4 Noyabr 2017 12:28
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 9-dan etibarən hər həftənin dördüncü günü Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobus reysi fəaliyyətə başlayır.

Avtovağzaldan Teleqraf.com-a verilən məlumata görə, artıq Bakı-Xarkov-Poltava- Kiyev reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir.

Avtobus Rusiyanın ərazisindən keçərək, 40 saat yol qət etməklə mənzil başına çatacaq.

13 noyabr tarixindən isə hər həftənin birinci günü yerli vaxtla 15:00-da Kiyev-Xarkov-Bakı (2668 km) istiqamətində avtobus reysi Kiyev Mərkəzi Avtovağzalından həyata keçiriləcək.

Avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manatdır.

Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur.

Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar “Wi-Fi” şəbəkəsi ilə təchiz edilib.

Sərnişinlərin yol boyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub.

Əlaqə üçün (012) 499 70 38, (012) 499 70 39 saylı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.


Müəllif: İlhamə Əbülfət