24 Oktyabr 09:25
2 333

2017.10.23 20:29

"20 yaşında gənc idim. İstiqlal mücadilələri içində böyümüşdüm. 1918-ci ilin mart qətliamı günlərində saysız-hesabsız qurbanlar vermişdik. Vücudum 15 sentyabr zəfər mücadiləsi ilə yoğrulmuşdu. 28 May səadəti ilə dalğalanan müqəddəs üç rəngli bayrağımızın altında kölgələnmək səadətini dadmışdım. Hürriyyətin nə olduğunu öyrənmişdim".

(Əjdər Qurtulan, "Azərbaycan" dərgisi, 1962-ci il)

Onun adına ilk dəfə balaca bir fotoşəkilin arxasında rast gəlmişdim. Azərbaycan Cümhuriyyətinin İstanbul səfirliyinin yerləşdiyi binanın şəklinə arxa tərəfdən bu sözlər yazılmışdı: “Azərbaycanın qara gününün (27 nisan) 38-ci ili münasibətilə möhtərəm Mirzəbala bəy arxadaşıma-qardaşıma təqdim edirəm. İstanbul, 27.04.1958-ci il, Əjdər”.

Əjdər adlı şəxsin kimliyi həmin vaxt diqqətimi çəkməmişdi. Sovet zülmündən qaçaraq mühacirətə gedən minlərlə şəxsdən biri zənn etmişdim. Amma daha sonra Ankarada yerləşən Azərbaycan Kültür Dərnəyinin çap etdiyi "Azərbaycan" jurnalında Əjdər Qurtulan imzasını gördükdə, milli hökumət dönəmində onun hərbçi olduğunu bildikdə diqqətimi çəkdi.

Növbəti dəfə bu soyad başqa bir Qurtulanla qarşıma çıxdı: Eldəniz Qurtulan.

Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımla eyvanda çəkilmiş bir fotosu var. Fotoda ikisinin arasında bir gənc dayanıb. Həmin gəncin Əjdər Qurtulanın oğlu olduğunu öyrəndikdə isə bu ailə bir daha diqqətimi çəkdi. Araşdırdım, Eldəniz Qurtulanın "Amcam Hamlet" adlı kitab yazdığını öyrəndim, oxumaq üçün sifariş verdim. Kitab ünvanıma yetişdi, yarısına qədər oxudum, lakin başqa işlərimə görə davam etdirməyi təxirə saldım.

Ötən ilin noyabrında isə Üsküdarda Qaraca Əhməd məzarlığında Mirzəbala Məhəmmədzadənin qəbrini ziyarət edərkən Qurtulan ailəsi bir daha qarşıma çıxdı. Mirzəbala bəyin məzarının arxasında Əjdər, Turan, Eldəniz və Eldar Qurtulanın məzarları vardı...

Bu ilin yayında Bakıda gənc dostum, mühacirət irsi ilə bağlı araşdırmalar aparan Orxan Məmmədzadə "Amcam Hamlet" kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırdığını və Qurtulan ailəsinin Bakıdakı nümayəndələri ilə əlaqə yaratdığını deyəndə çox sevindim.

Bu ailənin üzvü, Azərbaycan Milli Arxiv İdarəsi Dövlət Kino-Foto Sənədləri Arxivinin şöbə müdiri Aidə xanım Babazadə ilə bu qaydada tanış olduq. Bir neçə dəfə görüşdük, Qurtulan ailəsi haqqında geniş söhbət etdik. Bizə qiymətli bilgilər, fotoşəkillər, məktublar verdi.

Əjdər Qurtulan "Azərbaycan" dərgisində öz həyatı haqqında bəzi məqalələr yazsa da, oğlu Eldəniz Qurtulan "Amcam Hamlet" kitabında geniş bir dövrü detallı şəkildə bizə çatdırıb. Bu kitab təkcə Qurtulan ailəsinin deyil, Azərbaycan mühacirətinin romanıdır. Orada Məhəmməd Əmin Rəsulzadənin, Mirzəbala Məhəmmədzadənin, Əli Azərtəkinin və digərlərinin həyatı haqqında ilk dəfə yayımlanan bilgilər var.

***
Əsl soyadı Babazadə olan Əjdər Qurtulan 1898-ci ildə Bakıda doğulur. İlk və orta təhsilini bitirdikdən sonra Bakıda hərbi məktəbə daxil olur. Buranı tamamladıqdan sonra orduda xidmətə başlayır. Bakının işğalından sonra bolşeviklər milli ordunu dağıtmaq üçün ya onun üzvlərini öldürür, həbs edir, ya da ki İran üzərinə göndərərək orada həlak olmasını istəyirdilər. Əjdər də bir müddət İranda qalır, daha sonra gizli Müsavatın göstərişi ilə Bakıya dönür.

1923-cü ilin 15 iyununda İstiqlal Komitəsinin bir çox üzvləri kimi o da saxlanılır. 1927-ci ildə Əjdər yenidən həbs edilir. Bu dəfə o, ya öldürüləcək, ya da Solovkiyə sürgün ediləcəkdi. Buna görə də İran səfirliyi ilə əlaqəsi olan yaxınlarının sayəsində ona İran pasportu düzəldilir.

Əjdər bəy əvvəlcə Rəşt, daha sonra Tehrana sığınır. Tehranda Məhəmməd Əmin Rəsulzadə ilə əlaqə qurur, onun buradakı təmsilçisi olur. "İstiqlal" qəzetinin, "Qurtuluş" jurnalının İranda mühacirlər arasında yayılmasında fədakarlıq göstərir.

SSRİ-nin İranda hegemon olduğu 1940-cı illərdə isə Qurtulan burada qalmağın təhlükəli olduğunu düşünüb İranın yüksək vəzifəli şəxsləri və Türkiyənin İran səfirliyinin dəstəyi ilə yaxın dostu Əli Azərtəkinlə birgə İstanbula gəlir. Əjdər bəy bir tərəfdən ailəsini dolandırmaq üçün bir şirkətdə çalışır, eyni zamanda Azərbaycan Kültür Dərnəyinə və onun mətbu orqanı olan "Azərbaycan"a dəstək olur. 1971-ci il iyulun 6-da İstanbulda Kadıköydə Koşuyolu caddəsində ürək infarktı nəticəsində qaldığı evdə vəfat edir.

Əjdər Babazadənin və onlarla ortaq taleyi bölüşən Əsədullah Axundovun həyatını Eldəniz Qurtulan detallı şəkildə "Amcam Hamlet" kitabında yazıb. Biz oradakı faktlardan bəzilərini təqdim etməyi uyğun bilirik.

Xüsusən, İrana pasportu alarkən Babazadə soyadının Qurtulana çevrilməsi, Rəsulzadənin son günləri ilə bağlı bölümləri həyəcansız oxumaq mümkün deyil.

***

Babazadədən Qurtulana

"Amcam Hamlet", səhifə 254-255.

"...Növbə ona gəldiyi zaman başqaları kimi sənədlərini uzatdı və tək-tək dedi: "Qəni oğlu Əjdər Babazadə, 1898-ci il Bakı doğumlu... Nüfus məmuru sənədlərini almadı, altdan-yuxarı süzdü və hirsli şəkildə dedi: "İllallah siz mühacirlərdən. Bax, diqqətlə dinlə məni. Bir, 1898 miladidir, xristian ilidir, onu unut, burada keçərli deyil. Burada hicri-şəmsi keçərlidir... İki, sabahdan bəri yüzlərlə Babazadə soyadı yazdım, artıq yazmıram, başqa bir soyad söylə, həm də "ev"li, "ov"lu olmasın. Tez ol, sırada gözləyənlər var"...

Əjdər sıradan çıxdı... Nüfus məmuru dəftərinə nə yazsın? Səriyyənin dediyi kimi Qaçqın yazsın? Xeyr, mən qaçmadım ki... Elə isə Sürgün! Xeyr, o da doğru deyil, mən sürgün edilmədim. Nəyəm mən? Mən qurtuldum. Tamam!... Yeni bir həyat başlayır... Qurtulanla başlasın... Əjdər Qurtulan".

Rəsulzadə ilə görüş

"Amcam Hamlet", səhifə 396-397.

"Ankara. Yenişəhər. Sakarya caddəsi, No: 67/3. Qapını Leyla xanım açdı. Məni tanıyırmış, içəri dəvət etdi. Əyləşdim, Əmin bəy gəldi. Hələ Türkiyə adətlərinə alışmamışdım, əl öpmürdüm. Qucaqladı məni. Çox sevimli, istiqanlı bir insandı. Gətirdiyim kitabları verdim, sevinərək aldı, adlarını tək-tək oxudu: "Dadgah, Azer ve ya Zebane Bastani Azerbaygan, Pasoh ber Pasoh, Der Pasohe Bedhahan, Şiegeri, Sufigeri".

"Mənim gəlməyim... - deyə sözə başladım yavaş-yavaş, çəkinə-çəkinə - “Kitab göndərmək məsələsini axsatmayacağam" dedi atam”.

"Çox sağ olsun, sən də çox sağ ol. Əhməd Kəsrəvi, bu kitabların yazarı təbrizli, yəni azəri olduğu halda fars millətçisidir, əleyhimizə əsərlər nəşr edir. Onun iddialarını çürüdəcək bir əsər düşünürəm. Ortaya çıxdığında görərsən. Sən atan, anan haqqında danış. Səhhətləri yaxşıdırmı? Onlar da çox iztirab çəkdilər. Ananın atası Əsədullah Axundov mənim yaxşı dostum idi..."

Rəsulzadənin ölümü

"Amcam Hamlet", səhifə 403.

"Mən imtahanlar içində boğuşarkən Əmin bəy prostat əməliyyatına görə xəstəxanada yatırdı. Mən evimi dəyişdirmə təlaşı içində ikən əməliyyat uğurlu keçmişdi... Bir imtahandan çıxıb o biri imtahana girərkən Əmin bəyin qoluna serum taxmışlar, yəni dekstroz - şəkərli su. Diabet xəstəsi olduğunu nəzərə almadan. Komaya girmiş, bir daha ayılmamış. 6 mart 1955-ci il".

***

Bu gün Qurtulan ailəsi uzaq Amerika və Kanadaya qədər yayılıb. Azərbaycanda da bu ailənin üzvləri Babazadə soyadını daşıyırlar. Biz bu ailənin Bakıda yaşayan üzvü Aidə xanımdan "Varislər" layihəmiz üçün müsahibə aldıq.

Müsahibəni təqdim edirik:

- Aidə xanım, sizin Azərbaycan Cümhuriyyəti ordusunun hərbçisi, mühacir Əjdər Babazadə ilə qohumluq əlaqəniz necədir?

- Çox yaxın qohumuq. Həm yoldaşımın, həm də anamın doğma əmisidir.

- Azərbaycan yenidən müstəqillik əldə etdiyi ərəfədə qohumlarınızla, Əjdər bəyin oğlu Eldəniz bəylə görüşübsünüz. İlk görüş necə oldu, nələr hiss etdiniz?

- Gözəl hisslər idi. İstanbula axşam çatdıq, şam yeməyinə qonaq etdilər. Yeməyə təzə başlamışdıq, soruşdum ki, Eldəniz bəy, Müsavatın ən önəmli adamlarından biri Mirzəbala Məhəmmədzadə olub, onun haqqında bilmək istəyirəm.

İnanın ki, Eldəniz bəyin çəngəl əlindən düşdü. Dedi ki, Bakıdan gələn ilk adamsan ki, məni şok etdin. Kim gəlir, deyir ki, məni apar alış-veriş yerlərinə.

Tez arxivi çıxardı və mən ilk dəfə olaraq Mirzəbala bəyin şəklini gördüm. Azərbaycana Mirzəbala Məhəmmədzadənin fotosunu ilk dəfə mən gətirdim.

- Bəs, əlaqə necə quruldu?

- Əlaqə "Vətən" Cəmiyyəti vasitəsilə quruldu. Əjdər əmim əvvəlcə İrana qaçıb. Bunun maraqlı tarixçəsi var. Mənim qayınatam Əjdər bəyin doğma qardaşı Tağı Babazadə teatr texnikumunda oxuyub. Bir gün Bakıda "Hamlet" tamaşaya qoyulacaqmış, İran səfiri də iştirak edəcəkmiş. Abbas Mirzə Şərifzadə Hamleti oynayacaqdı. Xəbər gəlir ki, baş rolun ifaçısı Şərifzadə möhkəm xəstələnib, qızdırması var, iştirak edə bilməyəcək. Tamaşanın rejissoru Kirmanşahlı qayınatamın texnikumda müəllimi idi. O, Tağı bəyə deyir ki, tamaşanı təxirə sala bilmərəm, artıq birinci zəng çalınıb, hamı salondadır, get qrim otağına hazırlan, Hamleti sən oynayacaqsan.

Qayınatam istəmir, bu qədər insanın qarşısında Hamlet kimi obrazı oynamaq ona çətin gəlir. Amma Kirmanşahlı bildirir ki, müəllim kimi sənə deyirəm ki, oyna. Çıxıb yüksək səviyyədə oynayır. İran səfiri Kirmanşahlını çağırır ki, həmin oğlanı mütləq yanıma gətir, mən "Qlobus" teatrında da belə Hamlet görməmişəm. O zaman Tağı bəyin 19 yaşı vardı. Həmin vaxt Əjdər əmi Bayıl türməsində ölüm hökmünün həyata keçməsini gözləyirdi.

Səfir Tağı bəyə deyir ki, nə istəsən, sənin üçün edərəm. O isə deyir ki, heç nə istəmirəm, qardaşımı xilas elə. Əjdər əmiyə İran pasportu təşkil edilir. İrana keçəndə ad-soyadını soruşurlar. Deyir ki, Babazadə Əjdər Qəni oğlu. İranlı məmur hirslənir ki, bezdik artıq bu “Babazadə”lərin əlindən. Əjdər əmi də bir kənarda düşünür ki, buna bax, biz sovet hökumətindən qurtulduq, amma burda qurtula bilmirəm. Nəsə bu “qurtulmaq” sözü bunu tutur, gəlib deyir ki, yaz Əjdər Qurtulan.

Həmin soyadla da İrana keçirlər. İranda da çox təzyiqə məruz qalır, neçə dəfə öldürmək istəyirlər. Sonra Türkiyəyə keçirlər. Eldəniz bəyə deyirdim ki, Nekrasovun "Dekabristlər" şeiri var, orada qadınlar sürgün edilən ərləri üçün fədakarlıq göstərirlər, ananız Turan xanımı da onlara bənzədirəm. Turan xanım da Əjdər bəyin yolunda çox cəfa çəkir.

- Eldəniz bəylə görüşərkən sizə indiyə qədər bilinməyən nələr danışdı? Həm atası, həm də Rəsulzadə ilə bağlı.

- Rəsulzadənin əşyalarını – eynəyini və qələmini göstərdi. Dedi ki, Rəsulzadə qələmini mənə verdi ki, sən mənim davamçımsan. Eldəniz bəy Müsavat Partiyasının gənclər şöbəsinin sədri olub. Eldəniz bəydə Rəsulzadənin ona yazdığı məktublar, eləcə də, Rəsulzadənin əlyazmaları vardı.

Eldənizlə məktublaşırdıq, bir məktubu qalıb. Deyirdi ki, Aidəcan, məktub yazmağı çox sevirəm. Məndən başqa heç kim ona məktub yazmırdı.

- İstanbula Eldəniz bəyin yanına ilk siz getdiniz?

- İlk qaynımgil, ardınca biz...

- Eldəniz bəy Bakıya ilk dəfə nə zaman gəldi?

- 1988-ci ildə. "Vətən" Cəmiyyətinə ailəsi ilə birgə qonaq kimi gəldi. Eldəniz bəy Azərbaycan ədəbiyyatını, bəlkə də, bizim filoloqlardan, ədəbiyyatçılardan yaxşı bilirdi. Şamaxıda Sabirin muzeyində "Hophopnamə"dən əzbərdən hissələr oxudu. Biz Seyid Əzimin qəzəllərini qəliz olduğuna görə yaxşı bilmirdik, o isə həm onun həyatından danışır, həm də qəzəllərindən oxuyurdu.

Mən məəttəl qalırdım ki, Azərbaycanı görməyə-görməyə bunları necə bilir... Eldəniz bəy həkim idi, İstanbulda Qasımpaşada özəl klinikası vardı. Bununla yanaşı həm rəssam, həm də heykəltaraş idi. Həm də yazarıdı, tərcüməçi idi. Yəni hərtərəfli insandı, heyrət edirdim. Qardaşları o səviyyədə deyildi.

- Ailədə neçə nəfər idilər?

- Dörd oğlan idilər. Eldəniz, Eldar, Elxan, Elbay. Biz gedəndə Eldar sağ idi, boğazında onkoloji xəstəlik tapıldı. Digər qardaşlardan biri Dallasda yaşayır, digəri isə Kanadada. Həyat yoldaşı Fəridə xanım isə İstanbuldadır. Eldəniz bəyin oğlu atçılıqla məşğuldur.

- Eldəniz bəy daha sonra Bakıya yenə gəldimi?

- 1989-cu ildə Elçibəylə görüşmək üçün gəldi. Elçibəylə birgə fotosu var. Müstəqilliyin elanından sonra da gəldi, Dünya Azərbaycanlılarının qurultayında iştirak etdi.

- Eldəniz bəy Rəsulzadənin yanında olmuş, onu görmüşdü. Rəsulzadənin arzusunda olduğu müstəqilliyə də şahid oldu. Nə hisslər keçirdi?

- 1988-ci ildə gəldiyi zaman Bakını görəndə, dedi ki, artıq Azərbaycan oyanıb, mən buraya köçmək istəyirəm, Azərbaycan indi atam danışan dövrü yenidən yaşayır. Amma sonra gələndə bu fikrindən vaz keçdi. Dedi, artıq hər şey dəyişilib, qarışıqlıqdır, kim daha çox qazandı dövrüdür.

"Amcam Hamlet" kitabı faktlarla yazılıb, hamısı atasının xatirələridir. Kitabın üstündəki foto isə qayınatamın şəklidir. Kitab qayınatam Tağı Babazadəyə həsr olunub. O kitabda bizim bütün nəsil var. Mənim anamın da adı çəkilir. Mən o kitabı oxuyanda anam sağ idi. Qayınanamgil müharibə başlayanda Əjdərə görə sürgün edildilər. 1950-ci illərə qədər sürgündə oldular. Qayınatama icazə veriblər, 50-ci illərdə Şamaxıya gəlib. Bakıya gəlməmək şərti ilə. Şamaxıda yoldaşım doğulub. Xruşşovun dönəmində bəraət veriləndən sonra 1953-cü ildə Bakıya qayıdıblar.

Gələndə görüblər ki, Çəmbərəkənddəki evlərini başqalarına veriblər. Yoldaşım danışır ki, biz uşaq idik, evimizi geri aldıq. Amma hamısını ala bilməyiblər. Deyim ki, qayınatam Hamlet rolundan sonra teatrla vidalaşıb, deyib ki, mən Abbas Mirzənin üzünə baxa bilmərəm. Təhsil alıb, Maliyyə Nazirliyində çalışıb.

- Mühacir Əli Azərtəkin də onların yanında dəfn edilib.

- Çox yaxın olublar. Əli Azərtəkin İranda da onlarla bərabər qalıb. Əlinin ailəsi olmayıb, ona görə də bir ailə üzvü kimi həmişə yanlarında saxlayıblar. Vəfat edəndə də onlar dəfn ediblər. Azərtəkin evlənməyib.

- Mirzəbalanın xanımı Bəhirə xanım Azərbaycan əsilli idi, ya Türkiyə?

- Türkiyəli idi. Onların da övladları olmadı.

- Eldəniz bəy Rəsulzadə və xanımı ilə olan birgə fotosu barədə sizə nəsə danışmayıb?

- Deyirdi ki, 30 yaşım vardı. Ankarada görüşdük, şəkil çəkdirdik.

- Eldəniz bəy özü harada təhsil alıb?

- Tehranda təhsil alıb. Türkiyədə ginekoloq işləyib, bu sahədə də kitabları var. Yaxşı tərcüməçi idi. Anarın, Elçinin romanlarını Türkiyə türkcəsinə çevirdi. Cəlil Məhəmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"nı çevirdi. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını çevirməsi ilə bağlı maraqlı hadisə danışmışdı. Deyirdi ki, evdə bir-birimizə Fəridə, Eldəniz yox, Təhminə, Zaur deyirdik.

- Fəridə xanımla necə tanış olmuşdu?

- Çox qəribə tanışlıqları olub. Eldəniz həmişə deyirdi ki, artıq məni bezdirmişdilər, yaşım 30-u keçirdi. Dedim, axı kiminlə evlənim? Qabağıma siyahı qoydular. Şəkilləri göstərəndə, dedim, elə bu yaxşıdır. Fəridə xanım ondan 14 yaş balaca idi.

- Mirzəbala bəy ilə bağlı nələr danışdı?

- Mənə Mirzəbalanın evini göstərdi. Köhnə gecəqondu kimi məhəllədə qalırdı, yəqin ki, indi oraları söküblər. Eldəniz bəyə dedim, bolşeviklər iddia edirlər ki, onlar Türkiyədə bolluq içində yaşayıblar. Dedi, gedək evini göstərim. Göstərdi, uçuq-sökük, daxma kimi bir yer idi. Dedi, bax burda can verdi, şiddətli diabeti vardı, axşam iynə vurmuşdum.

Yeri gəlmişkən, mühacirlərin çoxu şəkərdən öldü. Hamısı təhlükədən, stressdən, qorxudan oldu. İndi də elədir, Əjdər bəyin Kanadada yaşayan oğlu diabetdən əziyyət çəkir. Elbayda azərbaycanlı hissi güclüdür. 1949-cu il təvəllüddür. Torontoda yaşayır. O da buraya gəlib. Əvvəlcə yoldaşı gəlmişdi, sonra özü. 8-ci kilometr bazarına çox vurulmuşdu (gülür). Bu yaxınlarda ürəyindən əməliyyat keçirib. Əsl Babazadədir. Bəzən Əjdər əmiyə görə bizə “həmşəri” deyirdilər. Amma Əjdər əmigil çəmbərəkəndli idilər, sadəcə pasportuna görə elə bilirdilər ki, iranlıyıq.

- Sizin öz ailənizlə də bağlı maraqlı faktlar var...

- Mənim ulu babamın Qubernator bağında pavilyonu olub. Ana nənəm danışardı ki, rus vokalisti Şalyapin Bakıya gələndə babam onun konsertinə aparıb. Müslüm Maqomayev babama bilet vermişdi, yaxşı əlaqələri vardı. Nənəm Azərbaycanın ilk modern qadınlarından idi. Eldənizin babasının mənim də anamın babasının evi Çəmbərəkənddə olub.

Əjdərin qardaşı Ağabba mənim ana babamdı. Amma onların evləri İçərişəhərdə olub. Qızıma Eldəniz bəyin anası Turan xanımın adını vermişəm. Mən xoşbəxt qadınam ki, Turan xanımın adını daşıyan övladım var. Qızımın uşaqlığı Eldəniz bəyin yanında keçib. Bu mövzuları qızımın yanında danışırıq, o da bilir. Eldəniz bəyə demişdik ki, qızımız olsa, ananınız, oğlumuz olsa, atanızın adını verəcəyik. Dedi, gözüm üstə. Yəni halallıq verdi bizə. Qızıma "anam mənim" deyirdi.

- Dəfninə getmişdinizmi?

- Gedə bilmədik. Yoldaşım o ərəfədə əməliyyat olunmuşdu. Zəngləşdik Fəridə xanımla. İndi tez-tez danışırıq. Onun da səhhəti yaxşı deyil. Eldəniz bəy deyirdi ki, mən pul nədir, necə olur bilmirəm. Evin bütün işlərini xanımı görürdü. Eldənizin həyatı kağız və qələm arasında keçirdi. O bir tarix idi.

Eldəniz bəy Kukla teatrı ilə üzbəüz parkda Rəsulzadənin heykəlinin qoyulması ilə bağlı daşı görəndə o qədər sevinmişdi ki... Ağlamaq tutdu ki, burada Məhəmməd Əminin abidəsi qoyulacaq. Universitetə gedəndə də daşı gördü və sevindi ki, artıq o dövr gəldi. Amma gəlmədi... Rəsulzadəyə böyük məhəbbəti vardı. Sizə maraqlı bir fakt da deyim, Maarif Teymur mənə Almas İldırımın oğlu Azər bəyin nömrəsini vermişdi ki, İstanbula gedəndə onunla da görüşərsən.

Sən demə, Əjdər əmigillə Almas İldırımgil Tehranda qonşu olublar. Azərlə Eldəniz yaşıd idilərr. Sonradan bir-birilərini itiriblər. Mən nömrəni Eldənizə verdim, yığdı, danışdılar, neçə ildən sonra bir-birilərini tapdılar. Qərarlaşdılar ki, sabah 6-da kafedə görüşsünlər. Getdik həmin kafeyə. 6-ya 5 dəqiqə qalmış Azər içəri girdi. Mən, Fəridə xanım, Eldəniz bəy və yoldaşım oturmuşduq. Dedim ki, Eldəniz bəy, Azər bəy gəldi. Çünki Almas İldırımın kitabı çıxanda Azər bəy Bakıya gəlmişdi, televiziyada çıxış edəndə görmüşdüm, tanıyırdım.

Eldəniz dedi ki, dinmə, hələ beş dəqiqə var. Yəni alman dəqiqliyi var onlarda. Altı tamam olanda, əqrəb əqrəbin üstünə gələndə stoldan durdu yaxınlaşdı bizə. 1990-cı ilin dekabr ayı idi. Görüşdük, sevindik. Yoldaşımla çoxlu mahnı oxuduq, səsimiz batmışdı. Azər bəy valeh olmuşdu. Evinə dəvət etdi, səhəri ora getdik. Hava limanına yaxın yerdə idi. Mənə içində Ayətül-kürsü olan boşqab hədiyyə etdi, saxlayıram. İndi İzmirə köçüb. Rəsulzadənin dəfn şəkillərini, ahıl dönəminin şəkillərini də ilk dəfə Azərbaycana mən gətirdim. Eldəniz bəy verdi.

***

Müsahibədən sonra Aidə xanım bizə Əjdər Qurtulanın bir fotosunu göstərir. Fotonun arxasında yazılan məlumatdan bəlli olur ki, Əjdər bəy fotonu 1932-ci il noyabrın 29-da Tehrandan anasına yadigar olaraq göndərib.

Aidə xanım həmçinin arxivində saxladığı Eldəniz bəyin onlara göndərdiyi məktubu təqdim edir.

Məktubunda Eldəniz bəy əmisi Tağı Babazadənin oğlu Həsən bəyə yazır:

“13 Aprel. 1990. İstanbul.

Əzizim, Həsən.

Məktubunu böyük bir sevinclə aldım. İçindəki şəkil də bizi çox sevindirdi. Ailə həyatında ikinizə də səadət və can sağlığı arzu edirik. Kifayət xanımdan hamınızın sağlıq xəbərinizi eşitdik, çox şad olduq.

Biz də yaxşıyıq, gözlərimiz də, qulağımız da ölkədən gələn xəbərlərdədir. Hər gün daha xeyirli xəbərlər eşitməyi arzu edirik.

Günəşin nə vaxt oraya gələcəyi məlum deyil. Olanda yazaram.

Mən oraya gəlib göz əməliyyatı olmaq istəyirdim. Amma birdən-birə sol gözüm lap tutuldu. İndi heç görmür. Onun üçün məcbur oldum burada əməliyyat olum. Aprelin 19-da olacağam. Görək, necə olur. Bizdə hər kəsin çoxlu salamı var.

Öpürəm həsrətlə. Eldəniz”.


Müəllif: Dilqəm Əhməd