18 Oktyabr 2017 16:24
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Respublika Perinatal Mərkəzdə “Hamilə qadınlarda yarana biləcək fəsadlar” mövzusunda konfrans keçirilib. Təbirdə xarici və yerli mütəxəssislər, doğum evlərinin baş həkimləri və digər mütəxəssislər iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, respublikanın baş ginekoloqu, Perinatal Mərkəzin baş həkimi Sevinc Məmmədova ölkədə son 9 ayda 17 ana ölümü faktının qeydə alındığını deyib:

"Bu günki tədbirin əsas məqsədi hamiləliyə qədər və sonrakı proseslərdə yarana biləcək fəsadların qarşısının alınması istiqamətində maarifləndirici məlumatların verilməsidir. Tədbirə Rusiyanın Beynəlxalq Dostluq Universiteti mama-ginekologiya kafedrasının professoru Olqa Pustotinanı da dəvət etmişik.

Ümumiyyətlə, ana ölümlərinə əsas səbəb qadınların hamiləlik prosesinə laqeyd yanaşmasıdır. İlkin aylarda tez-tez həkimə müraciət olunsa da, son aylarda - bu aylar hamiləliyin ən önəmli dövrü hesab edilir - qadınlar bunu nəzərə almırlar. Mərkəzimiz respublikada fəaliyyət göstərən qadın məsləhətxanaları ilə əlaqəli fəaliyyət göstərir. Ümumi götürsək, hər 3 qadından biri fəsadlaşmış hamiləliklə qarşılaşır. Əvvəlki göstəricilərə nisbətən ölüm hallarında azalma müşahidə olunur".

260-dan çox həkimin cəlb olunduğu tədbirdə bir çox məsələlərə toxunulub. Sevinc Məmmədova qeyd edib ki, ölüm halları daha çox 18 yaşlı gənc analarda rast gəlinir: "Hamiləlikdən öncə orqanizmdə hər hansı infeksiya və iltihab prosesi fəsadlaşmaya təsir göstərə bilər. Eyni zamanda irsi xəstəliklər, qadınlarda 3-cü dərəcəli piylənmə, 18 yaşa qədərki və 32 yaşdan sonra hamiləlik zamanı təəssüf ki, xoşagəlməz sonluqlar müşahidə olunur.

Bunun qarşısını almaq məqsədilə mərkəzimizdə bütün zəruri tədbirlər görülür. Hamiləlikdən əvvəlki dövrdə orqanizmdə baş verən kənar proseslər aşkarlanaraq aradan qaldırılır. Hamiləlik dövründəki fəsadlaşmalar isə hamiləliyin 22-ci həftəsindən sonra özünü büruzə verir. Perinatal Mərkəzin özünün konsultativ klinikası var və təyinatla buraya göndərilən xanımların fəsadlaşma riski peşəkar mama-ginekoloqlar tərəfindən aradan qaldırılır".


Müəllif: Könül