17 Oktyabr 2017 15:21
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Sağlamlıq Mərkəzində (BSM) Ümumdünya Anestezioloq Günü ilə əlaqədar tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin baş anestizioloq-reanimatoloqu Aydın Qədirov və BSM-in anestezioloji şöbəsinin əməkdaşları iştirak ediblər.

Aydın Qədirov Respubikada Ümumdünya Anestezioloq Günü ilə əlaqədar ardıcıl görülən tədbirlərdən danışıb. Onun sözlərinə görə, son 10 ildə ölkədə yeni kadrların hazırlanması sahəsində uğurlu iş aparılıb.

Baş anestizioloq deyib ki, ilk dəfə 1846-cı il oktyabrın 16-da Marton adlı diş həkimi xəstəyə efir narkozu verərək boyun nahiyyəsindəki şişi çıxarıb: "Uğurla keçən əməliyyatdan sonra həmin əlamətdar gün dünya səhiyyəsində də qeyd olunmağa başlayıb.

Ölkəmizdə anestiziologiya-reanimatologiya sahəsində praktiki cəhətdən çox böyük nailiyyətlər əldə olunub. Bu gün respublikada elə bir tibb mərkəzi yoxdur ki, orada anestiziologiya-reanimatologiya şöbəsi olmasın".

Aydın Qədirov onu da qeyd edib ki, bütün sahələrdə olduğu kimi, səhiyyədə də həm uğurlu, həm də təəssüf hissi ilə nəticələnən cərrahi proseslər olur. Lakin burada tibb işçilərini günahlandırmaq olmaz: "Həkimlik çox çətin və məsuliyyətli peşədir. Cərrahi əməliyyatlarda hər zaman risk mövcuddur. Bu riski artıran ilkin səbəblərdən biri xəstələrin öz sağlamlıqlarına diqqət etməməsidir. Mən müxtəlif ölkələrdə keçirilən tədbirlərdə olmuşam və əminliklə deyə bilərəm ki, ölkəmizdə bu sahədə yüksək səviyyəli xidmət göstərilir.

Ümumiyyətlə cərrahiyyə sahəsində əldə olunan bütün uğurlu nəticələrin əsasında anestiziologiya-reanimatologiya dayanır".

Doğum şöbəsinin anestiziologiya -reanimasiya şöbəsinin müdiri Rauf Yaradanquliyev deyib ki, hazırda uğurlu nəticələrin sayı artır: "Mərkəzimiz ən son texnologiyalara cavab verən avadanlıqlarla təchiz olunub. Bu günə qədər mərkəzimizə müraciət edən xəstələrin əməliyyata qədər bütün prosedurları ardıcıllıqla keçirdiyi üçün əməliyyatlar uğurla başa çatır. İstər normal doğuş, istərsə də keysəriyyə əməliyyatı ilə ana və körpə sağlam şəkildə normal palataya köçürülür."

Yeni doğulmuşların anestiziologiya -reanimasiya şöbəsinin müdiri Gilə Nəcəfova qeyd edib ki, xəstəxanada yenidoğulmuşlara xüsusi qayğı göstərilir.


Müəllif: Könül