16 Sentyabr 2017 12:55
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol-nəqliyyat hadisəsi Zığ şossesində baş verib. Mənim avtomobilimin güzgüsü piyadaya dəyib. Daha sonra piyadanın üstündən yük maşını keçib. Yəni, piyada Uğur Vəliyevin ölümünə mən səbəb olmamışam.

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Report-a deyib ki, piyada Zığ şossesində sürət həddi yuxarı yolda keçid olmayan yerdən, avtobusun önündən anidən maşınların hərəkət yoluna çıxıb: "Mənim qəzada iştirakım çox nisbi olub. O, mənim maşınımın yan güzgüzünə yüngül dəyib. Mən Xətai Rayon Polis İdarəsində aparılan istintaqda şahid qismində ifadə vermişəm. Texniki ekspertiza aparılır. Müşahidə kameralarında olan görüntülərə baxılıb və tam şəkildə sübut edilib ki, qəzada mən heç bir qanun pozuntusuna yol verməmişəm. Hətta maşının sürəti nəzərdə tutulan həddən aşağı olub".

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un əldə etdiyi xəbərə görə, piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.


Müəllif: Teleqraf.com