16 Sentyabr 2017 16:39
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın müflis olmuş və səhmlərinin 49%-i Birləşmiş Ərəb Əmirliklətinin “Etihad Airways” şirkətinə məxsus olan “Alitalia” aviaşirkəti satışa çıxarılıb.

Report xəbər verir ki, aviadaşıyıcının səhmlərinə 5 iddiaçı var.

Bunlar ABŞ-ın “Delta Airlines” şirkəti, Böyük Britaniya – İspaniya birgə müəssisəsi “İnternational Airlines Group” şirkəti, “Air France” şirkəti, eləcə də Böyük Britaniyanın “EasyJet” və İrlandiyanın “Ryanair” aşağıbüdcəli aviaşirkətləridir.

Xatırladaq ki, “Alitalia” yerli aviadaşıyıcılar arasında ən böyüyüdür. Şirkət bu ilin I yarısını 200 mln. avro xalis zərərlə başa vurub. 2016-cı ildə 22,6 mln. sərnişin daşımış “Alitalia”nın təyyarə parkına 123 hava gəmisi daxildir. Bunlardan 11-i “Boeing 777-200 ER”, 14-ü isə “Airbus A330-200” markalı təyyarələrdir. Aviaşirkət 64-ü beynəlxalq olmaqla 94 istiqamətdə uçuşlar həyata keçirir və həftədə 4 200 reys reallaşdırır.

“Alitalia” bu ilin II yarısında fəaliyyətinə davam edə bilmək üçün dövlətdən təcili olaraq 600 mln. avro borc alıb. Ümumlikdə isə son 10 ildə İtaliya hökuməti aviaşirkətə 7 mlrd. avro məbləğində maliyyə dəstəyi verib.


Müəllif: Teleqraf.com