23 Sentyabr 2017 14:40
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-də Dövlət Gömrük Komitəsi (DGK) aparatında və qurumun sisteminə daxil olan qurumlarda şəxsi heyətlə işin təşkilinin gücləndirilməsi məsələlərinə həsr olunmuş iclas keçirilib.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Komitə sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iclası keçirməkdə məqsədin şəxsi heyətlə işin təşkilinin gücləndirilməsi, bu sahədə mövcud problemləri və qarşıda duran vəzifələri müzakirə etmək olduğunu bildirdib.

Komitə sədri ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan gömrüyünün 5 illiyi münasibətilə keçirilmiş mərasimdəki çıxışını xatırladaraq qeyd edib ki, dahi rəhbər həmin tarixi nitqində gömrük orqanlarının fəaliyyətini dəqiqliklə təhlil edib, qarşıda duran vəzifələrin yerinə yetirilməsinin tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərib.

Aydın Əliyev vurğulayıb ki, ümummilli liderin gömrük orqanları üçün verdiyi tövsiyələr bu gün də aktualdır və gündəlik işdə rəhbər tutulmaqdadır.

DGK sədrinin sözlərinə görə, Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işi hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Gömrük orqanlarının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir və gömrükçülər daim qayğı ilə əhatə olunurlar.

Sonra DGK Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı hesabat məruzə ilə çıxış edərək bildirib ki, idarənin iş planına əsasən gömrük orqanları və digər qurumlarının fəaliyyətində müvafiq qanunvericiliyin, gömrük işini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməsi, xidməti intizama riayət olunması üzərində nəzarətin təmin edilməsi sahəsində konkret tədbirlər həyata keçirilib. Fuad Qasımovun sözlərinə görə, gömrük orqanları və digər qurumlarının, o cümlədən, şəxsi heyətin təhlükəsizliyinin təmin olunması, bu sahədə idarənin funksiyalarının daha səmərəli təşkili istiqamətində müvafiq tədbirlər görülüb.

2017-ci ilin ötən dövrü ərzində idarəyə daxil olan materiallara dair xidməti araşdırmalar aparılıb, vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər operativ şəkildə araşdırılıb və bu barədə vətəndaşlara müvafiq cavab verilib. Daxil olmuş müraciətlər üzrə və yoxlamaların nəticələri əsasında aparılan araşdırmalar nəticəsində aşkar edilən xidməti pozuntulara yol verdiklərinə görə idarə tərəfindən 107 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov keçirilən iclasın əhəmiyyətinə toxunaraq bildirib ki, bu cür görüşlərin təşkili şəxsi heyətdə xidməti və icra intizamını daha da gücləndirəcək. Şahin Bağırov gömrük nəzarətinin təşkili, gömrük hüquqpozmalarına qarşı mübarizə istiqamətində gömrük əməkdaşlarının fəaliyyətinin effektivliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev şəxsi heyətlə işin yüksək səviyyədə qurulması, qarşıya çıxan problemlərin həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.


Müəllif: İlhamə Əbülfət