13 Oktyabr 2017 13:08
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu nazirliyin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Əli Əsədov Pərviz Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb.

Enerji sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib. Pərviz Şahbazov Azərbaycan Neft Akademiyasının məzunu olması, diplomatiya sahəsindəki 20 ildən artıq fəaliyyəti barədə ətraflı məlumat verərək, bu müddət ərzində xaricdə Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev iştirak edib.

Qeyd edək ki, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təyin edilib.


Müəllif: İlhamə Əbülfət