19 Sentyabr 2017 12:26
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ananın öz övladını 20 il zəncirdə saxlaması bütün Azərbaycanda rezonansa səbəb olacaq hadisədir.

Bu sözləri Azərbaycan Uşaqları İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə Teleqraf.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu fakt ikinci dəfədir təkrarlanır: “ Amma düşünmürəm ki,bunun sayı ikidir. Ola bilsin, yenə belə hallar var. Məsələni işıqlandırmaqda məqsəd o insanların məsuliyyətlərini dərk etmələridir.

Birinci Pərvanə olayında mən də düşünürdüm ki, insanlar az da olsa, bunu görəcəklər və heç olmasa məsuliyyətlərini dərk edib, bu cür insanlar elə davranmayacaqlar. Ən azından Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sosial xidmətləri var ki, onlara müraciət etmək lazımdır”.

Kəmalə Ağazadə əmin olduğunu bildirib ki, ailə zəncirdə saxlana övladın pensiyasını da alır: “ Bu səbəbdən də onu zəncirləyiblər. Bu, cinayətdir. İnsan əgər ruhi xəstədirsə, ona qarşı cinayət törədilməməlidir. Zəncirdə saxlanan İbadətin təxminən 30-35 yaşı olar və deyilənə görə, hərbi xidmət də keçib.

Bəlkə travma alıb, ya sonradan ailədə hansısa problemlər səbəbindən bu vəziyyətə gəlib düşüb. Bu növbəti verilişlərdə müzakirə olunacaq”.

Qeyd edək ki, Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” verilişinin növbəti buraxılışının anonslarında bir ananın 20 ildir öz övladını quş damında zəncirlə bağlı vəziyyətdə saxladığı barədə məlumat verilir.

2016-cı ilin oktyabr ayında İmişli rayonunda da bu cür hadisə ictimailəşdirilmişdi. Atanın 28 yaşlı Pərvanə adlı qızını 8 il zəncirli vəziyyətdə saxladığı məlum olmuşdu.


Müəllif: Şəfiqə Nazimqızı