25 Aprel 2014 11:52

Baba YAŞAROĞLU,

AMEA Rəyasət Heyəti İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

İnsanın gerçəkliyə çevirmək istədiyi xəyali gücü onun vizual dərketməsinin göstəricisidir. Koordinatlarını tutduğumuz, qeydlərini apardığımız qlobal mühit, rəngarəng prosesləri ilə zəngin dünya və yaşadığımız sosial toplum bizi düşündürməyə bilməz.

Bu gün müasir informasiya məkanında elmi nailiyyətlər, alimlərin fəaliyyətləri və sair haqqında ictimaiyyətə daha anlaşıqlı üslubda məlumatlar, xəbərlər, müəllif yazıları yayılmaqdadır. Özünün üslubi xüsusiyyətləri, bilgilərin məntiqi düzülüşü və dəqiqliyi ilə seçilən bu fəaliyyət sahəsi alim və ictimaiyyət arasındakı əsas nöqtədir. Bu bir jurnalistika sistemidir, fəaliyyətin göstəricisi olan araşdırmalar isə aylar çəkə bilər ki, yekunda alınan qonorar çox yüksəkdir və dünyanın istənilən yerindən bu sistemə rahat qoşulmaq imkanı var.

Məqsədləri ilə seçilən elmi jurnalistika

Elmi jurnalistika alim və jurnalist tandeminin xüsusiyyətlərini özündə ehtiva edən bir fəaliyyət sahəsidir. Sözügedən sahənin nəzəri məqamları, işləmə mexanizmləri, tədris proqramları, etik kodeks göstəriciləri və digər özəllikləri haqqında xarici ölkələrdə kifayət qədər mənbə və materiallar var. Eyni zamanda, günümüzdə müasir qlobal tədqiqatların aparıldığı, ixtiraların sıralandığı elmin öz növbəsində təbliği də diqqət mərkəzində saxlanılmaqdadır. Həmçinin elmi yenilikləri çoxsaylı oxucu auditoriyası üçün anlaşıqlı və əlçatan etmək, interaktivlik yaratmaq, uzaq məsafələrdə yaşayan alimlərin bir-biri ilə təcrübi əlaqələrinin yaranmasına və elmi müzakirələrin qurulmasına kömək göstərmək kimi funksional məqsədləri daşıyan elmi jurnalistika status baxımından da özünəməxsusluğu ilə seçilir.

Peşənin digər istiqamətlərinə nəzərən daha çox zəhmət və dəqiqlik tələb edən elmi jurnalistikada dünyanın istənilən bucağından, eyni istiqamətdə bir-birindən xəbərsiz də olsa araşdırmalar aparan alim və mütəxəssislərin nəticələri eyni vaxtda diqqətdə saxlanmalı, çap etdirilmiş materiallar bir-biri ilə uzlaşdırılmalı, günümüzün həssas oxucu auditoriyasının tələblərinə və bir o qədər də önəmli olan sosial məsuliyyətə uyğunlaşdırılmalıdır.

Əslində elmi yenilikləri ətraflı və dəqiq, heç bir tərəf tutmadan, özünün texniki özəllikləri ilə təqdim etmək, faktlar əsasında aparılan uzunmüddətli və serialanan araşdırmalarla elmi dəyərləri qorumaq və ictimaiyyət arasında təbliğini həyata keçirmək də elmi jurnalistikanın başlıca məqsədidir. Müəllifdən tam dəqiqlik istəyən və təcrübəlilik nümayişi gözləyən elmi jurnalistika özünün hər mərhələsində necə vacib olduğunu sübut etməkdədir.

Elm adamları tərəfindən yazılan araşdırma materiallarında çətin anlaşılan terminlərdən geniş istifadə olunur. Bir elmi jurnalistin vəzifəsi isə həmin termin və anlayışları elmi-publisistik məqalə və sənədli filmlərin, xəbərlərin dili ilə ictimaiyyət üçün daha anlaşılan etmək, düzgün informasiya körpüsü yaratmaqdır.

Hansı ölkələrdə ki, jurnalistikanın bu qolu formalaşmayıb, həmin ölkələrdə ənənəvi informasiya kəsiri davamlı bir model kimi qalmaqdadır. Bu da elm adamları və ictimaiyyət arasında açıq dialoqu məhdudlaşdırır və məlumatların birbaşa ünsiyyət prosesinə keçməsinə mane olur.

Dünya mediasında elm və onun təbliği

Yayımın bu qədər asanlaşdığı və informasiyalara girişin demək olar ki, sərhədsiz olduğu bir mühitdə hər gün yeni təbliğat vasitələri, televiziya proqramları və sair yaranmaqdadır. Sosial vəziyyətindən, yaşından və dünyagörüşündən asılı olmayaraq, hər kəsin maraqla izləyəcəyi əyləncəli elmi nümayişlər, hər kəsin nə isə öyrənə biləcəyi sərgilər, festivallar və bu kimi başqa faydalı tədbirlər elm və onun təbliği işində müstəsna əhəmiyyətə malikdir.

Bilgilər çağında hər gün yeni bir informasiya almaq, məlumatlanmaq istəyi insanların sosial və intellektual sifarişləri kimi qəbul olunmalıdır. Öz növbəsində elmi jurnalistika bu sifarişlərə nəzərən auditoriyanın hər bir üzvünün maraqla izləyəcəyi tarixi və sosial proseslərdən, dəyişməkdə olan ətraf mühit, canlılar aləmi haqqında informativ proqramlar hazırlamalıdır. Fikrimcə, “Discovery”, “History”, “Animal Planet”, “National Geographic” kimi televiziya kanallarında yayımlanan elmi əsaslı nümayişləri, sənədli filmləri, məşhur fransız səyyahı Kustonun özünəməxsus macəralarını hər kəs maraqla izləyib.

Məhz elmi jurnalistikanın daha təsirli televiziya modelindən istifadə etməklə nəinki bir cəmiyyətin, ümumilikdə bütöv bir kontinentin intellekt səviyyəsini, elmə marağını tədricən yüksəltmək olar. Yuxarıda sadaladığım televiziya kanallarının fəaliyyəti də bu baxımdan təqdirəlayiqdir.

Məlumdur ki, çap və yayım mediasında ən az tərkib elmi jurnalistikanın payına düşür. Dünya miqyasında bu sahədə qəzet və jurnalların sayının da ildən-ilə azaldığı müşahidə olunmaqdadır. Qərb jurnalistika və araşdırma mərkəzlərinin fikrincə, elmin müxtəlif sahələri üzrə ixtisaslaşan jurnalistlər var ki, bu da məsələyə nisbətən məhdudlaşan bir istiqamətdə daha obyektiv yanaşmanı və dəqiqliyi təmin edir.

Amerika Birləşmiş Ştatlarının aparıcı mətbuat orqanlarından olan “Nyu-York Tayms” qəzetinin müxbiri qeyd edir ki, “əvvəllər ətraf mühit və ekologiyadan yazan jurnalistlərin bir qismi bu gün biznes və başqa istiqamətlərə yönəlməkdədirlər. Bunun isə səbəbi milli və ya yerli xüsusiyyətlərdir.”

Ənənəvi kütləvi informasiya vasitələri tərəfindən elmin proqram tipli onlayn mənbələrinin yaradılması təqdirəlayiq hal olardı. Bu, özünü doğrultmuş təcrübədir və bir sıra xarici media orqanlarında rast gəlmək mümkündür. 2012-ci ilin aprelində “Nyu York Tayms” və “Hufinqton Post” qəzetləri onlayn mənbə xüsusiyyətlərinə görə ən yüksək media mükafatı olan “Pulitser”ə layiq görülmüşlər.

Əlbəttə, yeni informasiya mühitində yaranan imkanlar, mahiyyətcə limitsiz bilgi mənbələrinə giriş imkanı verir. Sosial Media və Veb 2. texnologiyaları vasitəsi ilə elmi jurnalistikanın məzmun və davamlılıq göstəricilərini artırmaq, onlayn bloq və digər səhifələrdə aktivlik yaratmaq imkanları da öz növbəsində genişlənməkdədir.

İki yoldan biri...

Doğrudur, xarici təcrübədə auditoriyanı yanlış istiqamətləndirən, hətta cəmiyyətdə şok effekti yaradan xəbər və digər məzmunlara da az rast gəlinmir. Əslində, Qərb ölkələrində sahələr üzrə alim və mütəxəssislər elmi jurnalistikaya maraq göstərir, tədqiqatların elmi nəticəsi haqqında çap olunacaq materialları da müfəssəl və dəqiq olsun deyə özləri yazır.

Maraqlı nüans odur ki, elmi-publisistik üslubda yaza bilməyəcək və təcrübəsi olmayan bir çox elm adamları isə bu işdən ümumiyyətlə, kənar dayanırlar. Bir məqamı da qeyd etmək lazımdır. Müntəzəm dövriliyi ilə seçilən yanlış informasiyaların yayılması fikir ayrılığı və doğru anlamamaqdan da irəli gəlir ki, burada proseslərin bu səviyyəyə qalxmasını fəaliyyət istiqamətlərinin zəif inteqrasiyası ilə əlaqələndirmək lazımdır.

Proseslər dedikdə isə burada elmi məzmunun dərki və təsvirindən öyrəniləcək rəyə qədərki işlər nəzərdə tutulur. Bunların bir-biri ilə əlaqələndirilməsi düzgün və ardıcıl hesablanmazsa nəticə ictimaiyyətdə çaşqınlıq yarada bilər.

Azərbaycanda elmin təbliği və gözləntilər

Bu gün Azərbaycan jurnalistikasının bu və ya digər formalarda yenilənmə sürəcinə başladığı müşahidə olunur. Yeni proqramlar maarifləndirmə funksiyasından uzaq olsa da, peşəkarlığa cəhd göstərilir və bu bəyəniləndir. İctimaiyyət ölkə mətbuatından oxumaq üçün daha operativ və yeni üslubda, daha zəngin qəzet, jurnal səhifələri, radiolardan daha informativ, eləcə də televiziyalardan sürəti çoxaldılan milliləşdirilmiş proqramlar deyil, daha maraqlı, bilgili, maarifləndirici, hər kəsin izləyə biləcəyi nümayişlər hazırlamağı istəyir.

Bu mənada KİV elmi jurnalistika sahəsində xarici təcrübədən yararlanaraq ölkədə kifayət qədər intellektli və böyük auditoriya qazana bilər. Əvvəllər bu sahədə ixtisaslaşan elmi jurnallar çıxardı, qəzet səhifələrində tez-tez elmi məqalələrə rast gəlinərdi. Amma indi müasir informasiya banklarında belə milli məzmunda bu sahəyə aid məlumat əldə etmək müşkül məsələyə çevrilib. Ali təhsil ocaqlarının Jurnalistika fakültələrində bir fənn kimi də tədris olunmayan “elmi jurnalistika” elm və onun populyarlaşması yolunda bəlkə də, ən böyük əngəllərdən biridir.

Əlbəttə ki, ölkəmizdə elm deyərkən ilk düşünülən məkan Azərbaycan Milli Elmlər Akademiyasıdır. Özünün çoxsaylı alim və mütəxəssis heyəti ilə Azərbaycan elminə yeni-yeni töhfələr qazandıran Akademiya hər gün inkişafa doğru bir az da irəliləyir. Qlobal elm mühiti ilə səsləşən araşdırmaları, ekspedisiya və tədqiqatları ilə tanınan Azərbaycan alimləri də artıq elmi jurnalistikanın yoxluğundan gileylənirlər. AMEA-nın prezidenti, akademik Akif Əlizadə öz çıxışlarında elmin təbliği işinin, bilavasitə bu sahəyə diqqətin vacibliyini xüsusilə vurğulamışdır.

Sözün bütün mənalarında elmə əsaslanan istənilən fikir, informasiya düzgün istiqamətdən xəbər verir. Müşahidələr göstərir ki, ümumiyyətlə, istinad mədəniyyəti, elmə əsaslanma ölkəmizdə hələ tam formalaşmayıb və bu da elmi jurnalistikanın formalaşmasına ehtiyacın olduğunu göstərir.


Müəllif: