25 İyul 2014 14:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin (ETTM) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə mərkəzin xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsinə və qabaqcıl dünya təcrübəsini öyrənmələrinə xüsusi önəm verilir. Bu istiqamətdə işlərin davamı olaraq, mərkəzin əməkdaşları Litvaya səfər ediblər.

Teleqraf.com-un xəbərinə görə, burada nümayəndə heyəti Litvanın Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyət prinsipləri, idarəetmə strukturu, iş təcrübəsi ilə yaxından tanış olublar. Litva Sosial Tədqiqatlar Mərkəzinin direktoru (LSRC) Meylute Talyunayte, Mərkəzin Əmək və Sosial Tədqiqatlar İnstitutunun direktoru Boquslavus Qruşevski, qurumun Böyük Elmi Şurasının üzvləri ilə keçirilən görüşlərdə LSTM-in fəaliyyəti, onun əmək və sosial müdafiə sahəsində aparılan islahatlarda rolu və s. barədə ətraflı məlumatlar əldə edilib.

Burada aparılan tədqiqat işləri, həyata keçirilən layihələrlə bağlı ətraflı təqdimatlar keçirilib və geniş müzakirələr aparılıb. Daha sonra LSTM-in tədris otaqları, konfrans və toplantı salonları, kitabxana ilə tanışlıq olub və mərkəzin şəhər kənarındakı təlim-tədris kampusunda səyyar seminar keçirilib.

ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə ETTM-nin fəaliyyət strukturunun təkmilləşdirilməsi məqsədilə LSTM-in təcrübəsindən istifadə edilməsinin məqsədəmüvafiq olduğu vurğulanıb və bu məqsədlə gələcəkdə iki mərkəz arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması qərara alınıb.

Naibə


Müəllif: