25 Sentyabr 2017 16:43
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 24-nə yeni hərrac elan edib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılır.

Onlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Tovuz, İmişli, Cəlilabad, Göygöl, Naftalan və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakının Suraxanı rayonunda olan 42 saylı mağaza, Tovuzda yerləşən “Şəfəq” kinoteatrı, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Suraxanı rayonunda olan 42 saylı mağazadır. 400 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2 min kvadrat metrə yaxındır. Bundan başqa paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min manata, Sumqayıtda olan “Laçın” restoranı 205 min manata hərraca çıxarılıb.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 61-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir şəhərində, Şirvan, Sabirabad rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Bu əmlak 58 min 500 manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 80 kv.m-ə yaxındır.

Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və sair sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətlər var.


Müəllif: İlhamə Əbülfət