20 Oktyabr 2017 09:14
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlara düzgün oturuş qaydaları bağçadan öyrədilməlidir.

Bu sözləri Teleqraf.com-a pediatr Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, söhbət oxuyub-yazmaqdan getmir: “Uşaq gərək yemək masası arxasında da düz otursun. Əks halda uşaq görmə, onurğa və qamət deformasiyası problemləri ilə qarşılaşacaq. İndiki uşaqlar son dərəcə hiperaktivdi, bir yerdə rahat dayanmır. Ona görə də bağça yaşından onlara masa ətrafında düzgün oturmağı öyrətmək lazımdı. Necə ki, çəngəli, bıçağı tutmağı öyrədirlər”.

Həkim xatırladıb ki, uşaq sümüyü çox incə olur: “Bu səbəbdən uşaq bədəninin inkişafına ciddi yanaşmalıyıq. Düzgün oturuş məktəbdə daha vacibdi, əks halda təkcə qamət əyilmir, həm də uşağın görməsinə və bütövlükdə psixikasına ziyan dəyir. Elə vəziyyətdə uşaq nə normal yaza, nə də oxuya biləcək. Yaddaşı da zəifləyəcək.

Məktəbə ayağım düşəndə daha çox ibtidai sinif uşaqlarına fikir verirəm. Heç biri düzgün oturmur. Televiziyada bir süjetə baxanda gördüm ki, yuxarı sinif şagirdlərinin də oturuşunda problem var.

Biz adətən, günahı başqalarının - müəllimin, həkimin üstünə atırıq. Bəs valideyn hara baxır? Evdə bir uşağı öyrədə bilməyən valideyn müəllimlərdən 20-25 uşağa düzgün oturmağı öyrətməyini istəyir”.

Pediatr əlavə edib ki, uşaqla stolun üstündəki dəftər-kitab arasında ortalama 30 sm məsafə olmalıdı: “Ətrafımız baxsaq görərik ki, azyaşlıların çoxu eynəklidi. Hamısının səbəbini düzgün oturmamaqda görə bilmərik, amma səbəblərdən biri də budur”.


Müəllif: Şəfiqə Nazimqızı