2 Noyabr 19:32
75

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə “Xəzər-2017” beynəlxalq təliminə start verilib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda keçirilən təlimə FHN-nin Akademiyasında başlanılıb.

Tədbirdə fövqəladə hallar nazirinin müavinləri - təlimin rəhbəri general-leytenant Etibar Mirzəyev, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirinin müavini Vladlen Aksenov, İranın daxili işlər nazirinin müavini İsmail Nəcər, habelə Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində komitə sədrinin müavini Marat Kuldikov, Türkmənsitan Müdafiə Nazirliyinin baş idarə rəisi Pənah İlyasov, eyni zamanda Azərbaycanın Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd və Dövlət Təhlükəsizlik xidmətlərinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin, Dövlət Neft Şirkətinin və “BP” Şirkətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə, təlim iştirakçıları Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar. Sonra qonaqlar FHN-in Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Mərkəzi” ilə tanış olublar.

Tədbiri açıq elan edən E.Mirzəyev iştirakçıları salamlayaraq bildirib ki, FHN xarici dövlətlərlə, xüsusən də Xəzəryanı dövlətlərlə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir və təşkil edilmiş beynəlxalq təlim də bu diqqətin bariz nümunəsidir. O, FHN-in xarici dövlətlərin müvafiq qurumları ilə təlimlərdə yaxından iştirak etdiyini, eyni zamanda fövqəladə hallara qarşı birgə mübarizə sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb. Bu tədbirin Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə Bakıda keçirilən ilk beynəlxalq təlim olduğunu vurğulayan nazir müavini qeyd edib ki, təlimə ümumilikdə 1100 nəfər şəxsi heyət, 208 texnika, 2 təyyarə, 5 helikopter, 8 gəmi və 8 xüsusi təlim görmüş it cəlb edilib. Nazir müavini bu tədbirin baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində birgə əməkdaşlığın inkişaf etdirilməsində böyük rol oynayacağına ümidvar olduğunu bildirib, təlim iştirakçılarına uğurlar arzulayıb.

Təlimdə çıxış edən Xəzəryanı dövlətlərin müvafiq qurumlarının şəxsi heyət rəhbərləri dəvətə və təşkilatçılığa görə FHN-ə təşəkkürlərini bildiriblər.
Beynəlxalq təlim 3 noyabr 2017-ci il tarixində Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində davam etdiriləcək.


Müəllif: Teleqraf.com