2 Noyabr 2017 16:11
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Teleqraf Media Qrupu”nun rəhbəri Aynur Camalqızı Lider TV-də yayımlanan Mətanət Ağamirlinin müəllifi olduğu “Sədadan sonra” proqramının qonağı olub.

Axar.az xəbər verir ki, bir neçə gün öncə açılışı olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin ölkə və region üçün əhəmiyyətindən danışan A.Camalqızı bu layihəni Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik bir layihə ilə müqayisə edib:

“Bakı-Tiflis-Qars dəmir yolunun açılışı çox böyük tarixi əhəmiyyətli və qlobal hadisədir. Çünki BTQ Asiya ilə Avriopanı birləşdirəcək çox optimal bir nəqliyyat vasitəsidir. Mən bu tarixi dəmir yolunun siyasi əhəmiyyətini vurğulamaq istəyərdim. Vaxtilə Bakı-Tiflis-Ceyhan neft kəməri öz icrasına başlayan zaman həmin layihəni bölgədə təhlükəsizliyin və stabilliyin qarantı kimi təqdim edirdilər. Tamamilə haqlı idilər. Eyni zamanda, bu layihə Azərbaycanın həm də müstəqilliyinin qarantı idi. Hesab edirəm ki, siyasi əhəmiyyətinə görə Bakı-Tiflis-Qars dəmir yolu xəttini məhz Bakı-Tiflis-Ceyhan layihəsi ilə müqayisə etmək olar”.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev BTQ-nin Azərbaycanın liderliyi ilə həyata keçirilməsi üçün nə lazımdırsa, edib:

“Bir vacib məsələni qeyd edim ki, məsələn Qərb dairələri, Avropa İttifaqı bu layihənin həyata keçirilməsində o qədər də maraqlı deyildilər. Məsələn, bu layihə ilə bağlı 2005-ci ildə 3 ölkənin prezidenti bəyannamə imzaladı. Ancaq onun tikintisi iki il gecikdi. 2005-ci ildə imzalanan bəyannamənin icrasına 2007-ci ildə başlanıldı. Bu nə ilə bağlı idi? Avropa və Qərb çox istəyirdi ki, bu layihədə Ermənistan da iştirak etsin. Onlar istəyirdi ki, Bakı-Tiflis-Qars yox, Tiflis-Gümrü-Qars dəmiryolu xətti çəkilsin və bu qlobal layihədə Ermənistanın da iştirakı təmin olunsun. Məhz Azərbaycan prezidentinin gərgin zəhməti və fəaliyyəti nəticəsində bu erməni havadarlığının qarşısı alındı.

Bu layihənin həyata keçirilməsi üçün o zaman Avropa İttifaqı kredit də vermədi. Azərbaycan bu məsələdə də kredit verən bir dövlət rolunu oynadı, Gürcüstana 25 illik kiçik faizlə 220 milyon dollar həcmində kredit ayırdı. Bununla da layihənin icrasına başlanıldı”.

A.Camalqızı BTQ-nin Azərbaycan adına çox böyük uğur olduğunu və bunun gələcək nəsillərə hesablandığını söyləyib:

“Uzun illər biz bunun faydasını görəcəyik. Azərbaycanın büdcəsinə bu layihənin böyük qatqıları olacaq. Siz özünüz də şahidi oldunuz ki, bu dəmiryol xəttinin təqdimat mərasimində regionun böyük dövlətləri iştirak etdi. Qazaxıstan, Gürcüstanın, Özbəkistanın baş nazirləri, Tacikistan və Türkmənistan böyük nümayəndə heyəti ilə mərasimə qatıldı. Və əlbəttə ki, qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bu tədbirdə iştirak edirdi. Düşünürəm ki, bunun region üçün, xüsusilə Orta Asiya üçün böyük əhəmiyyəti var. Bu layihə reallaşması həm də türkdilli xalqların daha da yaxınlaşmasına təkan verəcək”.

“Teleqraf Media Qrupu”nun rəhbəri vurğulayıb ki, Qərb bu məsələdə Azərbaycanın real gücü və iradəsi ilə barışmalı oldu:

“Baxmayaraq ki, vaxtilə Avropa ölkələri Azərbaycanın bu layihədə iştirakını istəmirdilər. Ancaq reallıq Azərbaycanın bölgədə necə lider bir dövlət olduğunu ortaya qoydu. Şübhəsiz ki, istər Avropa, istərsə də Qərb bu reallığı qəbul etdi və hazırda bu layihəni dəstəkləyirlər. Bu layihənin həm siyasi, həm də iqtisadi əhəmiyyəti çox böyükdür. Təsəvvür edin, Çindən Avropaya qədər böyük bir marşrutu əhatə edən nəqliyyat dəhlizidir. Əvvəl Çindən Avropaya 62-64 gün müddətinə göndərilən yüklər artıq bu layihə ilə 12-15 gün ərzində çatdırılacaq. Bu artıq vaxt itkisinin qarşısı almaq, həm də ucuz marşrut xətti deməkdir. İlkin müddətdə nəzərdə tutulub ki, bu layihə ilə 1 milyon sərnişin daşınması və 6.05 milyon ton yük daşınması həyata keçirilsin. Ancaq növbəti mərhələlərdə bu rəqəmlər artan xətt üzrə hərəkət edəcək. Düşünürəm ki, bu da iqtisadiyyatımız üçün böyük uğurdur”.

A.Camalqızı BTQ Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin qarantı rolunu oynayacağını bildirib:

“Dünyada və regionda siyasi ziddiyyətlərlərin pik həddə çıxdığı, iqtisadi böhranın baş alıb getdiyi bir dönəmdə Azərbaycan ortaya çox ciddi bir iş qoyur. Belə bir layihə ilə meydana çıxır. Bu hadisə bütün siyasi dairələr tərəfindən yüksək qiymətləndirilməlidir. Bu həm də əlahinin sosial durumunun yaxşılaşdırılmasına, yeni iqtisadi layihələrin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına təkan olacaq. Əhali ölkə prezidentinə onsuz da çox inanırdı. Bu layihənin həyata keçirilməsi ilə insanlar bir daha anladılar ki, Azərbacan prezidenti nə edirsə, Azərbaycanın və Azərbaycan xalqının gələcəyi üçün edir”.

O, artıq dünyada hər kəsin Azərbaycanın Cənubi Qafqazın açar dövləti olduğunu anladığını bildirib:

“Mən işimlə əlaqədar erməni mediasını da izləyirəm. Erməni politoloqları çox ciddi şəkildə müzakirə edirdi bu məsələni ki, necə etmək lazımdır ki, Ermənistan bu qlobal layihədə iştirak etsin. Siz görün İlham Əliyevin uzaqgörənliyi, fəhmi sayəsində necə bir situasiya yaranıb. Artıq Ermənistan çalışır ki, Azərbaycanla münasibətləri normallaşdırsın, Azərbaycanın lider olduğu layihələrdə iştirak edə bilsin. Bununla biz həm də Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ məsələsində Azərbaycanın əlinin necə gücləndiyinin şahidi olduq.

Artıq bütün dünyada anlayırlar ki, Azərbaycan bu regionun açar dövlətdir. Bölgəmizdə heç bir iqtisadi layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Vaxtilə Bakı-Tiflis-Ceyhan neft kəmərinin istifadəyə verilməsi vaxtı Azərbaycan prezidenti növbəti bir layihənin anonsunu vermişdi ki, bu da Bakı-Tiflis-Qars dəmiryolu layihəsi idi. Bu gün Azərbaycan prezidenti Bakı-Tiflis-Qars dəmiryolunun açılış mərasimində növbəti bir qlobal layihənin anonsunu verir. Bu da Şimal-Cənub dəhlizinin tikintisi ilə bağlı idi. Düşünürəm ki, bu çox mühim bir mesajdır. Ölkə prezidenti göstərmək istədi ki, Azərbaycanın bu regionda həyata keçirdiyi layihələr davamlıdır və heç nə ilə Azərbaycanın bu regionda fəaliyyətini məhdudlaşdırmaq mümkün deyil. Əksinə Qərb və Avropa Azərbaycanla tərəfdaş kimi çıxış etməyə məcburdurlar”.


Müəllif: Teleqraf.com