13 Oktyabr 11:48

Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) "İslam Həmrəyliyi: Azərbaycan örnəyi" adlı konfrans keçirib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və məsul şəxsləri, dini icma və QHT təmsilçiləri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Teleqraf.com xəbər verir ki, Dini Komitənin sədr müavini Gündüz İsmayılov bildirib ki, tədbirin adı təsadüfi seçilməyib:

"Azərbaycan örnəyi kimi hazırlanan İslam Həmrəyliyi modeli bütün İslam dünyasına böyük bir tövhədir. Burada yalnız müsəlmanlar deyil, həm də qeyri-müsəlman əhalinin dəyərləri nəzərdə tutulur. Biz çalışırıq ki, dinindən, irqindən asılı olmayaraq bütün insanları eyni dini dəyərlər və prinsiplər ətrafında birləşdirək.

İslam həmrəyliyi yalnız müsəlmanların birliyi ilə məhdudlaşdırılmamalıdır. Biz digər dinlərə və mədəniyyətlərə qarşı heç bir təbliğat aparmağın tərəfdarı deyilik.

Məqsədimiz İslam dünyası ilə qarşılıqlı şəkildə iqtisadi, siyasi, mədəni, idman, hətta mənəviyyat cəhətdən birlikdə olmaqdır. Bu günkü tədbirimizin əsas məqsədi bundan ibarətdir".

DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışı zamanı dövlət başçısı İlham Əliyevin ölkədə dini sahəyə yüksək qayğısından danışıb:

"Bu il İslam Həmrəyliyi elan olunub. Azərbaycan tarix boyu bir çox sivilizasiyaların məskəni kimi tanınıb. Müxtəlif dinlərin sivilizasiya mənbəyi olan ölkəmiz bu ada layiqdir. İslam dini, eləcə də digər dinlər ölkəmizdə hörmətlə qarşılanır.
Azərbaycanda iqtisadi-siyasi sahədə olduğu kimi, dini sahədə də sabitlik hökm sürür. Dünya ölkələri arasında Azərbaycan özünün multikulitral mühiti,tolerantlığı ilə seçilir.
Ölkədə din və dövlət arasındakı münasibətlərin konstitusiya səviyyəsində tənzimlənməsi müsəlman və qeyri-müsəlman əhalinin birlikdə sülh və əmin-amanlıq şəraitində yaşamasına şərait yaradır.

Dövlət ölkədə bir çox yeni mədrəsələrin tikilməsinə vəsait ayrılıb ki, bu da prezidentin bu sahəyə göstərdiyi qayğının bariz nümunəsidir"


Müəllif: Könül