16 Sentyabr 15:31
297

2017/2018-ci il ali məktəblərinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı artıq başa çatıb.

Teleqraf.com Azərbaycanda fəaliyyət göstərən universitetlərin ayırdığı plan yerlərinin dolub- dolmaması ilə maraqlanıb.

Bakı Dövlət Universiteti (BDU): “Təhsil müəssisəsinin Qazax filialı da daxil olmaqla planda nəzərdə tutulmuş yerlər 91 faizi dolub. Qəbul olunanların 98 faizi qeydiyyatdan keçib. Qeydiyyatdan keçməyənlər isə BDU ilə yanaşı xarici ölkə universitetlərinə də daxil olmuş gənclərdir, onlar təhsillərini xaricdə davam etdirməyə üstünlük veriblər”.

Qərb Universiteti: “Yüksək nəticələr var. Təkcə bakalavr pilləsinə 650-yə yaxın tələbə qəbul olunub. Bu, təxminən 70 faiz göstərici deməkdir.

Qərb Universiteti həyata keçirdiyi keyfiyyətli tədris və beynəlxalq layihələri ilə xarici ölkə vətəndaşları üçün də maraqlı, cəlbedici ali təhsil ocağıdır. Hazırda universitetimizdə bakalavr, magistr, dissertantura üzrə 100-ə yaxın xarici tələbə təhsil alır. Bir bu qədər də müraciət edib qəbul olunmayanlara aiddir”.

Azərbaycan Dövlət Neft və sənaye Universiteti: “Bu il 2640 yer sifariş olunub. Onlardan 2480 yer dolub. Bu da 94 % deməkdir”.

Bakı Avrasiya Universiteti: Bu il müxtəlif ixtisaslar üzrə universitetə 480 yer ayrılıb. 474 abituriyent universitetə qəbul olub, lakin 432 tələbə qeydiyyatdan keçib. Bu da 93 faiz deməkdir.

Azərbaycan Texniki Universiteti: “2017-2018 tədris ili üçün 2135 plan yeri var. 1814 nəfər qəbul olunub. Bu, 85 faiz deməkdir. Plan yerinin tam dolmamasına səbəb texniki təhsilə marağın aşağılığı və bu il tələbə qəbulunun nisbətən zəif olmasıdır”.

Azərbaycan Memarlıq və İnşaat Universiteti: “1725 nəfərlik tələbə üçün plan yeri nəzərdə tutulmuşdu. 1607 abituriyent qəbul olunub. Bu da təxminən 93,1 faiz göstəricidir. Cəmi 22 nəfər qeydiyyatdan keçməyib”.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 2017-2018-ci il üçün ali məktəblərin 160 ixtisası üzrə qəbul aparılıb: “43 min plan yeri ayrılıb. Bu ildən etibarən qəbul imtahanları iki dəfə keçirildi. Yaz qəbul imtahanında 31 383 nəfər müsabiqə vəziyyətini ödəyib. Yay qəbul imtahanını da nəzərinə alsaq, kəsilən 32837 nəfərdən haradasa 10-12 mini 200 baldan artıq bal toplamaqla, təxmini plan yerlərini doldura bilər.

Birinci qəbuldan sonra bu turda tutulmayan və boş qalan plan yerlərinə ikinci dəfə qəbul həyata keçirildi. İki tur nəticəsində ali məktəblərə qəbul üçün müəyyən olunmuş plan yerlərinin 95 faizinə abituriyentlər qəbul olundu. Lakin 54 ali təhsil müəssisəsinə qəbul olmuş abituriyentlər gedib qeydiyyatdan keçməyib”.

Ekspert universitetə daxil olub, amma qeydiyyatdan keçməyənlər barədə də danışıb: “Bəziləri qəbul olduğu ixtisasdan razı qalmayıb, digər hissəsi təhsil haqqı ödəmək imkanı olmadığı üçün qeydiyyatdan keçməyib. Universitetlərin təhsil haqqını ilin əvvəlində tələb etməsi vəziyyəti bir az da qəlizləşdirir” .


Müəllif: İlhamə Əbülfət