21 Oktyabr 2017 08:57
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündüzün qısa, gecənin uzun vaxtlarıydı. Ovuc içi boyda çörəyi yeddi yerə bölərdik. O vaxtlar qarğıdalı çörəyinin qoxusu burnumuzdan getməmişdi hələ. O vaxtlar... o vaxtlar nə işıq yaxşı yanırdı, nə qaz normal gəlirdi. Gəlmirdi, qaz heç gəlmirdi. Fıs-fıs fısıldayırdı eləcə. Fısıldada-fısıldada gözləyir, gözümüzü açanda görürdük, yatmaq vədəsidir.

İşıqlar da serialın ən şirin yerində sönürdü, ya da reklamlar bitəndən dərhal sonra... Anam seriala baxmağa çox həvəsliydi. Bir-iki dəfə söhbətin şirin yerində işıqlar söndü, gözü qırıldı. Odur-budur, serial görəndə kanalı çevirir. Deyirəm, atasına rəhmət o vədələr işıq söndürənlərin, indi heç olmasa serial sarıdan ürəyimiz rahatdır, baxanımız yoxdur. Hərdən dədəm baxır, ona da yalvar-yaxar edəndə yola gəlir.

Nə deyirdim?

Hə, belə ac-yalavac günlərin birində, harda var, harda yox, bir sarı pişik çıxıb gəldi həyətimizə, sapsarı pişik. Bir ayağı sınmışdı. Hər şeydən qabaq onun səbəbini araşdırmağa çalışdıq. Hər ağızdan bir söz çıxırdı. Böyüklər uzun-uzadı danışırdı, yadımda qalmayıb. Hardan ağlına gəlmişdi, bilmirəm, bacımın fikrincə, onu it qovlamışdı. Qovlaya-qovlaya bir dar dalana dirəyib, ayağını sındırandan sonra rahat buraxmışdı.

Fikrimcə, insan işi olmalıydı. Dəfələrlə qonşu Rəsulun ac pişikləri yaba ilə teylədiyini görmüşdüm. Bəli, o eləmişdi. O qədər əminliklə yana-yana danışdırdım, deyərdin, gözümlə görmüşdüm, gəl ki pişiyi yabanın caynağından almağa gücüm çatmamışdı.

Qardaşımın fikrincə isə...

Onun fikri yox idi, çünki özü yox idi; doğulmamışdı hələ. Hərdən evdə söhbət düşür, belə deyirəm, az qalır öldürsün. Yanımızda bir böyük olmasa öldürər, inan, öldürər. Məndən balaca da olsa, göz dəyməsin, yeddi mənim kimi oğlana dəyər. Bir dəfə mərc elədik, iki əlimlə sol qoluna dov gələ bilmədim, ağzım açıq qaldı.

Hə, pişiyi deyirdim, pişiyi.

Bu aralar yaddaşım məni ələ verir, hər şeyi unuduram, tez-tez xatırlamağa məcbur qalıram. Deməli, sarı pişik qapıya qədəm basanda anam söz eləmədi, dədəm isə ənənəvi olaraq “yox” dedi. Bir az da onda yalvar-yaxar elədik, yumşaldı. O gündən bizimlə yaşadı.

Çox yaltaq olur pişiklər. Tez uyğunlaşdı, tez. İki gündür, tanıdığı adama bir yalmanırdı, gəl görəsən. Yalmana-yalmana qarnını doydururdu. Nə yeyirdik, ondan yeyirdi. Yeməyə bir şey tapmayanda da bizimlə bərabər ayın axırında qapıdan girəcək beş-on manat pensiyanı gözləyirdi (Bəlkə də, gözləmir, hansısa zibillikdə gününü gün edirdi, nə bilmək olar. Hər halda özünü elə göstərirdi).

Nə yaxşı o pensiya vardı. Olmasa məmləkətin axır günü nə olardı, bilmirəm. Məmləkətin halını bir yana, əmin olduğum bir şey var ki, o pişiyi tanımayacaqdıq. Tanıdıq, yaxşı ki tanıdıq. Azından ilk günlərdə belə fikirləşirdik.

Beləcə-beləcə, balaca-balaca yeyib kökəldi, yatıb ayağının sınığını sağaltdı. Bir balaca axsayırdı, onu da dərd eləmirdik.

Əslində, mən dərd eləyirdim, çünki məhəllə uşaqları onu mənə oxşadırdı, əsəbiləşirdim. Bir gün dayıoğlu məzəli əhvalat danışdı, güldüm. Sonralar özümlə zarafatlaşmağa başladım. Əkizim idi o pişik.

Bir gün qəfildən çıxıb gedəndə də ən çox mən ağlaşmışdım. Həftələrlə gözlədik. Hamı gözlədi. Qonum-qonşu, yaxın-yamac. Hamıdan çox da mən gözlədim. Elə bilirdim, bir yarım haralardasa acdı.

Günlərin bir günü dədəm inəyi otarıb gələndə dedi, Sarını (pişiyə belə deyirdik) gördüm, Rəsulun bağında küllənirdi.

Ürəyim dözmədi, səhər erkəndən Rəsulgilə getdim. Gözümə inana bilmədim. Rəsulun həyətində qazan dibi yalayırdı Sarı. Məni görmədi. Niyəsə hələ də fikirləşirəm ki, görsə ölüb yerin dibinə girərdi.


Müəllif: Hikmət Orhun