24 Oktyabr 2017 10:57
3 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəriman Qasımoğlu

Ana dilimiz: ötənlərə səyahət işığında

Azərbaycan ədəbi dilinin qorunması və inkişafına yönəlik dövlət qərarlarının, tədbirlərinin, əlbəttə, xüsusi önəmi var. Ümid edirəm dövlət dəstəyi çox şeyi həll etdiyi kimi bu sahədə də irəliləyişə yol açacaq, TV-lərdə ədəbi dilimizin son yüzillikdə formalaşmış gözəl ahənginə xələl gətirən aparıcıların biabırçı ləhcələrinə, tələffüzlərinə, eləcə də dilimizə yoluxmaqda olan nöqsanların yayılmasına getdikcə son qoyulacaq.

Bu arada dilimizlə bağlı bəzi xatirələrim dilə gəlir ki, bizi də, necə deyərlər, qələmə al.

... 80-ci illərin ortaları idi...

Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işləyirdim. Ədəbiyyat İnstitutundan fərqli olaraq bizdə elmi işlər rusca yazılır, yaradıcılıq müzakirələri, kargüzarlıq əsasən rusca gedirdi. İnstitutun direktoru rəhmətlik Ziya Bünyadovla da rusca danışır, ona “Ziya Musayeviç” deyə müraciət edirdik. Ruscanın bu elmi-tədqiqat institutunda üstün mahiyyətdə işləkliyinə hamı bir növ öyrəncəli idi. Bir dəfə komsomol iclasında mənə söz verilir. Nitqimi öz dilimizdə edirəm. Bir azərbaycanlı qız mənə yerindən nümayişkəranə söz atır ki, onun anladığı dildə, yəni rusca danışım. Kürsüdən elan edirəm, öz dilimdə danışmağı kim mənə qadağan edə bilər axı?! Elə bunu deyib nitqimə davam etmək istəyirəm, bu zaman başqaları da həmin əməkdaşımızın səsinə səs verib əleyhimə küy salırlar. Məcbur qalıb Azərbaycan SSR-nin 1978-ci ildə yenilənmiş konstitusiyasında ana dilimizin dövlət dili elan edilməsi müddəasına istinad edirəm və səs-küy qaldıranları (səs-küyçülər KQB çuğulçularının siyahısına müsbət mənada düşmək üçün həqiqətən canfəşanlıq edir, biri-birinə aman vermirdilər) dövlət dilinə hörmət qoymağa çağırıram. İclasda iştirak edən partiya komitəsinin katibi başını bulayaraq zalı tərk edir. İclas pozulur...

Yeri gəlmişkən, o zaman istinad etdiyim konstitusiya müddəasının maraqlı tarixi var. Məsələ burasındadır ki, 1977-ci ildə SSRİ-nin yeni konstitusiyası qəbul ediləndən sonra müttəfiq respublikalar üçün hazırlanan konstitusiya layihələrində yerli dillərə dövlət dili statusu nəzərdə tutulmamışdı. Tiflisdə çıxan “Заря Востока” qəzetində 1978-ci ildə Gürcüstana aid dərc edilmiş bu layihə o zaman sovetlər üçün görünməmiş bir hadisə ilə nəticələnmişdi. Gürcü ziyalıları paytaxtlarında doğma dillərinə dövlət statusu verilməsi tələbi ilə həmin ilin 14 aprelində kütləvi mitinqlər təşkil etmişdilər. Kremli çaş-baş qoyan kütləvi etiraz onunla nəticələnir ki, Moskva güzəştə getməyə məcbur olur. Gürcülərə güzəşti ört-basdır üçün Kreml Baltikyanı və digər Zaqafqaziya respublikalarında da yerli dillərin dövlət statusunu konstitusiya müddəası kimi təsdiq edir, amma Orta Asiya ölkələrini bu statusdan məhrum buraxır. Hazırda Gürcüstan 14 aprel gününü ana dili günü kimi hər il bayram edir.

Azərbaycan SSR-də də dil davasının şərəfli tarixi var. Bu tarix gürcü ziyalıların qeyd etdiyim kütləvi etirazlarından 20 il əvvələ gedib çıxır və həmin dövrə aid milli dil mücadiləsinin gürcülərdə olduğu kimi çoxsaylı qəhrəmanları olmayıb, bir qəhrəmanı olub: görkəmli ədibimiz Mirzə İbrahimov. Tarixçilərimiz bu barədə yetərincə yazıblar. Bilməyənlər üçün bir daha qeyd edim ki, Mirzə İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində olarkən onun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili olması məsələsi 1956-cı ilin avqust ayında Ali Sovetin üçüncü sessiyasında Moskvanı məlumatlandırmadan, sovet rəhbərliyinin başı üzərindən müzakirə edilərək xüsusi qərara salınır. Bundan sonra vəzifəsi ilə vidalaşmalı olur, dövlət səviyyəsində millətçilikdə suçlanaraq ittihamlara tuş gəlir. Azərbaycan KP MK-nın 1959-cu il plenumunda əvvəlcədən hazırlanan ssenari üzrə səslənən çıxışlar bu yığıncağı onun bir növ məhkəməsinə çevirir. Həmin plenuma “Ədəbiyyat qəzeti”nin redaktoru qismində sıravi iştirakçı kimi dəvət olunan Qasım Qasımzadə mənə danışırdı ki, M.İbrahimov bütöv bir siyasi elitanın amansız hücumları qarşısında qürurunu itirmədi. İclas bitəndə isə yanında bir nəfər də qalmamışdı, hamı bu “yıxılan”ın yanından uzaq durmağa çalışırmış. Qasım müəllim M.İbrahimovu tək buraxmır, onun qoluna girib Dənizkənarı Bulvara dəvət edir və söhbətlərinin də, necə deyərlər, “mübtədası-xəbəri” yenə bu dil məsələsinə aid olur...

Sonrakı dövrlərdə isə dilimizin sovet gerçəklikləri müstəvisində dövlət qayğısı ilə əhatə olunması, əlbəttə, bilavasitə Heydər Əliyevin xidmətləri ilə bağlıdır. Bu barədə çox yazılıb, deyilib. Yaxınlarda Qasım Qasımzadənin arxivindən tapdığım bir sənəd də yazılanlara, deyilənlərə işıq tutur. Bu, ana dilimizin qeyrətini çəkməyi hər zaman özünün həyat amalı bilən qocaman jurnalist Rəmzi Yübaşovun H.Əliyevə ünvanladığı məktubdur. Bir nüsxəsini tanışlıq üçün Qasım müəllimə göndəribmiş. Özünəxas sadəliklə yazır:

“Hörmətli Heydər yoldaş!

Televizorun qabağında iki nəfər bir-birinə çox təəccüblə baxdı. Ali Sovetin iclası. Bu nə işdir? Bəlkə danışan Nəriman Nərimanovdur. Yox, belə deyildi. Danışan Siz idiniz. Həm də gözəl Azərbaycan dilində. Bu baxımdan Sizə respublika rəhbəri demək çətindir. Çünki 60 ildə biz belə şey görməmişik. Keçmiş bütün birinci katiblər Azərbaycan xalqının dilində danışmağı bəlkə də özlərinə həqarət sanmışlar. Dinlədik. Sizi dinlədik. Evdəki uşaqlar da sevinirdi. Bu xoş dəqiqələri Siz bizə bəxş etmişdiniz. Qoy həmişə belə olsun...

Yoldaş Heydər! Əslində, sizin bu cəhdiniz çox böyük siyasi gözüaçıqlıq olub başqaları üçün də vacibdir.

Dünya görmüş qocalar adından əmək və müharibə veteranı Rəmzi Yübaşov. Bakı, 30 mart 1980”.

Qocaman jurnalistin başqa bir məktubu da Mirzə İbrahimova ünvanlıdır, ədibin 70 illik yubileyi münasibətilə yazılıb:

“Anadan olmağınızın 70 illiyi münasibətilə aldığınız dəbdəbəli, nəşəli təbriklərdən sonra belə bir məktub almaq, əlbəttə, arzu ediləcək hal deyil... Lakin mən Sizi arif, düşüncəli bir şəxs kimi tanıdığımdan bu məktubu yazıram. Mənim 76 yaşım var. 1921-1922-ci illərdə N.Nərimanovun respublikamıza rəhbərlik etdiyi dövrdə mən bir xalq komissarlığında kargüzar vəzifəsində çalışırdım. Orada yazı işləri ana dilində gedirdi. Mən bu əllərimlə dövlət bankına assiqnovkanı Azərbaycan dilində yazmışam. Bu yol Lenin milli siyasətinin tətbiq yolu idi. Siz də bu yolla getmək istədiniz. Baş tutmadı. Görünür, yol dəyişmişdir.

İndi ana dilini unutmaq alçaqlıq deyil, yüksək mədəniyyət və Lenin partiyasına sədaqət nümunəsi sayılır. Bu dövrdə baş verən sizin 70 illik bayramınızı təbrik edir və Sizə uzun ömür arzu edirəm.

Hörmətlə: müharibə və əmək veteranı Rəmzi Yüzbaşov”.

Rəmzi müəllim SSRİ rəhbərlərinə ünvanladığı məktubların surətlərini də Qasım müəllimə göndərirmiş ki, bunlarda erməni millətçilərinin soydaşlarımız əleyhinə apardığı siyasət ifşa edilir. Bu qəbildən yazılarından bir nüsxəni də 1986-cı ildə “gözüaçıq şairimiz Nəriman Qasımzadəyə çatacaq” bildirisilə “Ulduz” jurnalının redaksiyasına göndərmişdi. Bu, həm də jurnalda “Ocaq” kitabının müəllifi Zori Balayanı hədəfdə tutan “Zorbala ilə İsanın nağılı” şeirimə onun münasibətinin ifadəsi idi...


Müəllif: Teleqraf.com