2 Noyabr 2017 21:24
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti “Dini ekstremizmə və xurafatçılığa qarşı mübarizədə qadınların rolu” adlı layihə çərçivəsində Zaqatalanın Maqov və Yuxarı Tala kəndlərində tədbir keçirib.

Teleqraf.com xəbər verir ki, seminar-treninqi Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin əməkdaşı İlqar Vəliyev açaraq milli dəyərlərimizin qorunması və təbliğində Zaqatalada və rayonun kəndlərində görülən işlərdən danışıb: “Zaqatala milli, dini və etnik müxtəlifliyə görə Respublikada ən böyük rayonlardan biridir. Rayonda milli dəyərlərimizin qorunması, vətəndaşlarımızın öz adət- ənənələrini yaşatması, dini ibadətlərini sərbəst yerinə yetirməsi üçün rayon rəhbərliyi tərəfindən çox gözəl şərait yaradılıb. Rayonumuzda Bakı İslam Universitetinin Zaqatala filialı, qadınlar üçün xüsusi Quran öyrətmə kursu fəaliyyət göstərir. Vətəndaş Cəmiyyətlərinin Dövlət strukturları ilə birlikdə xüsusən qadınlar arasında belə maarifləndirici tədbirlərin keçirilməsini təqdirə layiq hesab edirəm".

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnarə Kərimova İslamda qadın haqlarından danışaraq deyib: "Bu gün Azərbaycan dünya ölkələri arasında tolerantlığın, çoxmədəniyyətliliyin məkanı kimi tanınır. Ölkəmizdə vətəndaşların bütün sahələrdə olduğu kimi dini sahədə də hüquqlarının qorunması qanunla tənzimlənir. Bu gün Beynəlxalq Konvensiyalarda qadınlara şamil edilmiş “Qadın Hüquqları” 1400 il əvvəl Qurani-Kərimdə qeyd edilib. İslam qadınlara çox böyük dəyər verir. Ayələrdə qadınlar kişilərdən ayrı tutulmur. Bu gün bəzən ayrı-ayrı bölgələrdə islamdan sui-istifadə edərək fanatizm və mövhumatı təbliğ edən dini ektremist qruplar qadınları və uşaqları dini dəyərlərdən uzaqlaşdırmağa çalışırlar".

D.Əliyeva adına AQHMC-nin nümayəndəsi Cəmilə Səmədova erkən nikahlardan, boşanmalardan və mənəvi dəyərlərimizə dəyən zərbələrdən danışıb: “Çox təəssüflə qeyd etmək istəyirəm ki, bu gün erkən nikahlar bölgələrdə daha çox yayılıb. Bu cür ailələr daha tez dağılır. Ailələrin çoxu dini kəbinə üstünlük verdikləri üçün rəsmi nikaha girmirlər. Xahiş edirəm ki, övladlarınız ailə qurarkən bu Məcəlləni əsas tutasınız və dini kəbin kəsilməsinə son qoyulsun".

Layihənin koordinatoru Əntiqə Qurbanova İslamda elm və təhsil məsələlərindən geniş danışaraq İslamda təhsil almaqda qadınlarla kişilərə fərq qoyulmadığını, Qurani-Kərimdə 796-dan çox ayədə onlara təhsilin vacib buyurulduğunu dedi. Cahillikdən, radikallıqdan uzaq olmağın yolu ancaq maariflənmədən, islam dəyərlərini, islam mədəniyyətini öyrənməkdən keçir. – deyən layihə koordinatoru tədbirlərin sonunda göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə, Maqov kənd bələdiyyəsinə, Yuxarı Tala 4 saylı kənd məktəbinin direktoru Almaz xanım Abdurrahmanovaya təşəkkür edib.


Müəllif: Teleqraf.com