12 Sentyabr 13:50
251

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, bu ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib: “Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub”.

Hesabatda prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, o cümlədən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlər zamanı onlara ətraflı məlumat verilib və həyata keçirilən islahatlar, o cümlədən yoxlamaların 2 il müddətinə dayandırılması onlar tərəfindən yüksək qiymətləndirilib.

Bütün bunlar nəzərə alınaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanıb.

Qeyd edək ki “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanunu qəbul edilib və Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılıb.


Müəllif: İlhamə Əbülfət