14 Noyabr 09:23
115

Qida Təhlükəsizliyi Agentliyinə müstəsna səlahiyyətlər verilməlidir. Qurum öz sahəsi üzrə istənilən məsələyə operativ və cəld müdaxilə edə bilməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

AİB sədrinin sözlərinə görə, bu il fevralın 10-da prezident fərmanı ilə yaradılması nəzərdə tutulan qurumun əsas funksiyası ölkədə qida təhlükəsizliyinin tam təmin edilməsi olacaq:

“Agentlik yarandıqdan sonra Kənd Təsərrüfatı, İqtisadiyyat və Səhiyyə nazirliklərinin bir sıra funksiyaları ona veriləcək”.

AİB sədrinin sözlərinə görə, bu sahədə dünya təcrübəsinin Azərbaycanda tətbiqi çox gərəkli olar.

Eyyub Hüseynov 3 ay qabaq bu sahədə təklifləri müvafiq quruma təqdim etdiklərini deyib. O, eyni zamanda qida təhlükəsizliyi haqqında qanunun qəbulunu da zəruri sayır.

Qeyd edək ki, 10 fevral 2017-ci il tarixli prezident fərmanı ilə ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, eləcə də agentliyin fəaliyyətini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.

Komissiyanın sədri, Baş nazirinin müavini Əli Əhmədov bu yaxınlarda jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı işlər davam etdirildiyini bildirib:

“Prezidentin fərmanı ilə həmin qurumun üzərinə çox böyük vəzifələr qoyulub. Azərbaycanda əhalinin sağlam qida ilə təmin olunması istiqamətində atılan addımlar çox böyük əhəmiyyət kəsb edir”.

P.S. Ötən gün prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə təsdiq edilib.


Müəllif: Şəfiqə Nazimqızı