20 Oktyabr 2017 11:07
2 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı mühüm xidmətlərindən biri də xalqın canlı danışıq dilinin dövlət dili səviyyəsinə qaldırılmasından ibarət olub. Məhz onun şəxsi təşəbbüsü, gərgin səyləri və mübarizəsi nəticəsində müttəfiq dövlətlər arasında ilk dəfə Azərbaycan SSR-nin 1978-ci ildə qəbul edilmiş konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub.

Sözsüz ki, Heydər Əliyevin Azərbaycan dilinin qorunub saxlanılması, bu dilin dövlət dili səviyyəsinə qaldırılması istiqamətindəki fəaliyyəti ittifaq rəhbərliyi tərəfindən müsbət qarşılanmırdı. Ancaq sadə xalq kütlələrinin ürəyincə idi. Əmək və müharibə veterenı Rəmzi Yüzbaşovun 30 mart 1980-ci ildə Heydər Əliyevə yazmış olduğu məktub bunun bariz nümunəsidir.

Məktubların biri isə 1981-ci ildə 70 yaşı tamam olan xalq yazıçısı Mirzə İbrahimova yazılıb. Görkəmli ictimai xadim M.İbrahimov da Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması istiqamətində xidmətlər göstərib. O, məhz bu fəaliyyətinə görə ittifaq rəhbərliyini qəzəbinə tuş gəlib.

M.İbrahimovun qızı, əməkdar incəsənət xadimi, professor, bəstəkar Sevda İbrahimovanın “Aydın Yol” qəzetinin 22 oktyabr 2016-ci il tarixli sayında çap olunan müsahibəsində oxuyuruq:

“Bəlkə, oxumusunuz, Mirzə İbrahimovu ana dilinin keşiyini çəkdiyinə görə çox incitdilər, axırda da işdən çıxardılar. Bu hadisələr 1956-cı ildə olub. O zaman biz harasa gəzməyə çıxanda insanlar atama yaxınlaşıb, ona ürək-dirək verirdilər. Bu, atamı çox sevindirirdi. Məsələnin ancaq bu tərəfini deyə bilərəm. Onun ana dili uğrunda apardığı mübarizələri, etdiyi xidmətləri atamla bir işləyən insanlar, həmin hadisələrin şahidi olanlar daha yaxşı bilər. Deyə biləcəyim odur ki, atam işdən çıxarılanda qətiyyən pis olmadı. Öz xoşbəxt məkanına-yazı dünyasına pənah apardı”.

Qeyd edək ki, məktubların surətini redaksiyamıza tanınmış şərqşünas, ilahiyyatçı, şair Nəriman Qasımoğlu təqdim edib.


Müəllif: Səxavət HƏMİD