13 Sentyabr 2017 10:52
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bloqger Aleksandr Lapşin əfv olunduğu üçün prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

Teleqraf.com xəbər verir ki, Lapşinin təşəkkür məktubunda deyilir:

Mən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20/07/2017 tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi üzrə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdim. 281.2-ci maddə üzrə ittihama xitam verilmişdir.

Bu gün əfv edilməyim ilə bağlı Sərəncam imzaladığınızı öyrəndim. Sizə hədsiz dərəcədə minnətdaram. Mənə elə gəlir ki, indiyədək həyatımda heç bir hadisəni bu cür səbirsizliklə gözləməmişdim!

Bir daha təkrar etmək istəyirəm ki, əməllərimdən səmimi peşmançılıq hissi keçirirəm. Dağlıq Qarabağ ərazisinə səfər etdiyim zaman bu regionda və onun ətrafındakı hadisələr barədə düzgün məlumatım yox idi.

İndi mən Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da olacağına dair danılmaz sübutlar əldə etdim. Ümid edirəm ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.

Bir daha öz məsuliyyətsiz davranışlarımdan peşmançılıq hissi keçirdiyimi bildirirəm. Mənim işim üzrə göstərdiyiniz anlayış və mərhəmət üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə, ailənizə, bütün Azərbaycan xalqına can sağlığı, uzun ömür, firavanlıq və işğal olunmuş torpaqların ən tez zamanda azad olunmasını arzu edirəm.


Müəllif: Teleqraf.com