13 Oktyabr 14:38

Teleqraf.com yenicə istifadəyə verilən Tezsagal.az saytının direktoru Mais Zeynalovla müsahibəni təqdim edir.

- Əvvəlcə, qısa şəkildə Tezsagal.az-ı tanıyaq. Nədir, nə iş görür, məqsədi nədir?

- Tezsagal.az əslində bir beynəlxalq “startup” layihədir. Platforma istənilən xəstəlikdən əziyyət çəkən insanları, həkimlərlə bir məkanda görüşdürür. Bunun üçün pasientlərə sayta daxil olaraq əziyyət çəkdikləri xəstəlik üzrə axtarış etmək kifayət edir. Həmin sahənin bütün həkimləri axtarışın nəticəsində görünür. Axtarışı qiymətə, cinsiyyətə, məkana görə tənzimləmək də mümkündür.

Məqsədimizə gəldikdə isə, belə bir platforma yaratmaqda məqsədimiz pasientlərin asanlıqla istədiyi həkimi seçə bilməsini və həkimin qəbuluna rahatlıqla düşə bilməsini təmin etməkdir. “Biz hər zaman pasientin yanındayıq”, - sayt yaratmaq haqqında düşünərkən bu fikrə gəlmişdik. Bu gün də həmin fikirdəyik.

- Bu platformanı yaratmaq ideyası necə yarandı?

- Əslində, pasientlərin həkimlərin qəbulunda saatlarla növbədə dayandığı hamıya məlumdur. Bəzən həkimin hansısa pasienti qəbul etməyə belə vaxtı çatmır. Yəni pasient bütün gün boşuna gözləmiş olur. Və biz də bu sahədə bir sistem yaratmaq qərarına gəldik. Saytın planını hazırladıq. Kiçik bir araşdırma etdik. Və bu sistemin dünyada tətbiq olunduğunu gördük. Amerika, Rusiya, Türkiyə və bir çox digər Avropa ölkələrində bu tip platformalar olduğunu öyrəndik. Düzdür, onların işləmə prinsipi bizdən bir qədər fərqlidir. Ancaq sistem olaraq demək olar ki, eynidir. Sonra saytı yığmağa başladıq. Və bu gün artıq fəaliyyətə başlamışıq. Əvvəldən araşdırsaydıq, özümüzdən sayt planı hazırlamağa ehtiyac olmazdı.

- Azərbaycanda tiblə, həkimlərlə ümumiyyətlə sağlamlıqla bağlı saytlar var. Tezsagal.az-ın həmin saytlardan fərqi nədir?

- Tezsagal.az-ın digər saytlardan fərqi. İlk öncə sadəlik. Sayta daxil olduqda heç nə axtarmağa ehtiyac yoxdur. Əziyyət çəkdiyiniz xəstəliyi seçirsiniz, axtarış edirsiniz, vəssalam. Həkimlər reytinq sıralamasına görə qarşınızdadır. Profilinə daxil olub həkimi daha ətraflı tanıya və əvvəllər həkimin qəbulunda olmuş pasientlərin həkim haqqında rəylərini də oxuya bilərsiniz. Pasient rəylərindən söz düşmüşkən. Tezsagal.az saytında pasient rəyləri heç bir halda dəyişdirilə və silinə bilməz. Yəni əgər pasient həkimdən narazı qalıbsa, bunu rahatlıqla həkim haqqında yaza bilər. Həkimin də yalnız bir dəfə həmin rəyə cavab yazmaq hüququ var. Təbii ki, hər zaman etik normalar gözlənilməlidlir. Saytımızın ən önəmli funksiyalarından biri də həkimin qəbuluna onlayn yazılmanın mümkün olmasıdır. Həkim saytda qeydiyyatdan keçdikdə qəbul vaxtlarını qeyd edir. Həmin həkimin qəbuluna düşmək istəyən pasient həkimin boş vaxtlarından özünə uyğun olanını seçir və qəbula yazılır. Həmin an həkimə pasientin qəbula düşmək istəməsi və pasient haqqında qısa məlumat çatdırılır. Pasientə artıq təyin olunmuş vaxtda həkimin qəbul edəcəyi ünvanda olmaq kifayət edir. Qeyd etmək istəyirəm ki, bu xidmətlər üçün heç bir ödəniş tələb olunmur.

- Xidmətlər üçün heç bir ödəniş tələb olunmadığını deyirsiniz. Ancaq saytınızda “onlayn ödəniş” funksiyası da var.

- Bəli, bizim saytda pasientlərdən heç bir ödəniş tələb olunmur. Həmin dediyiniz funksiya isə həkimin qəbulunun ödənişidir. Nağd ödəniş etmək istəməyən pasientlər bu formada həkimin ödənişini edə bilərlər. Onu da qeyd edim ki, platformaya heç bir halda nağd ödəniş edilə bilməz. Ödənişlər ancaq bank hesabımıza köçürmə yolu ilə mümkündür. Bu üsulu seçməyimizin səbəbi isə şəffaflığın qorunmasıdır.

- Sayta baxdıqda Azərbaycan və rus diliylə yanaşı, gürcü dilinin də olduğu görünür. Bunun səbəbi nədir?

- Müsahibənin əvvəlində bu layihənin beynəlxalq bir layihə olduğunu qeyd etmişdim. Platformaya yalnız Azərbaycandan yox, həm də Gürcüstandan həkimlər cəlb ediləcək. Elə bir sahə ola bilər ki, həmin sahə üzrə iki ölkədən birində daha yaxşı mütəxəssislər var və ya qiymətlər daha ucuzdur. İstər Gürcüstandan, istər də digər ölkələrdən həkimin profilindən məlumatları əldə edib qəbula yazılmaq mümkündür. Gələcəkdə platformanın əhatə dairəsini genişləndirərək daha çox ölkədən həkim cəlb etməyi planlaşdırırıq.

- Bunun üçün çox böyük bir komandaya ehtiyac olacaq. Hazırda komandanızda neçə nəfər var?

- Əlbəttə ki, əgər tələb artırsa, avtomatik olaraq istehsal həcmi də artmalıdır. Bunun üçün də komandanın genişlənməsinə ehtiyac olur. Hazırda komandamızda 16 nəfər var. Bu platformanın böyük yükü həmin əməkdaşların (dostların) çiyinlərindədir. Həmin dostların hər birinə təşəkkür edirəm.


Müəllif: Könül