13 Sentyabr 10:20

Azərbaycan Yazıçılar Birliyinin binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş kafe ilə bağlı məsələ artıq bir neçə gündür ictimaiyyətin diqqətindədir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə qeyd edib ki, müxtəlif fikirlər səsləndirilir, uduzan isə ümumən cəmiyyətimizdir. Onun fikrincə, problemin həlli çox sadədir: AYB-nin illik büdəcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın.

Deputat bildirib ki, bunu etmək dövlətimizin gücündədir: “Bu təklifi Milli Məclisin payız sessiyasında büdcə müzakirəsi zamanı qaldırmaq fikrindəyəm. Qoy Yazıçılar Birliyi, üzvlərinin ortaya çıxan bir sıra problemlərinin həllində sıxıntı keçirməsin, tribunalardan sözümüzü daha inamla desin.

Tarix sübut edir ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır.

Kafe yerləşmiş birinci mərtəbədəki sahəni isə hansısa təşkilat, məsələn, SOCAR müasir səviyyədə təmir edib onun uşaq ədəbiyyatı mərkəzinə çevrilməsinə kömək edə bilər.

Dəyərli yazıçılarımız isə onlara xas olmayan işdən azad olub bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilərlər”.


Müəllif: Səxavət