24 Oktyabr 2017 13:45
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət mülkiyyətinin daha bir növünün özəlləşdirilməsi qadağan edilir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6.2-ci (Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan bəzi əmlak növlərinin özəlləşdirilməsi qadağandır) maddəsinə yeni bənd əlavə edilməsi təklif olunur.

Layihəyə görə, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələrinin özəlləşdirilməsi qadağan olunur.

***

Azərbaycanda elmi işçilər mütəmadi olaraq attestasiyadan keçəcəklər.

Bununla bağlı Əmək Məcəlləsinin 65-ci (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) maddəsinə əlavələr təklif olunur. Layihəyə əsasən, elmi işçilər 5 (beş) ildə bir dəfədən çox olmayaraq, attestasiyadan keçməlidir.

***

Kiçik ilgəkli balıqtutan torların, balığı elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazların Azərbaycana gətirilməsinə qadağa qoyulur.

Bununla bağlı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, siyahıya diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar və keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoruvə akkumlyatordan (batareya) ibarət balıq və digər su bio resurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar əlavə edilir.
Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

***

Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik təklif olunur.

Dəyişiklik Mülki Məcəllənin 842-ci (Sərnişin daşınması müqaviləsi) maddəsində edilir.

Hazırkı qanunvericiliyə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

Dəyişikliklə isə sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılacaq.

***

Məhkəmə məhkum edilmiş həm Azərbaycan vətəndaşlarını, həmçinin əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacaq.

Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 9-cu (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ) maddəsinə edilən əlavəyə əsasən, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda-məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək onların ölkədən getmək hüququ məhdudlaşdırılacaq.

Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana getməsinin müvəqqəti məhdudlaşdırılması qaydasında da əskini tapacaq.

Cinayət Məcəlləsinə əsasən, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 8 yaşına qədər uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 8 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

Layihələr Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq


Müəllif: Teleqraf.com