2 Noyabr 2017 10:27
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai iaşə sektorunda satılan brend spirtli içkilərin əksəriyyəti kontrafaktdır, saxtadır .

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, qaçaqmal içkilərin satılması faktları da az deyil: “Ölkədə turistlərin sayının artması ilə əlaqədar ictimai iaşə sektorunda canlanma müşahidə olunur. Turistlər barlarda, kafelerdə daha çox brend spirtli içkilərə üstünlük verirlər. HORECA (qonaqpərvərlik sənayesi və ictimai iaşə sektoru) bazarında kontrafakt (saxta) malların satışı ciddi narahatlıq yaradır. Keyfiyyətsiz alkoqolun istifadəsi nəticəsində insan səhhətinə ciddi zərər verən fəsadlar yarana bilər. Hətta belə hallar ölümə də gətirib çıxarar.

Xarici vətəndaşın səhhətində problem yaransa, ölkənin də imici zərbə altına düşər. Ona görə də turizm müəssisələri kimdən nə alır, bu haqda ciddi düşünməlidirlər”.

Samir Dübəndi bildirib ki, barmen və menecerlər alkoqolun mənşəyini öncədən aydınlaşdırır, daha sonra sifariş verirlər: “Malın çatdırılmasını isə “xırda alverçilər”lə yanaşı rəsmi distribütorların riyakar əməkdaşları da öz öhdəsinə götürür. Bəzi hallarda qazanc məqsədilə kontrafaktın alınmasının və realizasiya edilməsinin təşəbbüskarı sahibkarlar özləri də olurlar.

2015-ci ildə Azərbaycanda tütün məmulatının, etil spirtinin və alkoqollu içkilərin istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Bu isə adıgedən biznes seqmentin inkişafını stimullaşdırıb. Eyni zamanda dövlət nəzarəti mexanizmları təkmilləşdirilib və sanksiyalar sərtləşdirilib. Pərakəndə satış istisna olmaqla alkoqol içkilərin nəğd pulla satılmasına görə cinayət məsuliyyəti tətbiq edilib. Əfsuslar olsun ki, hələ də HORECA sahəsində çalışan bir çox müəsissə və onların işçiləri əhalinin və xarici qonaqların səhhətini riskə məruz qoyur, alkoqollu içkiləri həm də “küçə alverçiləri”ndən əldə edirlər”.

Samir Dübəndi qeyd edib ki, bir çox işbazlar brend spirtli içkilərin boş qablarını utilizasiya qiymətindən qat-qat baha alırlar: “Məsələn, əgər bir spirtli içki qabının utilizasiya qiyməti 4-10 qəpikdirsə, brend içkinin qabı 2-4 manata alınır. Bu isə onu göstərir ki, qab ikinci istifadəyə qaytarılaraq saxta malın əmtəə vasitəsinə çevrilir.

Onu da deyim ki, alkoqol içkilərin gecə satışı da aktivləşib. Qaranlıq düşdükdən sonra bir çox “gecə alverçiləri” obyektlərə kontrafakt və qaçaqmal çatdırırlar”.

Qeyd edək ki, Avropa Şurasının EUİPO İntellektual Mülkiyyət üzrə İdarəsinin rəsmi göstəricilərinə görə, alkoqol içkilərin kontrafakt bazarı Avropa istehsalçılarına ildə 1.3 milyard avrodan artıq zərər gətirir. Bu isə Avropa bazarının ümumi satış həcminin 3.3 faizini təşkil edir.


Müəllif: İlhamə Əbülfət