13 Sentyabr 2017 09:09
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 5 ulduzlu otellərə gələn turistlərə 2-3 ulduzlu otellərin xidməti göstərilir.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, bu və başqa səbəbdən turistlərin müəyyən narazılıqları var: “Turistlər istirahətdən, gəzməkdən, ölkəmizin mətbəxindən çox razıdırlar. Amma çatışmazlıqlar da gizli deyil. Bəzi bələdçilər savadsız, təşkilatçılıqları zəifdir. Otellərdə göstərilən xidmətlərin bəzisi keyfiyyətsiz olur. Qiymətlərin süni surətdə qaldırılması halları var. Ölkəmizdə 5 ulduzlu otelə gələn turist həmin səbviyyədə xidməti görmür. 5 ulduz yerinə, 2-3 ulduz xidməti göstərilir. Təbii ki, bu da turistlərin narazılığına səbəb olur”.

Müzəffər Ağakərimov bildirib ki, turistlərin narazılıqlarını aradan qaldırmaq bir günün işi deyil: “Azərbaycan Turizm Assosiasiyası üzvləri mütəmadi olaraq turizm şirkətləri və otellərin mencerləri ilə iclaslar keçirir. Onlara məsləhət və tövsiyələr verilir. Çatışmazlıqlar nəzərə çatdırılır, amma bəzi turizm şirkətləri və otellər bu iradlara laqeyd yanaşır və öz bildiklərini edirlər”.

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Qulizadə təmsil etdiyi qurumun apardığı sorğunun nəticələrindən danışıb: “Sorğuya görə, turistlər taksi sürücülərinin onları baha qiymətə aparması, bələdçi çatışmazlığı, həmçinin ölkədaxili turlar zamanı məlumat mərkəzlərinin azlığından şikayətlənirlər”.

Kənan Qulizadə qeyd edib ki, Azərbaycana turistlər əsasən Gürcüstan, Körfəz ölkələri və Rusiyadan gəlirlər: “Problemlərin həlli üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim edilib”.

Qeyd edək ki, rəsmi məlumata görə, bu ilin birinci yarısında Azərbaycana 1 199 667 nəfər xarici vətəndaş səfər edib. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 497 nəfər) 24 faiz çoxdur.

Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub.

Bu dövrdə Türkiyədən ölkəmizə 138 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.


Müəllif: İlhamə Əbülfət