21 Sentyabr 2017 14:38
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Aspirantlar yataqxanası”nın sakinləri AMEA-nın Rəyasət Heyətinin üzvlərinə müraciət ünvanlayıblar.

Teleqraf.com-un məlumatına görə, müraciətdə deyilir:

“Biz, hazırda AMEA-da işləyən və vaxtilə uzun müddət AMEA-da işləmiş (kimisi AMEA-dan təqaüdə çıxıb, kimisinin işlədiyi institut bağlanıb, kimisi ixtisara salınıb və s.) yataqxana sakinləri 2002-ci ilədək AMEA-nın yataqxanasında müvəqqəti qeydiyyatda olmaqla yaşamışıq.

Uzun müddət yataqxanada çətin vəziyyətdə yaşayan AMEA əməkdaşlarının əksəriyyəti artıq ailə qurmuş və xeyli yaşa dolmuşlar. Əvvəllər AMEA-nın Şərifzadə 33-də yerləşən “Ailəlilər” yataqxanasında yaşayanlar evlə təmin olunduqca ailə quran AMEA əməkdaşları bu yataqxanaya yerləşdirilirdi. Ailəlilər yataqxanasının sakinlərini evlə təmin etmək mümkün olmadığından, həmin yataqxana özəlləşdirildi.

Nəticədə Şərifzadə küçəsi ev 12-də yerləşən AMEA-nın yataqxanasında yaşayan ailəli sakinləri köçürməyə yer olmadı və onları evlə təmin etmək də mümkün deyildi. Həm bu səbəbdən, həm də ölkədə vətəndaşların müvəqqəti yaşamaq qaydaları ləğv edildikdən (1999-cu il) sonra, 2002-ci ildə hər bir yataqxana sakini daimi qeydiyyata alındı və hər kəsə yaşadığı mənzil üçün qanuni order verildi.

2011-ci ildə AMEA-nın mərhum prezidenti Mahmud Kərimov Respublika Prezidenti Cənab İlham Əliyevə müraciət edərək ya yataqxana sakinlərinin mənzillə təmin edilməsini, ya da yataqxananın özəlləşdirilərək sakinlərin mülkiyyətinə verilməsini xahiş etmişdi. Bu müraciətə cavab olaraq Cənab Prezident böyük humanistlik göstərdi və yataqxana sakinlərinin yerləşdirilməsi şərti ilə yataqxana ərazisində tikinti şirkətinin binalar tikməsinə icazə verdi.

Bundan sonra 08.11.2012-ci ildə “Evrostroy-S” tikinti şirkətinin və AMEA-nın nümayəndələrinin iştirakı ilə yataqxana sakinlərinin iclası keçirildi, şirkətlə yataqxana sakinləri arasında razılıq əldə olundu, bağlanacaq müqavilənin şərtləri müəyyənləşdirildi, yataqxanada yaşayan 118 ailənin razılıq imzası alındı və hər bir mənzil sahibinə 65 kvadrat metrdən az olmamaq şərti ilə mənzillər verilməsi qərara alındı.

Bunun əsasında “Evrostroy-S” tikinti şirkəti ilə AMEA-nın mərhum prezidenti M.Kərimov arasında müqavilə imzalandı. Müqavilənin 1.3. bəndində göstərilir ki, “Podratçı” Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 (girişli) 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi öz üzərinə götürdü.

Müqavilənin 2.1.3 bəndində göstərilir ki, “Podratçı” güzəştli satış üçün tərəflər arasında müvafiq razılaşmaya əsasən torpaq sahəsində inşa olunacaq mənzillərdən (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinlər üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) AMEA-nın mənzil hüququ olan əməkdaşlarına onların istəyinə uyğun olaraq əlavə sahə ayırır.

Buradan aydın başa düşülür ki, tikiləcək bina yataqxanada yaşayan, yaşadığı mənzilə orderi olan AMEA əməkdaşları və sakinləri (imza edərək razılıqlarını vermiş 118 ailə) üçün nəzərdə tutulub.

Bu müqavilənin əsasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı binaların tikilməsi üçün sərəncam verdi.

Bildiyimizə görə sakinlər üçün nəzərdə tutulan bina yataqxananın yaxınlığında tikilən və hər bir mənzilin sahəsi protokolda nəzərdə tutulduğu kimi, orta hesabla 65 kvadrat metr olan bina olmalı idi. Hansısa səbəbdən bu binanın mənzilləri satışa çıxarılıb.

Yataqxana sakinləri üçün aparılan mənzil bölgüsü kampaniya xarakteri daşımayıb, əllərində orderi olan sakinlərin yaşadıqları mənzilə görə mənzillə təmin edilməsi üçün nəzərdə tutulub. AMEA-nın vəzifəsi müqavilənin 3.5 bəndində qeyd edildiyi kimi, sadəcə mənzilləri sakinlərə təhvil verməkdən ibarət olmalı idi.

Əslində bu prosesə həmkarlar təşkilatı nəzarət etməli idi və mənzil komissiyasının bu işə aidiyyatı yoxdur. Komissiya yataqxanada yaşamayan və mənzilə ehtiyacı olan digər AMEA əməkdaşları üçün mənzil verilməsi prosesinə baxa bilər. Müqavilənin şərtlərinə görə, tikinti şirkəti bu kateqoriyadan olan əməkdaşlar üçün də əlavə mənzillər ayırır.

Komissiya üzvü Sərdar Əliyevin heç bir arqumenti yataqxana sakinlərinin əlindən mənzillərinin alınaraq mənimsənilməsinə səbəb ola bilməz.

Praktiki olaraq yataqxananın taleyi 2002-ci ildən, daha sonra isə 2012-ci ildən həll olunub. Yataqxanada yaşayan sakinlər 2002-ci ildən mənzillərini əldə ediblər. Gələcəkdə həm vicdanınız, həm də qanun qarşısında məsuliyyət daşımaq və eləcə də mənimsənilmiş mənzillərdə adınızın hallanmasını istəmirsinizsə, qanunsuz qərarları imzalamayın”.


Müəllif: Könül