18 Oktyabr 2017 09:26
2 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar dırnaqlarında boya olan zaman dəstəmaz ala bilər.

Teleqraf.com xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri digər ilahiyyatçı Hacı Şahin Həsənlinin “dırnaqlarında boya olan qadınlar dəstəmaz almamalıdır” fikrinə münasibət bildirərkən deyib.

Elşad Miri bunun əksini düşünür:

“İnsanlarda belə bir fikir var ki, qadın adət olarsa, oruc tuta, dırnağına boya sürtərsə, dəstəmaz ala bilməz. Sanki din bütün qadağaları kişilərə yox, qadınlara aid edir. Sonda da belə bir fikir irəli sürülür ki, guya peyğəmbər qadınlarda dini əyrilik olduğunu deyib. Səbəb də qadağalara riayət etməmələri göstərilir.

Digər tərəfdən deyirlər ki, qadınlar xına çəkə bilər. Xına təbəqə formalaşdırmır? Xınaya icazə verilibsə, laka niyə icazə verilməsin?”

İlahiyyatçı qeyd edib ki, Quranda dəstəmazla əlaqəli yeganə ayə "Maidə" surəsindədir:

“Ayənin sonuncu cümləsi də bu cürdür: “Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər”.

Yəni dırnaq boyasını hər dəfə namaz qılanda silib, yenidən çəkmək çətinlik deyilsə, edin. Amma lak sürtüb, namaz qılmaq istəyirsizsə, heç bir problem yoxdur”.

Xatırladaq ki, bu günlərdə Hacı Şahin açıqlamasında bildirib ki, qadınların dırnağında boya olan zaman dəstəmazda su bədənə təmas etmir. Bunun üçün dırnaq boyası silinib, sonra dəstəmaz alınmalıdır.


Müəllif: İlhamə Əbülfət