30 Oktyabr 18:35
279

99 il öncə. 30 oktyabr 1918-ci il.

Egey dənizində yerləşən Limni adasının Mudros limanında Aqamemnon (mifik yunan kralının adına) hərbi gəmisində Azərbaycan üçün önəmli olan bir müqavilə imzalandı.

25 maddədən ibarət olan bu məğlubiyyət sənədini Osmanlı tərəfdən nümayəndə heyətinin rəhbəri Hüseyn Rauf bəy təsdiqlədi. Bu maddələrdən ikisi Azərbaycanın taleyini həll etdi.

Maddə 11: “İranın şimal-qərb hissəsindəki Osmanlı qoşunlarının dərhal hərbdən əvvəlki hüdudunun gerisinə çəkilməsi ilə bağlı əvvəlcədən verilən əmr icra ediləcəkdir. Cənubi Qafqazın əvvəlcədən Osmanlı qoşunları tərəfindən qismən təxliyyəsi əmr edildiyi üçün qalan qoşunlar müttəfiqlər tərəfindən vəziyyət yerindəcə tədqiq edildikdən sonra tələb olunarsa, təxliyyə ediləcəkdir”.

Bu o demək idi ki, Bakını bolşeviklərdən azad edən, Nuru paşanın komandanı olduğu Qafqaz İslam Ordusu Azərbaycanı tərk etməlidir.

Maddə 15: “Cənubi-Qafqaz dəmiryollarının hələ də Osmanlı nəzarətində olan hissələri də daxil olmaqla bütün dəmiryollarına Müttəfiqlərin nəzarətçiləri yerləşdiriləcək və onların tam və sərbəst istifadəsinə veriləcək. Xalqın ehtiyaclarının qarşılanması məsələsinə diqqət ediləcək. Bu hökm Batumun və Bakının işğal altına alınmasını da ehtiva edir. Osmanlı hökuməti Bakının müttəfiqlər tərəfindən işğalına qarşı çıxmayacaq”.

Bu maddə ilə isə Bakı müttəfiqlər tərəfindən işğal edildiyi təqdirdə Osmanlı artıq heç bir şey edə bilməyəcəkdi.

Müqavilənin imzalanmasından 11 gün sonra Bakıda hüznlü bir gecə təşkil edildi.

Noyabrın 10-u, bazar günü, axşam Bakı ictimai klubunda Azərbaycan hökuməti Nuru paşanın və türk zabitlərinin şərəfinə ziyafət verdi. Ziyafətdə 400 nəfər azərbaycanlı ziyalı və zabit iştirak etdi. “Yaşasın Nuru paşa”, “Yaşasın Osmanlı və Azərbaycan orduları” kimi şüarlar səsləndi. Nuru paşa salona saat 8-də daxil oldu və 4 saat iştirak etdi. Çünki o, artıq Bakını tərk etməli idi…

Beləliklə, Mudros müqaviləsi ilə Azərbaycan Türkiyədən ayrıldı. Azərbaycanın dəmiryol xətləri də müttəfiqlərin nəzarətinə verildi. Osmanlının tarixdən silinməsinə isə cəmi 5 il vardı. Amma tarixdən təkcə xanədanlıq deyil, dövlətin özünün də silinməsi təhlükəsi vardı. Məhz belə bir ərəfədə tarix Mustafa Kamal paşanı səhnəyə çıxardı və o, istiqlal savaşı apararaq bugünkü Türkiyəni qurdu. Amma təəssüf ki, artıq Azərbaycan bolşeviklər tərəfindən işğal edilmişdi. Türkiyə Azərbaycana Məmduh Şövkət Əsəndalın timsalında xalqımız arasında çox sevilən səfir göndərsə də, Sovet Azərbaycanı faktiki müstəqil dövlət deyildi. Necə ki, tezliklə Əsəndal başqa ölkəyə göndərildi, çünki artıq SSRİ imperiyası qurulmuşdu.

Beləliklə, 99 il öncə 30 oktyabr tarixində Osmanlı I Dünya Müharibəsində məğlub olduğu üçün Bakının işğalı, dəmiryollarının itirilməsi ilə barışmağa məcbur oldu.

***

Tarixdə rəmzlər önəmlidir. Məhz 99 il sonra yenə 30 oktyabr tarixində Türkiyə və Azərbaycandan alınan dəmiryolu xətti ilə bağlı yeni bir mühüm hadisə baş verdi.

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak etdilər.

Prezidentin çıxışındakı bu fikir çox önəmli idi: “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.

Ərdoğan isə bu önəmli tarixlə bağlı bunları dedi: “Bakı-Tbilisi-Qars dəmir yolu 6 milyon ton yük və 1 milyon sərnişin daşıya biləcək. 2030-cu ildə 17 milyon ton yük, 3 milyon sərnişin daşınacaq. Hazırda Çindən Avropaya ildə 240 milyon ton yük daşınır. Bu yükün 10 faizi belə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınsa, bu, 24 milyon ton olacaq".

Dəmiryolunun istifadə verilməsi ilə bağlı Avropa İttifaqı da müsbət bəyanat verdi.

Bütün bunlar göstərir ki, Mudrosda itirilənlər 99 il sonra Bakıda qazanıldı…


Müəllif: Dilqəm Əhməd