3 Noyabr 2017 19:52
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin sosial sifarişi əsasında “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyi tərəfindən müvafiq layihə çərçivəsində uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə tanış olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbir zamanı nazir ölkədə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasının daim diqqətdə saxlandığını, bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını vurğulayıb:

“Hazırda nazirliyin sifarişi ilə müxtəlif təşkilatlar tərəfindən 70-dən çox sosial xidmət layihəsi icra olunur ki, onlardan 67 layihə məhz uşaqlarla bağlıdır. Eyni zamanda bu layihələrin sayı da ildən ilə çoxalır. Məsələn, ƏƏSMN-nin sosial sifarişləri əsasında müvafiq təbəqədən olan uşaqlara reabilitasiya yönümlü sosial xidmətlərin göstərilməsi üzrə layihələrin sayı bu il ötən illə müqayisədə iki dəfədən çoxdur. Bu layihələr çərçivəsində sosial xidmətlərlə əhatə olunan uşaqların sayı iki dəfədən çox artaraq 4046 nəfərə çatıb”.

Səlim Müslümov deyib ki, qeyd olunan layihələr çərçivəsində hazırda 13 rayonda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin məqsədilə günərzi xidmət mərkəzləri yaradılıb:

“Həmçinin sosial sifarişlər üzrə layihələrə uyğun olaraq 23 rayonda sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətləri mərkəzi, 22 rayonda isə sosial reabilitasiya xidmətləri mərkəzi, 2 surdoloji mərkəz, autizm sindromlu uşaqlar üçün 2 reabilitasiya mərkəzi fəaliyyət göstərir”

Daha sonra Səlim Müslümov “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyinin sədri Validə Abbasovanın uğurlu iş təcrübəsi ilə seçildiyini diqqətə çatdırıb:

Tədbirdə “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyi tərəfindən müvafiq layihə çərçivəsində uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətləri nəzərdən keçirilib.


Müəllif: İlhamə Əbülfət