12 Oktyabr 16:43
111

Bu gün 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali məktəb rektorları, yazarlar və mədəniyyət xadimləri iştirak edib.

Mərkəz 4-16 yaşlı uşaq və yeniyetmələr üçün həm ənənəvi dərnəklər, həm də müasir metodiki vəsaitlər və texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar təhsil proqramı təşkil edir. Proqram 6 inteqrativ modul əsasında 4 kurs olmaqla həyata keçiriləcək. Burada Multielm, Multirəsm, Məktəbəhazırlıq, Robototexnika kursları üzrə xüsusi tədris və kompüter proqramları lokallaşdırılıb, mərkəzin fəaliyyətinə cəlb olunmuş pedaqoji heyət üçün beynəlxalq mütəxəssislər tərəfindən bütün istiqamətlər üzrə təlim keçirilib.

Mikayıl Cabbarov son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, eləcə də məktəbdənkənar təhsil üzrə qazanılan nailiyyətlərdən danışıb. Məktəbdənkənar təhsilin uşaq və gənclərin fərdi inkişafında, maraq dairələrinin genişləndirilməsində mühüm rolunu diqqətə çatdıran təhsil naziri burada yaradılan şəraitin onlara bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını qeyd edib.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimində məlumat verilib ki, üç mərtəbədən ibarət mərkəzdə uşaq və yeniyetmələrin yaradıcılıq təxəyyülünün inkişafı üçün hər cür şərait yaradılıb.

Üç mərtəbədən ibarət mərkəzin 1-ci mərtəbəsində gözləmə zalı, mətbəx, 2-ci mərtəbədə ümumilikdə 16 otaq, akt zalı, qrim otağı, foye var. Burada hərəsi 1 olmaqla rəsm, musiqi, elm, bacarıqlı əllər, hərəsi 2 olmaqla robototexnika, məktəbəhazırlıq, hərəsi 3 olmaqla inzibati və köməkçi otaqlar fəaliyyət göstərir. 3-cü mərtəbədə isə 18 otaq - 2 rəqs zalı, teatr studiyası, 2 rəsm və məşğələ otağı, 4 soyunub-geyinmə otağı, kostyum otağı, konfrans zalı, 4 inzibati və 2 köməkçi otaq mövcuddur.

Qeyd edək ki, Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən 29 dərnəkdə 1800 uşaq məşğul olur, 54 nəfər pedaqoji işçi çalışır.


Müəllif: İlhamə