23 İyul 2014 18:54
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmkarlarımızın Milli Mətbuat günü əhval-ruhiyyəsində olduğu bir vaxtda “Məzuniyyət” rubrikasına da elə bu cameənin nümayənədsini dəvət etdik. Sözün əsl mənasında relaksı sevən, istirahətinə, səyahətinə xüsusi yer ayıran baş redaktorlardan biri kimi qonaq qismində “Səs” qəzetinin və eyniadlı informasiya agentliyinin rəhbəri Bəhruz Quliyevi seçdik.

Dost-tanışları Bəhruz Quliyevin əsl səyahətsevər olduğunu və xüsusilə ov etmək hobbisindən ağızdolusu danışırlar. Digər maraqları barədə özü məlumat verdi.

“Yetər ki, insan bunu istəsin”

-Bizdə istirahət mədəniyyəti son illər yaranıb. Sovet dönəmindəailəvi istirahət etmək haqqında fikirləşənlər çox az idi. İndi isə hər fürsətdə hamı ailəsini götürüb səyahət etməyə can atır. Amma qeyd etmək lazımdır ki, səyahət maddi vəziyyətlə birbaşa əlaqəlidir. Yəni maddi durum aşağı olanda istirahət heç yada düşmür.Çoxları istirahət deyəndə xaricə getməyi nəzərdə tutur və kənara çıxmağa çalışır. Amma kənara çıxmadan da normal bir ortamda da istirahət əhval-ruhiyyəsi yaratmaq çətin deyil. Yetər ki, insan bunu istəsin.Xarici turizm üçün Türkiyəni seçməyimiz normaldır. Məncə, Türkiyə turizm baxımından çox irəli gedib və təkcə azərbaycanlıların deyil, eləcə də bir çox ölkələrin diqqətini cəlb edir.Turizmin inkişafı baxımından Azərbaycan da Türkiyədən geri qalmır. Əvvəl olmasa da, indi istənilən bölgəmizdə xaricdəki kimi istirahət etmək mümkündür. Rayonlarımızda müasir tələblər səviyyəsində xeyli turizm mərkəzləri tikilib. Turizmlə bağlı dövlət proqramlarını həyata keçirilməsi, balıqçılıq, dağ xizəkçiliyi, ovçuluğun inkişafı ilə bağlı son illər xeyli işlər görülüb.Turizm inkişaf etdikcə cəmiyyətin özündə də istirahətə meyllik yaranır, turizm mədəniyyəti formalaşır. Son vaxtlar hətta xarici ölkələrdən ovçuluq turizminə görə Azərbaycana gələnlər var. Mən də bir ölkə vətəndaşı olaraq bundan bəhrələnirəm və hər şənbə-bazar günləri istirahətə vaxt ayırmğa çalışıram. Bunun üçün təbiət ən böyük varlıqdır. Fərqi yoxdur dəniz, meşə, dağ olsun, əsas odur təbiətdə olum.

“Kollektivin tez-tez bölgələrdə istirahətini təşkil edirəm”

-Etiraf edək ki, bizdə son illər formalaşıb ki, insan hökmən istirahət etməli, harasa getməlidir. Amma xaricdə şahidi olmuşam ki, ömrünün bəlkə də son günlərini yaşayan yaşlı insanlar da səyahətə gəlirlər. Bizdə ən ümdə məsələlərdən biri qazancımızıancaq dünya malından ötrü xərcləməyimizdir. Evi böyütmək, maşın almaq, güzəran qurmaq və sair sosial qayğılar üçün işləyirik ancaq. Amma insanın heç olmasa ayda bir dəfə özünə vaxt ayırması, yorğunluğunu çıxarması vacibdir. Şəxsən mən rəhbərlik etdiyim qurumun kollektivinin tez-tez bölgələrdə istirahətini təşkil edirəm. İnandırım ki, bu, onların iş fəaliyyətinə də müsbət təsir edir. Həm də işçilərin sosiallaşması, bir-biri ilə ünsiyyəti baxımından kollektiv istirahəti çox vacibdir. İnsanları bir-birinə yaxınlaşdırır. İstirahət o demək deyil ki, bütün büdcəni sərf edəsən, sonra da oturub peşmanlıq çəkəsən.Yayda rayonlara getməklə, qışda da restoranlarda toplaşmaqlakollektiv şəkildə çox maraqlı istirahət edirik. Yəni maraqlı istirahət üçün ölkədən çıxmağı gözləmək lazım deyil.

“Hər yerin öz dostları var”

-17-18 yaşlarımdan ovçuluqla məşğul oluram. Ova getmək hobbimdir. Ov yoldaşımın kimliyini açıqlaya bilmərəm, amma deyim ki, o da mətbuatda çalışır. Mən təbiətə düşmən kəsilməmişəm, amma bundan zövq alıram. Hər heyvanın ovlanma mövsümü var. Bu vaxta uyğun olaraq, qanuni icazə alırıq və gedirik. Ölkəmizin demək olar ki, bütün bölgələrində ov etmişəm. Ov üçün daha çox Quba, Oğuz, İsmayıllı, Şəkini seçirəm. Məqsədim soyqırım, hansısa heyvanın kökünü kəsmək deyil, bu sadəcə hobbidir.

İstirahət var ki, ailənlə olmaq istəyirsən, elə də olur ki, təkbaşına qalmaq istəyirsən. Mən daha çox dostlarımla səyahətə çıxıram. Tək olanda dənizə, bir də dağa gedirəm. Yəni dağda çadır qurub orada qalmaq üçün rayonlara tez-tez baş çəkirəm. Onu da vurğulayım ki, Azərbaycan kiçik bir ölkə olsa da, hər bir bölgəsinin, rayonun özünəməxsus qaydaları, özünə xas istirahət növü var. Ailəmlə istirahətdən böyük zövq alıram. Amma hər yerin öz dostları var.

“Bura o qədər fərqli yerdir ki, insanı cəlb edir”

-Xarici səfərlərdə tarixi yerlərə baş çəkməyə üstünlük verirəm. Modern şəhərlər demək olar ki, diqqətimi çəkmir. Yəni süni görünür. Ən çox sevdiyim Rio de Janeyro olub. Xüsusilə orada məşhur karnaval ərəfəsində olmaq xüsusilə maraqlıdır. Olduqca qəribə şəhərdir, həm qədimlik, həm də müasirlik¸ özünəməxsusuluğu ilə adamı sözün əsl mənasında heyran edir.Hətta insanları belə çox mehribandır. Düzdür, Braziliya kriminal zonadır, amma bura o qədər fərqli yerdir ki, insanı cəlb edir.

Səfərlərdə dillə bağlı problemim olmur. Dünya əsas üç dilin vasitəsilə ünsiyyət qurur – ingilis, rus, türk. Mən də bu dillər vasitəsilə əlaqə qurmağa çalışıram.

“Qadınlar kişilərə rəqib ola bilməz”

-İstər gəzmək, istərsə də istirahət üçün qadınlar kişilərə rəqib ola bilməz. Qadınların getdiyi yerdə gözləri ancaq şoppinqdə qalır, bazarlıq haqqında düşünürlər. Yaxşı istirahətin sirriniancaq kişilər bilir.
Getdiyim xarici ölkələrdən gələndə bazarlıqla, dolu zənbillərlə qayıtmaq xasiyətimə yaddır. Aldığım ancaq həmin ölkəni simvolizə edən bir əşya ola bilər. Başqa heç nə. Dünyaca məşhur olan elə bir bir firma yoxdur ki, onun Bakıda nümayəndəliyi, mağazası olmasın.Belə olan halda xaricdə niyə dükan-bazar gəzməliyəm ki? Yəni, məncə ya istirahətə getməlisən, ya da bazarlığa. İkisini bir arada təsəvvür etmirəm. Məncə getdiyini yerdə gəzmək daha yaddaqalan olur, nəinki o vaxtı alış-verişə vaxt sərf etmək.

“Çin mətbəxindən dadmaq fikrim yoxdur”

-Hər ölkənin özünəməxsus qaydaları var ki, getməzdən əvvəl onlar haqqında məlumatlı olmaq vacibdir. Məsələn, Brüsseldə küçədə gedə-gedə siqaret çəkmək tərbiyəsizlik hesab olunur.Ona görə də, internetdə axtarış edib, gedəcəyim ölkə barədə müəyyən məlumatlar öyrənirəm. Coğrafi mövqeyini, hansı ölkələrlə həmsərhəd olduğunu öyrənirəm. Ola bilər ki, getdiyim bir yerdən başqasına səfər edim.

Çoxları üçün qeyri ölkələrin mətbəxini dadmaq müşkül məsələdir. Amma mən digərlərindən fərqli olaraq getdiyim ölkələrdə ancaq həmin yerin mətbəxi ilə qidalanmağa çalışıram. Onsuz da öz mətbəximizi sevirik, yeyirik, ona görə də xarici ölkələrin mətbəx mədəniyyətini də müşahidə etmək lazımdır.
Yalnız bizə yad olan Çin mətbəxinin dadına baxmamışam və baxmaq fikrim də yoxdur. Ola bilər bizim ağız dadımıza uyğun qidalar var, amma dadmamışam. Qeyd etməliyəm ki, Azərbaycan mətbəxi qədər zəngin mətbəx yoxdur. Bizim mətbəxdə bəyənmədiyim yeganə xüsusiyyət çörəyi çox yeməyimizdir.

“İnsan var ki, hər cür təminatı var, istirahət mədəniyyəti yoxdur”

-Dünyanın harasına getsəm də, getdiyim yer haqqında ətraflı məlumat aldıqdan sonra yaşaya biləcəyim yeganə məkanın ancaq Azərbaycan olduğunu fərq etmişəm. Bakı üçün darıxmışam. Gördüyüm yaxşı görüntülərə içimdə qısqanclıq olub. İstəmişəm ki, ən yaxşı infrastruktur da, yeniliklər də hamısı Azərbaycanda olsun.

Yaxşı istirahət, səyahət üçün maddiyat vacibdir. Amma ikisinin bir arada olmasını şərt kimi qəbul edə bilmərəm. Çünki insan var ki, hər cür təminatı var, amma istirahət mədəniyyəti yoxdur. Bu və digər səbəblərə görə, maddiyatla istirahəti bir araya gətirmək olmaz. Az maliyyə ilə də istirahət etmək olar. Yetər ki, istək, həvəs olsun. İstirahət təkcə maddi tələblər çərçivəsində olmur, sevdiyin musiqini dinləmək, göz oxşayan mənzərəyə tamaşa etmək, sevdiyin yazarın əsərlərini oxumaq da istirahətdir.

“Gəzməkdən usanmaram”

-Xarici səfərlərdə çox olsam da, şəkillərimi sosial şəbəkələrdə paylaşmaq kimi həvəsim olmayıb. Düşünürəm ki, bu mənim özüm üçündür, getdiyim ölkələrdən xatirə qalsın deyə çəkdirmişəm. Düşünürəm ki, mənə aid olan şəkillər ancaq mənə aid olmalıdır elə. Görürsən kimsə dənizə gedir və yaxud da getdiyi əyləncə mərkəzlərindənşəkillər paylaşır. Buna pis baxımıram, amma şəkillərimin ictimailəşməsini istəmirəm.
Səyahət arzularım sırasında İtaliyada – Roma şəhərində olmaq var. Təbiətimdə tarixilik var və ona görə də elə yerlərə getməyə can atıram. İmkanım olan qədər səfərlər etmək istəyirəm. Yəni gəzməkdən usanmaram.

Naibə QURBANOVA


Müəllif: