1 Noyabr 2017 09:12
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi “Ziyalı sözü” layihəsinin növbəti tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, layihənin budəfəki qonağı şair, jurnalist, politoloq Elçin Mirzəbəyli olub. Binəqədi rayon Gənclər Evində keçirilən görüşdə GTM-in üzvləri, nüfuzlu universitetlərin tələbələri və media nümayəndələri iştirak ediblər.

Tədbiri açan GTM-in və layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verib, E.Mirzəbəylinin yaradıcılığından söz açıb. E.Mirzəbəylinin eyni zamanda ədəbiyyat, jurnalistika, rejissorluq, politologiya kimi müxtəlif sahələrdə çalışdığını deyən F.Həsənzadə bunun səbəbi ilə maraqlanıb.

E.Mirzəbəyli müxtəlif sahələrlə məşğul olması və əldə etdiyi uğurlar haqqında danışıb:

“İnsan necə görünürsə, əslində odur. Ona qədər olan bütün tarixçələr, əldə etdiyi uğurlar sadəcə bu obrazın aşkara çıxması üçün bir vasitədir. Müxtəlif sahələrlə məşğul olmaq təkcə insanın öz istəyi, meyli ilə bağlı olmur. Həyat insanı bir sahədən digərinə ata bilər. Ancaq həyat səni müəyyən bir yerə atdısa, yol səni bu istiqamətə gətirdisə, bundan yeganə çıxış yolu düşdüyün yerdə özünü təsdiqləməkdir. Bunu kimsə üçün yox, özün üçün etməlisən. Yəni, özünə “mən bunu elədim” deyə bilmək üçün. Mənim də yollarımın haçalı olması və bu yollarda qazandığım müəyyən uğurların səbəbi odur ki, özümü özümə təsdiqləməyə çalışmışam. Bir tək ədəbiyyatda sübuta ehtiyacım olmayıb. Çünki bu, Allah vergisidir. Ədəbiyyata heç zaman peşə kimi baxmamışam. Şairlik vəzifə deyil. Mən bir ədəbiyyat adamı kimi öz içimdən gələn hisslərimi, duyğularımı yazmağa çalışıram”.

Tədbirin gedişi zamanı gənclər onları maraqlandıran sualları şairə ünvanlayıb. Görüş diskusiya şəklində davam edib.

Şair özünə ədəbi əcdad hesab etdiyi yazarlardan danışarkən deyib:

“Mən ədəbiyyat adına nə oxumuşamsa, kimi oxumuşamsa, Nizamidən başlamış Pasternaka kimi hamısını özümə müəllim hesab etmişəm. Ancaq ədəbiyyatda ardıcıllıq məsələsi bir az fərqli yanaşma tələb edir. Çalışmaq lazımdır ki, heç kimin ardıcılı olmayasan. Ona görə də müəyyən mərhələdə həm milli, həm də dünya ədəbiyyatını kifayət qədər çox mütaliə etmişəm. Amma bir zamandan sonra çalışdığım qədər fəlsəfi əsərləri, Sartrı, Freydi, Nitşeni, Kamyunu və başqalarını oxumağa başladım. Bu əsərlər son nəticədə insanın xarakterinin, dünyagörüşünün formalaşmasına gətirib çıxarır. Əsas məsələ odur ki, ədəbiyyat sənə nə verir? Ona görə də mən artıq seçilmiş əsərləri oxuyuram. Söhbət ruhən yaxınlıqdan gedirsə, Azərbaycan ədəbiyyatından Nəsimini özümə daha yaxın hiss edirəm. Vaxtilə mənim elmi işim də sufizmlə bağlı olub. Buna görə onu araşdırırdım deyə, o fəlsəfəni başa düşməyə, içinə daxil olmağa çalışırdım. Mənim üslubumu araşdırmaçılar sərt modernizm kimi qiymətləndirirlər. Azərbaycanda bu üslubda yazan ikinci yazar yoxdur. O baxımdan kimə bənzədiyimi dəqiq bilmirəm. Şeiri texniki iş hesab etmirəm. Halbuki, şeiri texnika ilə yazan şairlər var. Mən həmin an hansı fikir, hansı misra gəlirsə, onu yazıram. Ona görə də adətən şeirlərim qısa olur”.

Görüş iştirakçılarının böyük əksəriyyətinin xanımlar olmasına diqqət yetirən qonaq deyib:

“Çox maraqlıdır ki, Azərbaycanda poeziyanı, ədəbiyyatı daha çox xanımlar sevirlər. Bu, sevindirici haldır. Çünki kişi övladın tərbiyəsində heç bir rola malik deyil. Xanımların ədəbiyyatı sevməsi və yaxşı əsəri dəyərləndirməsi, gələcək Azərbaycan nəslinin formalaşması üçün çox mühüm amildir”.

Şaiq bəzən müxtəlif müəlliflərin şeirlərinin bir-birinə bənzəməsi haqqında deyib ki, şeirlər hisslərin məhsulu olduğundan, hətta bir-birini tanımayan, heç zaman oxumayan şairlərin belə şeirləri, hansısa fikirləri bir-birinə bənzəyə bilər.

“Məşğul olduğunuz sahələrdən hansı sizə daha yaxındır” sualına E.Mirzəbəyli cavab olaraq deyib ki, əslində bunların hamısını birlikdə qəbul etmək lazımdır:

“Rejissorluq, jurnalistika, ədəbiyyat yaradıcı sahələrdir. Buna görə də bir-birinə çox yaxındırlar. Politologiyanın əsasında isə analitika, yəni təhlil dayanır. Eləcə də rejissorluğun əsasında bu var. Çünki rejissor da hansısa hadisələri şərh edir. Əgər bunların hamısında uğur qazandığım hesab olunursa, bunun yeganə səbəbi odur ki, bu sahələrin hər birini sevirəm. Əgər insan bir işlə məşğul olub, digərini sevdiyini deyirsə, onda deməli, o, birinci öz-özünə xəyanət edir. Üç istiqamət mənim həyatımı təmin etdiyim fəaliyyət sahələrim, peşəmdir, ədəbiyyat isə peşəm yox, ruhi qidamdır”.

“Bəzən dünyanın ən gözəl şeiri ən adi, hətta əhəmiyyətsiz bir nüansdan da yarana bilir. Bu da ondan irəli gəlir ki, uzun zamanın hissi, xatirələri yığılır və bircə anda hansısa xəfif qığılcımla alışır və şeirə dönür”. Şair bu sözləri “Şeirləriniz adətən nəyin təsiri ilə yaranır?” sualına cavab olaraq deyib.

İştirakçılara qonağın din və elm haqqındakı düşüncələri də maraqlı olub.

Şair bu haqda verilən sualı belə cavablayıb:

“Dinlə elmi qarşı-qarşıya qoymaq və üz-üzə gətirmək yalnışdır. Biri ruhi qidadır, digəri isə dünyanın inkişafına, texniki tərəqqiyə, insanlara rahat həyat bəxş edən istiqamətdir. Bu yanaşma son dövrlər Azərbaycan cəmiyyətində daha çox kök salmağa başlayıb. Mən tez-tez bu məsələlərə münasibət bildirirəm. Din ehkamdır, yəni müzakirə olunmur. Amma elm müzakirəsiz inkişaf edə bilməz. Deməli, dində elm yoxdur. Avropa bu yolları bizdən daha tez keçib. Orada xristianlıq elmdən ayrıdır. İnsan bütün gün dindən danışırsa, o, psixoloji xəstədir. Allah insanın içindədir. İbadət edirsənsə, ona edirsən, yəni özünə edirsən. Bunu başqalarına nümayiş etdirməyə gərək yoxdur. Dinlər insanlara yol göstərmək üçün yaranıblar. Ancaq dövr dəyişdikcə, onlarda da dəyişmələr olmalıdır, inkişaf getməlidir. Bütün dinləri oxuyub öyrənmək lazımdır. Bu, həm də mədəni faktordur. Ağılla, şüurla dərk edilməlidir. Mənim üçün mənəvi yüksəlişin digər bir tərəfi də elmdir”.

Görüş iştirakçılarından biri E.Mirzəbəylinin şair Bəxtiyar Vahabzadə haqqında çəkdiyi filmi xatırlayıb və filmin yaranma tarixi ilə maraqlanıb. Bu haqda şair deyib:

“Onunla aramızda qəribə bağlılıq vardı. 1988-ci ildə mən “Azərbaycan marşı”nı yazmışdım. 1989-cu ildə mənim təqdimatımı ilk dəfə efirdən Bəxtiyar Vahabzadə səsləndirib, bu marş haqqında danışıb. Mənim heç xəbərim də yox idi. Sonra mən burada olmadım, uzun müddət görüşə bilmədik. Qayıdandan sonra bir dəfə rastlaşdıq, mənimlə görüşmək istədiyini dedi. Mənim xarakterimsə elə idi ki, həmişə hər kəsdən qaçırdım. O, həmişə istedadlı gənclərə dəstək olub, onları qoruyub. Ona qarşı həmişə içimdə sevgi olub. Görüşlərimizin birində ürəyimdən keçdi ki, onun haqqında bir film çəkim, sevgimi və mənə etdiyi yaxşılıqların minnətdarlığını belə bildirim”.

Tənqid haqqında danışarkən E.Mirzəbəyli deyib:

“Dostlar çox zaman insana kənardan baxa bilmirlər. Hardasa o sevgi mane olur. Portret olaraq məni ən düzgün Əflatun Amaşov təsvir edib”.

Daha sonra iştirakçılar şairin “Ya sevda bitəcək, ya daş bitəcək”, “Səni gözləyirəm” və başqa şeirlərini səsləndiriblər.

Şair özü isə gənclərin istəyi ilə “Bizim bu şəhərdə heç kimimiz yox”, “Elə darıxasan”, “Fotolarda saralır saçımızın qarası”, “Mən sənə Tanrının əmanətiyəm”, “Bir gün mən olmasam” və sair şeirlərini oxuyub.

Sonda şair imzalı kitablarını iştirakçılara hədiyyə edib.


Müəllif: Səxavət