12 Sentyabr 2017 15:03
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun səfirlik əməkdaşlarının Müslüm Maqomayevlə bağlı keçirilən tədbirlərdə iştirakına qadağa qoyması barədə yayılan məlumatlar tam yalan və böhtandır.

Səfirliyin mətbuat xidməti Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, sözügedən iddia əsasında bəzi KİV-lər qərəzli məlumat yayıb:

“Son dərəcə təəccüblüdür ki, bu kimi əsassız xəbərlər Azərbaycan Respublikasının YUNESKO-nun baş direktoru vəzifəsinə irəli sürdüyü namizədinə qarşı Qərb mediasında ölkəmizə qarşı edilən hücumlarla eyni zamanda yayılır. Bu, onu deməyə əsas verir ki, burada ölkəmizə qarşı xarici qüvvələrlə yanaşı, bəzi daxili qüvvələr də hücum etməkdədirlər. Bundan əlavə vurğulayırıq ki, bir aydan artıq müddətdir Moskvada olmayan Polad Bülbüloğlu namizədliyi ilə əlaqədar mütəmadi olaraq xarici ölkələrdə olur, müvafiq görüşlər keçirir”.

Vurğulanıb ki, əməkdaşların səfirliyə təyinatı və geri çağırılması birbaşa Azərbaycan Xarici İşlər Nazirliyinin səlahiyyətindədir.

Diplomatın səfirlik əməkdaşlarına “Maqomayevlə bağlı tədbirə getsəniz, sabah işə gəlməyin” kimi xəbərdarlıq etdiyinə dair iddiaya gəlincə, qeyd olunub ki, bu ifadə ölkəmizin mədəniyyətində və ictimai həyatında dərin iz buraxmış Polad Bülbüloğlunun danışıq tərzinə tam yaddır:

“Polad Bülbüloğlunun Müslüm Maqomayevlə olan münasibətləri isə şəxsi xarakter daşıdığından bu məsələnin KİV-də işıqlandırılması ən azından qeyri-etikdir. Ümumiyyətlə, belə əsassız xəbərlərin yayılması, gündəmə gətirilməsi və jurnalist adına iddia edən şəxslər tərəfindən heç bir araşdırma və dəqiqləşdirmə aparılmadan digər saytlarda yerləşdirilməsi məsələnin süni şəkildə qabardıldığı və müəmmalı məqsədlərə xidmət etdiyini ortaya qoyur”.

Qeyd edək ki, Polad Bülbüoğlunun opera ifaçısı Müslüm Maqomayevlə bağlı keçirilən tədirlərə qatılmadığı, hətta səfirlik əməkdaşlarına “Maqomayevlə bağlı tədbirə getsəniz, sabah işə gəlməyin” kimi xəbərdarlıq etdiyi iddia olunur. Səfirin 2011-ci ildə səfirliyin ərazisindəki parkda Maqomayevin heykəli qoyularkən müvafiq sənədə imza atmaqdan imtina etdiyi, sonradan razılaşdığı da iddialar sırasındadır.


Müəllif: Nərgiz Ehlamqızı