26 Sentyabr 2017 17:56
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:40

Azərbaycan Prezidenti İlham Əliyev Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamda qeyd olunub.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Salyan rayonunda əsas kapitala yönəldilmiş vəsait 44,2 dəfə, tikinti quraşdırma işlərinin həcmi 79,2 dəfə artmış, bir sıra mühüm sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı və Bayraq Muzeyi Kompleksi, Uşaq Texniki Yaradıcılıq Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, təhsil ocaqları və digər obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, 48 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 17 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Salyan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunun Qaraçala-Düzənlik-Peyk-Birinci Varlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Qaraçala-Düzənlik-Peyk-Birinci Varlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,5 milyon (üç milyon beş yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanın musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar artist” fəxri adı verilsin.

Abdullayev Davud Bəxtiyar oğlu

Rəhimova Fəzilə Vaqif qızı".

***

Azərbaycan Prezidenti İlham Əliyev Alla Hacı Bayramovanın “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə Alla Hacı Ağa qızı Bayramova “Tərəqqi” medalı ilə təltif edilsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qılıncov Bəxtiyar Vaqif oğlu

“Tərəqqi” medalı ilə

Ağakərimov Müzəffər Mehdi oğlu

Əliyev Zakir Haşım oğlu

Qədəşov Tahir Ərziman oğlu

Yusufov Rüfət Teymur oğlu".

***

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Qiyas Sarıcalinskinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Qiyas oğlu Sarıcalinski 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".


Müəllif: Teleqraf.com