesab edin, mən bunu Azərbaycan üsulu ilə yeyəcəyəm” deyib plovu üç barmağıyla yeməyə başladı. Bu arada Türkiyədəki musiqi problemlərindən bəhs etdi. “Son gəlişimdə Türkiyəni musiqi baxımından çox aşınmış olaraq gördüm. Özünə xas musiqiniz itmiş, yerini ərəb, hind musiqisinə veribsiniz” deyir...”.

25 sentyabr qeydində sənətçi Səid Rüstəmovla bağlı bir məsələdən bəhs edir: “Səid Rüstəmov bizə dərdini danışdı. “Sürəyya” adlı bəstəsi Türkiyədə plastinkaya yazılıb, amma adını yazmayıblar. “Lütfən söyləyin bunu, çox üzgünəm” deyir”.

“Nazim Hikmət bir məktubunda yazır ki...”

Sənətçinin Bakı ilə bağlı son qeydi 26 sentyabr 1972 tarixlidir: “Bakıda son konsertimiz möhtəşəm oldu. Nə onlar bizdən, nə də biz onlardan ayrılmaq istəmirdik. Konsertdən sonra məşhur bəstəkar və müğənnilərin dəvəti ilə böyük bir ziyafət masasına əyləşdik. Bəstəkar Fikrət Əmirov bakılılar tərəfindən böyük şəxsiyyət kimi qəbul edilir. Nazim Hikmət ona yazdığı bir məktubunda “Əmir Fikrət, Nazim sənə həsrət” yazıb. Bu şəxs danışdıqca ona heyran oluruq. Böyük bir bəstəkar olmaqla yanaşı, böyük bir natiqdir həm də. Fikrət bəy 1967-ci ilin dekabrında Türkiyədə olub. Qars, Ankara, İstanbul, İzmir və Konyada Adnan Sayqun, Necil Kazım Akses və mərhum Ülvi Cemal Erkinlə bir arada olub. Fikrət Əmirov vida yeməyində çıxışına Cəlaləddin Ruminin “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün” sözləri ilə başladı... İzmirin bir kəndində neft lapmasının işıqlarında saz aşıqlarımızı dinləyib. O gecəni unutmur... Şərəfimə qədəh qaldırırlar... Fikrət bəy mənə bəstələrinin notlarını verdi. “Ən böyük istəyim sizin bir bəstəmi “Reyhan” kimi məşhur etməyinizdir” deyir və “Sizə layiq bir bəstə çıxarsa...” deyə əlavə edir. “Mən bəstənizə layiq olarsam” deyirəm... “Çanaqqala” türküsünü oxuyuram mən. Hər kəsdə qəribə bir həyəcan başlayır. Fikrət bəy xəyala dalır. Gözləri dolur. Ayrılıq saatı gəldi. Vidalaşırıq... Sabah çox erkən qalxmalıyıq. Moskvaya uçacağıq. Cahangir bəyin gözlərindən iki damla yaş süzülür. Bizim də...”.

Beləliklə, Esin Afşarın xatirələrindən öyrənirik ki, Azərbaycan bəstəkar və müğənniləri türkiyəli qonağa böyük sevgi göstərib, konservatoriyanın ən məşhur sənətçiləri xoş xatirələrlə qayıtmasına çalışıblar.
Arxivimizdəki həmin görüşlərdən xatirə qalan nadir fotonu təqdim edirik:


Müəllif: Dilqəm Əhməd