4 Noyabr 01:51
69

Bu gün BMT-nin İnkişaf Proqramı, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi nin Gəncə şəhərində elektron hökumət və elektron iştirak imkanlarının təkmilləşdirilməsi təlimi öz işinə başlayıb.

BMT-in Bakı ofisindən Teleqraf.com-a daxil olan məlumata görə, təlimdə Gəncə və ətraf rayonlardan olan 70-dən çox hökümət nümayəndəsi, iş adamı və vətəndaş cəmiyyəti mütəxəssisi, eləcə də beynəlxalq və yerli mütəxəssislər iştirak edib. Onlar vətəndaşların ictimai xidmətlərə çıxışını, məşğulluq imkanlarını, regionlarda dövlət qulluqçularının İKT potensialının gücləndirilmək üçün ən yaxşı beynəlxalq təcrübəni, elektron imza və elektron sənəd kimi məsələləri müzakirə ediblər.

İştirakçılar həmçinin e-Hökumət və e-İştirak konsepsiyalarının qlobal inkişaf tendensiyaları və infrastrukturu, internet təhlükəsizliyi, eləcə də e-Hökumət portalı və onun xidmətləri haqqında məlumatlandırılıblar.

Təlim çərçivəsində «Elekteon Azərbaycan» maarifləndirici toplunun təqdimatı keçirilib. Kitabçada elektron hökumətin infrastrukturu və onun əsas komponentləri, e-Gov.az elektron hökumət portalı, portalda mövcud olan xidmət qrupları, elektron imza və onun tətbiq sahələrindən bəhs edilir.

Təlimin sonunda iştirakçılara BMT-nin İnkişaf Proqramı Azərbaycan Nümayəndəliyinin sertifikatları təqdim edilib.

Təlim kursu Azərbaycanda İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi layihəsi çərçivəsində təşkil olunub.


Müəllif: Cavad