2 Noyabr 22:46
627

17:29

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamda deyilir:

"Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayev Ulduz Xeyrulla oğlu

Hüseynov Aqil Həmid oğlu

Hüseynov Qalib Sirac oğlu

İsgəndərova Nigar Vəliş qızı

Mustafayev Musa Musa oğlu

Mustafayev Valeh Azad oğlu

Talıbov Natiq Həsən oğlu".

***

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:

Əhmədova Tamella Əhməd qızı

Məmmədli Bəhram İdris oğlu

Məmmədov Əkbər Comard oğlu

Məmmədov Ramazan Salam oğlu

Nağıyev Əli Həsən oğlu

Pənahəliyeva Məlahət Ömər qızı

Səmədov Muxtar Məmməd oğlu".

***

Azərbaycan Prezidenti İlham Əliyev Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"2018-ci ilin may ayında Azərbaycanın görkəmli kimyaçı alimi, əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110 illiyi tamam olur.

Murtuza Nağıyev zəngin fəaliyyəti sayəsində Azərbaycan elminə dəyərli töhfələr vermiş və kimya üzrə yeni istiqamətin yaradıcısı kimi yüksək nailiyyətlər qazanmış alimlərdəndir. O, kimya texnologiyası ilə əlaqədar komplekslərin riyazi modelləşdirilməsinin bünövrəsində dayanan nəzəriyyənin əsas prinsiplərini işləyib hazırlamış, kimyəvi proseslərin tədqiqində klassik ənənələrdən fərqlənən yeni yanaşma üsulu müəyyən etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanda kimya elminin, neft kimyası və texnologiyasının inkişaf etdirilməsi, həmçinin yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması sahəsində mühüm xidmətlərini nəzərə alaraq akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Murtuza Nağıyevin 110 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 356) ləğv edilsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair 2017-ci il iyunun 27-də Varşava şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası Hökumətinə bildiriş göndərsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikinti təhlükəsizliyi üzərində dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikinti təhlükəsizliyi üzərində dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1504 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, maddə 200; 2017, № 6, maddə 1105, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1591 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci və 2.2-ci bəndlərdə “322.0.7,” rəqəmlərindən sonra “322.0.9, 322.0.10,” rəqəmləri əlavə edilsin.

2. 2.4-cü bənddə “322.0.1 və 322.0.7-ci” sözləri “322.0.1, 322.0.7, 322.0.9 və 322.0.10-cu” sözləri ilə əvəz edilsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddələr 428, 431, № 8 (III kitab), maddə 614; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743; 2007, № 10, maddə 945; 2008, № 6, maddə 496; 2009, № 9, maddə 687; 2011, № 2, maddə 85; 2014, № 4, maddə 364, № 9, maddə 1064; 2015, № 7, maddə 842; 2016, № 11, maddə 1814) 6-cı hissəsindən “Bakı Dövlət Universiteti,” sözləri çıxarılsın".

***

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 669-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 may tarixli 1422 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1504 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 669-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 may tarixli 1422 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 826) 3-cü hissəsində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının infrastruktur və tikinti naziri və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının infrastruktur və tikinti naziri və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında 2017-ci il iyunun 27-də Varşava şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası Hökumətinə bildiriş göndərsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında dəmiryol daşımaları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında dəmiryol daşımaları sahəsində strateji əməkdaşlıq haqqında 2017-ci il iyunun 27-də Varşava şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə və əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə və əməkdaşlıq haqqında 2017-ci il sentyabrın 15-də Vyentyan şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanını “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1330) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulaya “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

2. 2-ci hissəyə “dövlət orqanı” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxs” sözləri əlavə edilsin.

3. 5-ci hissəyə “dövlət orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

***

Azərbaycan Prezidenti İlham Əliyev “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanını “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 1399 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 107; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulaya “dövlət orqanlarının” (hər iki halda) və “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

2. 4.2-ci və 6.1-ci bəndlərə “dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

3. 5-ci hissəyə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin.

4. Həmin Fərmanla təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə” üzrə:

4.1. 1.1-ci bəndə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin və həmin bənddə “və dövlət orqanlarının” sözləri “, dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları)” sözləri ilə əvəz edilsin;

4.2. 1.2-ci bənddə (hər iki halda), 2.1.3-cü yarımbənddə və 3.6-cı bəndin ikinci cümləsində ismin müvafiq hallarında “dövlət orqanları” sözləri ismin müvafiq hallarında “dövlət qurumları” sözləri ilə əvəz edilsin".


Müəllif: Teleqraf.com