22 Sentyabr 2017 22:59
2 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com görkəmli şairimiz Mirzə Ələkbər Sabirin ev-muzeyinin sökülməsi ilə bağlı Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli ilə müsahibəni təqdim edir:

- Sevda xanım, M.Ə.Sabirin ev muzeyinin sökülməsinin əsl səbəbləri nədir?

- Əvvəla, onu deyim ki, muzeyin sökülməsi uzun müddət idi gündəmdə idi. Həmin ev Sabirin ev muzeyi kimi təqdim olunsa da, reallığa baxsaq, görərdik ki, o ev Sabirin əsl evindən xeyli uzaq idi. Çünki həmin ev dəmir-beton karkaslı bir tikili idi. Əslində isə Sabirin evinin quruluşu elə olmayıb. Həmin o beton materiallardan istifadə olunmayıb. Həmin ev sadəcə, muzey kimi təqdim olunsaydı, daha doğru olardı.
Atam Məmmədsəlim bəyin sağlığında belə bir ideyası vardı ki, nə vaxtsa qismət olsa, Sabirin əsl evini tikib təqdim eləsin. Sabirsevərlərə və Sabirin yaradıcılığına dəyər verən insanlara onun yaşadığı evin əslində necə olduğunu göstərsin. Məqam yetişib ki, biz bunu indi edək. Biz də həmin məqamı dəyərləndirdik və buna görə də söküntü işlərinə başladıq. O evi biz Sabirin əsl evinin quruluşunda insanlara təqdim etmək niyyətindəyik. Yəni Sabirin əslində yaşadığı ev tamam başqa cür olub.

- Sevda xanım, bəs bu yanlışlıqlar nədən irəli gəlirdi? Yəni, niyə onun ev-muzeyi ilk variantda realda olduğu kimi təqdim olunmadı?

- Bilirsiniz, həmin ərazidə o qədər hadisələr baş verib ki... Müharibələr, zəlzələlər, bütün bunlar bu cür dəyişikliklərin baş verməsinə səbəb olub. Zarafat deyil, 100 ildən artıq vaxt keçib. Həmin ərazidə dağıntılar baş verib. Dağıntılardan sonra o ev-muzeyi tikilib. 70-ci illərdə o ev yeni şəkildə təqdim olunub. Görülən bu qədər işlərin qarşılığında həmin dəyişikliklər kiçik görünə bilər. Amma zaman keçdikcə insan hər şeyi dəqiqliyi ilə öyrənməyə, bütün həqiqətləri və hər şeyin orijinalını öyrənməyə çalışır. Hər şeyi olduğu kimi görmək istəyir. Sabirin ev-muzeyinin yenidən qurulmasının gündəmə gəlməsi məhz bu səbəbdəndir.

- Bəs evin əşyalarının yeri, rekvizitlərinin düzülüşü doğru idimi?

- Yox, ən doğrusunu, siz bu dəfə görəcəksiniz. Atamın sağlığında yazıb qoyduğu sxemlər, eskizlər və hətta həmin evin realda olduğu kimi əsl maketi var. Həmin dəyərli materiallar hazırda bizim fonddadır. Həmin o maketin əsasında Sabirin 1902-ci ildən sonrakı evinin əsl variantı, yəni dəyişdirilməmiş, real həyatda olan forması hazırlanacaq. Hətta sizə bir sirr açım. Söküntülər zamanı Sabirin dağılmış evinin qalıqları da üzə çıxıb. Hətta biz onu belə qoruyub saxlamaq və eksponat kimi təqdim etmək istəyirik.
Biz yeni versiyada orijinal ölçülərə və orijinal quruluşa üstünlük verəcəyik. Hətta tikinti zamanı müasir tikinti materiallarından deyil, həmin dövrə aid, o zamanları andıran materiallardan istifadə edəcəyik.

- Bu qərarı Sabirin nəvələri Gündüz və Elçinin verdiyi doğrudurmu?

- Bəli, mən özüm də evin sökülməsinə razılıq vermişəm. Çünki məqsəd pisi deyil, səhv olanı deyil, ən doğru olan variantı təqdim etməkdir. Gündüz bəy də bunu çoxdan istəyirdi. Hazırda o, Bakıda deyil. Amma aparılan işlərlə yaxından maraqlanır.

- Bəs indiyə qədər niyə belə bir təklif irəli sürülməmişdi?

- Təklif həmişə var idi. Çoxdan irəli sürülmüşdü. Sadəcə razılıq indi əldə olundu. Hər bir qərarın öz şərtləri və öz zamanı var. Düşünürəm ki, heç vaxt heç nə gec deyil. Biz hamıya sübut edəcəyik ki, doğrudan da bu addımı atmağa dəyərdi.

- Sevda xanım, bəs söküntü işləri nə vaxt başladı?

- Artıq 2-3 həftə olar ki, söküntü gedir. Sabirin növbəti poeziya günlərinə, yəni mayın 30-na qədər bütün yenidənqurma işlərini bitirməyi və ev-muzeyin fəaliyyətini bərpa etməyi planlaşdırırıq.

- Evin əşyaları yenidənqurma işləri bitənə qədər harada saxlanılacaq?

- Muzeyin işçiləri əvvəlcədən bu məsələdən xəbərdar idilər. Buna görə də həmin evin bütün əşyaları, eksponatları böyük bir diqqətlə qablaşdırılıb və mühafizə olunur. Açılışa qədər həmin əşyalar lazımınca qorunacaq və yeni bir formada, qəbul edilən şəkildə təqdim olunacaq. Qısacası, həmin əşyalara görə, narahat olmayın. Rekvizitlər etibarlı əllərdədir.

- Yeni binanın tikilməsinə lazım olan xərcləri kim ödəyəcək?

- Bütün xərcləri ailəmiz ödəyir.

- Bu yenidənqurma işlərini restavrasiya adlandırmaq olar, yoxsa bina sıfırdan tikiləcək?

- Yox, bu restavrasiya deyil. Bina sıfırdan tikilir. Düzdür, Sabir muzeyi var idi. Bəzi yanlışlıqlar və dəyişikliklər olsa da, belə bir muzey var idi deyə, bu baxımdan bunu restavrasiya adlandırmaq olar. Amma ölçülər, tikinti materialları, evin mətbəxi, evin pəncərəsinin yerləşdiyi əsl yeri, stolunun üstünə qoyduğu qabın həqiqi yeri, hətta bağındakı ağacın yerinə qədər hər şey dəyişəcək və realda olduğu yerdə qoyulacaq.

- Sevda xanım ,bəs bütün bunları dəqiqliyi ilə kim bilir? Biz necə əmin ola bilərik ki, Sabirin evi həqiqətdə necə olub?

- Biz onun evini təbii ki, görməmişik. Sabirin sonbeşiyi, atam Məmmədsəlim Tahirli olmasaydı, biz bunu dəqiqliklə edə bilməzdik. Atamın arxivində olan məlumatlar, bayaq qeyd etdiyim maket və eskizlər bizim ən böyük yardımçımız olacaq. Biz bu layihədə həmin materiallardan yararlanmışıq. Atam sağlığında bu layihəni həyata keçirmək üçün çox çalışdı. Qismət bu günlərə imiş.

- Sevda xanım, sizin Sabirə həsr olunan yeni elektron muzey yaratdığınızı da eşitmişik.

- Bəli, Mirzə Ələkbər Sabir Fondu hazırda Sabirin elektron muzeyinin yaradılması üzərində işləyir. Biz bu layihəni sayt olaraq da təqdim edəcəyik. Həmin ev-muzeydəki eksponatlar da daxil olmaqla, şəxsi kolleksiyalara aid materiallar, bioqrafik məlumatlar, şəxsi əşyalar, Sabirin haqqında olan bütün məlumatlar bu elektron-muzeydə təqdim olunacaq. Bu da böyük bir layihədir. Hazırda bu elektron-muzey Azərbaycan dilində hazırlanır, gələcəkdə isə başqa dillərdə də təqdim olunacaq. Bu il Sabirin 155 illik yubileyi olacaq. Bu layihə də məhz yubileyə həsr olunur və dövlət tərəfindən dəstəklənir. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyilə maliyyələşdirilir.

- Sevda xanım, ətraflı məlumatlara görə təşəkkürlər. Ev-muzeyin yeni versiyasını səbrsizliklə gözləyirik.


Müəllif: Könül Əlibəyli