2 Noyabr 2017 16:15
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəmizə səfərinin səmərəli və maraqlı keçdiyini və bunun Azərbaycan ilə dostluğun möhkəmləndirilməsi baxımından önəmli olduğunu qeyd edib.

Enerji sektorunun ölkələrimiz arasında əməkdaşlıq üçün ən əsas sahə olduğunu deyən Linda Lanzillotta TAP layihəsinə ölkəsinin sadiqliyini vurğulayıb və əminliklə bildirib ki, bu, həm də Azərbaycan ilə İtaliya arasında əlaqələrin genişləndirilməsi üçün çox əhəmiyyətlidir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərə toxunan qonaq İtaliyanın ölkəmizlə infrastruktur, kənd təsərrüfatı sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib. “Milan Expo-2015” sərgisini xatırlayan Linda Lanzillotta bu sərgidə Azərbaycan pavilyonunun çox böyük maraqla qarşılandığını və yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyev uğurla inkişaf edən İtaliya-Azərbaycan ikitərəfli əlaqələrinə ölkəmizin böyük önəm verdiyini deyib və İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayaraq burada neft ixracının başlıca rol oynadağını xüsusi qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində TAP layihəsinin böyük əhəmiyyət daşıdığını deyib və bu layihənin qrafikə uyğun olaraq uğurla icra edildiyini və işlərin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev eyni zamanda Cənub Qaz Dəhlizinin digər hissələrində, o cümlədən “Şahdəniz”, Cənubi QafqazBoru Kəmərində işlərin 100 faiz, TANAP layihəsində isə 80 faizdən çoxunun yerinə yetirildiyini deyib. Qlobal enerji təhlükəsizliyi layihəsi kimi Cənab Qaz Dəhlizinin əhəmiyyətini vurğulayan dövlət başçısı İtaliyanın Azərbaycanın əsas qaz ixrac edəcəyi ölkələrdən biri olduğunu qeyd edib və bunun əlaqələrimizin inkişafı üçün xüsusi önəm daşıdığını deyib.

Ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha fəal iş aparılmasının vacibliyini qeyd edən dövlət başçısı hazırda əsas diqqətin digər istiqamətlərə - sənaye, kənd təsərrüfatı, infrastruktur, nəqliyyata yönəldilməsinin zəruriliyini bildirib. Azərbaycanda icra olunan layihələrdə İtaliya şirkətlərinin iştirakına toxunan Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı Bakıda və regionlarda həyata keçiriləcək infrastruktur və digər layihələrdə iştirak etmək üçün İtaliya şirkətlərini Azərbaycana dəvət edib.

Görüşdə Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları və onların daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com