4 Noyabr 16:26
113

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Kolumbiyanın Kartagena şəhərində keçirilən Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının (AIOEA)1-ci iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Aydın Əliyev ilk olaraq İspaniyanın Gömrük Agentlikləri Assosiasiyasının Prezidenti və Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının (AIOEA) prezidenti Antonio Llobet de Pablo ilə görüşüb.

Komitə sədri Azərbaycan gömrüyünün inkişaf yolu, ölkənin gömrük xidmətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və bu islahatların beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsindəkiönəmindən bəhs edib. Aydın Əliyev diqqətə çatdırıb ki, Azərbaycan

qanunvericiliyində səlahiyyətli iqtisadi operatorlarla (SİO) bağlı müvafiq tənzimləmələr həyata keçirilib və ölkə SİO-ların təşkili və inkişaf etdirilməsində maraqlıdır.

İspaniyanın Gömrük Agentlikləri Assosiasiyasının Prezidenti və Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq

Assosiasiyasının (AIOEA)prezidenti Antonio Llobet de Pablo isə öz növbəsində SİO-ların inkişaf etdirilməsində lazımi dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Görüşdə səlahiyyətli iqtisadi operatorlar institutlarının təşkili və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Aydın Əliyev eyni zamanda, İspaniyanın “Atletiko Madrid" komandası və Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" futbol komandası arasındakı möhtəşəm oyunlara da toxunaraq sözügedən assosiasiyaların rəhbərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycan torpaqarının bir hissəsinin - Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi barədə məlumat verib.

Sonda DGK sədri üzərində xarı bülbül təsviri əks olunan "Qarabağ" adlı qalstuku İspaniya Gömrük Agentləri Assosiasiyasının və Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pabloya hədiyyə edib.

Aydın Əliyev daha sonra Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyasının (ASAPRA) prezidenti Alfonso Rojas və dünyaca məşhur "Grupo 365" logistika şirkətinin prezidenti Xose Antonio Vidales ilə görüşüb.

Görüşdə logistika və səlahiyyətli iqtisadi operatorlarla bağlı beynəlxalq təcrübə, bu sahədə yeniliklər, müasir tələb və çağırışlar, eləcə də qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.


Müəllif: İlhamə Əbülfət