12 Oktyabr 12:09

Harada möhtəkirlik varsa, orada Corc Soros var.

Teleqraf.com xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) qurumun Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimat mərasimində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli deyib.

O qeyd edib ki, üçüncü minillik ilk növbədə informasiya əsridir: “Azərbaycan Ermənistanla faktiki müharibə şəraitində olduğu üçün ona asimmetrik, adekvat cavab verməlidir. Hər birimizə məlumdur ki, Ermənistanda hərbi xuntanın rəhbərliyi altında Azərbaycana qarşı ideoloji mübahibə strategiyası formalaşdırılıb. Bu strategiya çərçivəsində həmşinlilərlə bağlı metodlar da dəyişib. Belə ki, əvvəllər qriqorian olmadıqları üçün özlərindən saymadıqları halda indi Türkiyəni daxildən sarsıtmaq üçün həmşinlilərlə sıx işləməyə üstünlük veriblər”.

O qeyd edib ki, kitab ilk növbədə bu stretopin dağıdılmasına yönəlib: “Müəllif əsəri üç kateqoriyaya bölməklə Azərbaycan və Türkiyədə həmşinlilərlə bağlı təsəvvürləri dəyişdirib. Azərbaycan və Türkiyə xristian türk mədəni irsinə dair layihələrə hər zaman dəstək verəcək. Hazırda Türkiyədə erməni açılımı kampaniyası ilə bağlı sui-istifadəyə yol verilir. Ağtomar kilsəsinin Eçmiədzinə tabe etdirilməsi, İstanbuldan ayrılması ilə bağlı məsələlər bizi bu istiqamətdə qabaqlayıcı tədbirlər görməyə vadar edir”.

Ə.Həbibbəyli qeyd edib ki, harda Corc Soros varsa, orda möhtəkirlik var: "Kitabda Türkiyədə Soros Fondunun kriptoermənilərlə bağlı fəaliyyətinə dair tutarlı faktlar ortaya qoyulur. Onların kimlər tərəfindən maliyyələşdirildiyi, küləyin hansı tərəfdən əsdiyi açıq-aşkar görünür. Kitabda kriptoermənilərdən tutmuş “adam-adam” strategiyasının mahiyyətinə kimi əhatəli məqamlar yer alıb. Müəllifi bu uğurlu tədqiqata görə, asimmetrik müharibəyə verdiyi mühüm töhfəyə görə təbrik edirəm. Ümid edirəm ki, bu işlərin tərkib hissəsi olaraq gələcəkdə yeni-yeni işlərə start veriləcək”.


Müəllif: Səxavət