13 Oktyabr 2017 18:19
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib.

“Buta Airways” şirkətindən Teleqraf.com-a verilən məlumata görə, uçuşlar 16 yanvar 2018-ci ildən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcək. Bolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq.

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bildirib ki, Sofiya şəhərinə yeni müntəzəm reysin açılması Azərbaycanın mülki aviasiya sahəsində əhəmiyyətli hadisədir: “Bakı-Sofiya istiqaməti üzrə aviareys ölkəmizin vətəndaşları üçün yeni məşhur istirahət istiqamətləri açacaq. “Buta Airways” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslər Avropa və Bakını turistlər üçün daha açıq məkana çevirəcəkdir. Aşağıbüdcəli milli aviaşirkət marşrut şəbəkəsinin genişləndirilməsi və optimallaşdırılması üzrə işləri davam etdirəcəkdir”.

Qeyd edək ki, oktyabrın 29-dan etibarən “Buta Airways” Bakı-İstanbul və Bakı-Sankt-Peterburq marşrutları üzrə uçuşlar həyata keçirəcək.

“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir.


Müəllif: İlhamə Əbülfət