11 Sentyabr 2017 17:02
2 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında vəfat edən Lütfi Zadənin nəşi yaxın günlərdə Azərbaycana gətiriləcək.

Bu gün səhər saatlarında nüfuzlu alimin Bakıda dəfn olunacağı da bəlli oldu. Hətta I Fəxri Xiyabanda alim üçün üç gün öncədən qəbir də qazılıb.

Lütfi Zadənin nəşi sənədləşmə işləri bitdikdən sonra bu həftə ərzində Bakıya gətiriləcək və onun vida mərasimi dövlət səviyyəsində təşkil olunacaq.

Teleqraf.com-un əməkdaşı I Fəxri Xiyabana gedərək, dünya şöhrətli alim üçün qazılan qəbrin görüntülərini çəkib.

Qeyri-səlis məntiq nəzəriyyəsinin banisinin qəbri Əli Bayramovla Qasım İsmayılovun məzarları arasında qazılıb.

Xatırladaq ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.

O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.

Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.


Müəllif: Elçin Murad